Məhkəmə qərarları › İş №3(005)-1588/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1588/2023

22.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1588/2023 22.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Zaqatala rayonunun Y.Tala kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş 22 may 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində olarkən "xxxx" hesabına AZN yatırım etməklə “İxbet Mobi” saytından qumar oyununda iştirak etməklə 61685 manat uduş qazanmışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili X2 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, "xxxx" QSC-nin direktoru Mətləb Vəliyev ərizə ilə DİN-in BMCMİ-yə müraciət edərək Şəxs tərəfindən ölkə xaricindəki mərc saytlarından pul köçürmələrinin etdiyi məlum olduğunu, bu səbəbdən Şəxs məxsus pul qabının bloklandığını bildirmişdir. Araşdırma zamanı vatsap tətbiqində yazışmaların əks olunduğu ekran şəkillərindən məlum olmuşdur ki, ***-***-**-** mobil telefon nömrəsi ilə "xxxx" QSC-nin nümayəndəsi ilə yazışan şəxs Şəxsdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində olarkən "xxxx" hesabına AZN yatırım etməklə “İxbet Mobi” saytından qumar oyununda iştirak etməklə 61685 manat uduş qazanmışdır. Şəxs barəsində cinayət işinin başlanılmasının rədd edilməsinə dair xx.xx.2023-cü il tarixli qərar qəbul edilmiş və həmin qərar əsasında da inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilib izahatında göstərmişdir ki, əməlindən səmimi peşmandır. Yekunda barəsində maddənin sanksiyası həddində yüngül tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 22 may 2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və inzibati protokolu tərtib etmiş şəxsin, eləcə də inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxsin törətdiyi əməli etiraf edib əməlindən səmimi peşmanlıq çəkməsini inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində qazanılmış uduş -61.685 (altmış bir min altı yüz səksən beş) manat müsadirə edilməklə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək qazanılmış uduş - 61.685 (altmış bir min altı yüz səksən beş) manat müsadirə edilməklə 3000 manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar