Məhkəmə qərarları › İş №3(005)-1587/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1587/2021

16.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1587/2021 16.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, X1, Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 iştirakları ilə, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 19.01.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 19.01.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda (Arif Heydərov küçəsindəki 22 saylı evin qarşısında) ona məxsus olan sahəsi 21,32 kv.m olan qeyri-yaşayış binası (qaraj) vardır. Həmin qarajı o, 06 oktyabr 2018-ci ildə notariat qaydasında təsdiq olunmuş müqavilə əsasında alqı-satqı yolu ilə əldə etmiş və bu barədə həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qeyri-yaşayış binası— qarajın ona məxsus olması barədə 18 oktyabr 2018-ci ildə 04/6432 inventar nömrəli Texniki pasport verilmişdir. Onu da qeyd etmək istəyir ki, alqı-satqı yolu əldə etdiyi həmin qeyri-yaşayış binasından (qarajdan) təxminən 30 ilə yaxın idi ki, avtoyuma məntəqəsi kimi istifadə edilirdi. Qaraj kimi qeydiyyatda olan qeyri-yaşayış sahəsindən o da avtoyuma məntəqəsi kimi istifadə etmiş və buna görə də “Azərsu” və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətləri ilə də bağlanmış müqavilələri vardır. Həmin obyekt Bakı şəhər Vergilər İdarəsində də avtoyuma məntəqəsi kimi qeydiyyata alınmışdır. Lakin avtoyuma məntəqəsi qonşu binada yaşayan bir sıra sakinlərin şikayəti əsasında orada səs-küy yaranması səbəbi ilə 14 dekabr 2020-ci il tarixdən etibarən bağlanmış və elə həmin vaxtdan da fəaliyyət göstərmir. Qeyd etdiyi kimi qonşu binada yaşayan bir sıra sakinlərin şikayəti əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən avtoyuma kimi istifadə edilən qarajın ətrafında monitorinq keçirilmiş və səs-küy səviyyəsinin normadan yüksək olması barədə 23 dekabr 2020-ci il tarixdə 65418 №-li akt tərtib edilmişdir. Elə həmin tarixdə də bu səbəbdən onun barəsində MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sonradan məlum olduğu kimi bir müddət sonra, yəni 19 yanvar 2021-ci il tarixdə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən şəxsin 19 yanvar 2021-ci il tarixli MN seriyalı ******* №-li inzibati tənbeh vermə haqqında Qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə şəklində tənbeh növü tətbiq edilmişdir. Həmin qərar təxminən beş ayın tamamında - bu ilin iyun ayında icra edilmək üçün yaşayış yeri üzrə Bakı şəhəri Nizami rayon İcra şöbəsinə tapşırılmış və bu barədə ona həmin İcra şöbəsindən poçt vasitəsilə iyun ayının 21-də bildiriş göndərilərək, ona həmin qərardan onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət etmək hüququmun olması izah edilmişdir. Həmin inzibati tənbehi tamamilə əsassız hesab edir. Belə ki, həqiqətən avtoyuma məntəqəsi kimi istifadə etdiyi qaraj yaxın binada yaşayan bir sıra sakinlərin şikayətindən sonra 14.12.2020-ci il tarixdə birdəfəlik bağlanmış və həmin vaxtdan etibarən qarajın qapısı hər hansı bir məqsədlə olursa-olsun bir dəfə də açılmamışdır. Bu barədə həmin ərazinin daxil olduğu Nərimanov rayonu 18 saylı MKİS-in vermiş olduğu müvafiq arayış da vardır və həmin arayışı da şikayətinə əlavə etmişdir. Belə olduğu təqdirdə, başa düşə bilmir ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları həmin tarixdən, yəni 14.12.2020-ci il tarixdən sonra əvvəllər avtoyuma məntəqəsi kimi istifadə edilən qarajın ətrafında hansı qaydada monitorinq keçirmişlər və səs-küyün səviyyəsinin yüksək olmasını necə təyin eməsi sual doğurur. Həmin fakt 23 dekabr 2020-ci il tarixdə tərtib edilmiş aktın əsassız və saxta olmasını birmənalı şəkildə təsdiq edir. Bundan əlavə, yuxarıda qeyd edildiyi kimi onun barəsində İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsinə əsasən 2500 (iki min beş yüz) manat məbləğində cərimə təyin edilmişdir. Həmin məbləğdə cərimə yalnız inzibati xətanı törətmiş vəzifəli şəxsin barəsində tətbiq edilə bilər. Başa düşə bilmir ki, hansı əsasa görə o vəzifəli şəxs hesab edilir. Yəqin ki, buna bir aydınlıq gətirilməlidir. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsində vəzifəli şəxsin anlayışı açıq-aydın verilmişdir və buna görə də hesab edir ki, o, əsassız olaraq inzibati məsuliyyətə cəlb edilsə belə, vəzifəli şəxs hesab edilə bilməz. Buna görə də barəsində qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 19.01.2021-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 3(005)- 1587/2021 saylı qərarı ilə şikayət qismən təmin edilmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 19.01.2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilmiş, X7 barəsində Azərbaycan Respublikası İXMnin 275.2-ci maddəsi ilə inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3(103)-2438/2021 nömrəli, 28.10.2021-ci il tarixli qərarına əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 3(005)- 1587/2021 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş şikayət qismən təmin edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X7 məhkəmədə şikayətin dəlillərinə uyğun şəkildə çıxış edərək təmin olunmasını xahiş etdi. İzahatında həmçinin göstərti ki, o, sahibkardır, vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X10 məhkəmədə müvafiq fotoşəkilləri təqdim edərək şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan 23 dekabr 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokolun surətindən görünür ki, 19.11.2021-ci il tarixdə ünvan 2 ünvanında fəaliyyət göstərən avtoyuma məntəqəsində yaranan səs-küy səviyyəsinin normadan artıq olması (çirklənməsi) müəyyən edilmişdir. X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 19.01.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın surətindən görünür ki, ünvan 2 ünvanında fəaliyyət göstərən avtoyuma məntəqəsində yaranan səs-küy səviyyəsinin normadan artıq olması (çirklənməsi) müəyyən edilmişdir. X3 Azərbaycan Respublikası İXM-nin 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi görə barəsində 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 23 dekabr 2020-ci il tarixli, 654118 nömrəli aktdan görünür ki, Ağa Nemətullah küçəsi 24 (A.Heydərov küçəsi 22 nömrəli evin qarşısı) ünvanında yerləşən X5 məxsus avtoyuma məntəqəsində yoxlama aparılarkən həmin ünvanda X5 məxsus qeyri-yaşayış obyektində avtoyuma məntəqəsinin fəaliyyət göstərdiyi müəyyən edildi. Araşdırma zamanı Milli Hidrometeorologiya Xidmətinin mütəxəssisləri tərəfindən məntəqənin ətraf ərazilərində monitorinq keçirilmiş və səs-küy çirklənməsinin səviyyəsinin 64.7 dBA təşkil edərək ətraf mühit üçün yol verilə bilən normasından artıq olması müəyyən edilmişdir. İş materiallarında olan 18 saylı MKİS tərəfindən verilən 013087 nömrəli, 30.06.2021ci il tarixli arayışdan görünür ki, A.Heydərov küçəsi 22 №-li evin qarşısında yerləşən avtoyuyucu kimi fəaliyyət göstərən qaraj 14.12.2020-ci ildən bağlıdır, fəaliyyət göstərmir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3(103)-2438/2021 nömrəli, 28.10.2021-ci il tarixli qərarında qeyd edilir ki, birinci instansiya məhkəməsi X4 hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olub- olmamasını müəyyən etməmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamənin surətindən göründüyü kimi, X7 29.11.2018-ci il tarixdən sahibkar kimi qeydiyyata alınmışdır, yəni X7 vəzifəli şəxsdir. Belə ki, İXM-in 17-ci maddəsinin qeyd hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə hesab edir ki, X4 tərəfindən inzibati xətaya yol verilməməsi, həmçinin inzibati icraat qaydalarının pozulması barədə dəlilləri əsassız olmaqla hər hansı sübutla əsaslandırılmamışdır. Onun 14.12.2020-ci il tarixdən sonra əvvəllər avtoyuma məntəqəsi kimi istifadə edilən qarajın bağlı olması barədə dəlilləri də məhkəmə iclasında araşdırılan sübutlarla tam təkzib olunur. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 23 dekabr 2020-ci il tarixli, 654118 nömrəli aktından və təqdim edilmiş fotoşəkillərdən göründüyü kimi, qeyriyaşayış obyektində avtoyuma məntəqəsinin fəaliyyət göstərdiyi müəyyən edilir. İXM-in: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir; 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması və mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 19.01.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 19.01.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar