Məhkəmə qərarları › İş №3(005)-1594/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1594/2021

05.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1594/2021 05.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş 28.06.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv olunması barədə qərar qəbul edilməsinə dair X2 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş 28.06.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv olunması barədə qərar qəbul edilməsinə dair X3 şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 28.06.2021-ci İl tarixində Nərimanov Rayon Polis İdarəsinin Polis Baş X5 tərəfindən, İnzibati Xətalar Məcəlləsinin 290.1.4-cü maddəsi ilə 200 manat məbləğində cərimə edilmişdir. 28.06.2021-ci il tarixində “Dədə Qorqud” parkı ətrafında iti ilə gəzişərkən ona polis əməkdaşları yaxınlaşaraq onun cilovlu itini xüsusi ilə itlərin gəzdirilməsi nəzərdə tutulan gəzdirdiyi yerdə burundağsız olduğuna görə İXM 190.1.4.-ci maddəsinə əsasən cərimə edəcəyini bildirib, protokol tərtib etmiş, lakin ona təqdim etməmişdir. Yalnız 29.06.2021-ci il tarixində ona cərimə olunduğu barədə sms gəlmişdir. MN ******* nömrəli protokol hadisə ilə bağlı bildirmək istərdi ki, onun iti “Labrador” adlanan cinsdəndir. Bu cinsdən olan itlərə burundağ taxmaq tələb olunmur, habelə it hələ baladır, 1 yaşı var və bunu da polis əməkdaşına bildirmişdir. Belə ki, bu cinsdən olan itlər dünyanın ən təhlükəsiz və aqressiyası olmayan it cinsinə aiddir. Labrador cinsli itlər, təbiətlə ünsiyyətdən zövq almaq istəyən və bataqlıqdan it qovmaq məqsədi güdməyən ovçu itlərdir. Ağıllı və itaətkar, şəfqətli, əsl dost. Həddindən artıq ürəyi yumşaq, aqressiyası və ya kobudluğu olmayan cinsdir, təbiətcə xeyirxahdır. Labrador, özünəməxsus keyfiyyətlərinə görə yoldaş, bələdçi, xilaskar kimi istifadə edilə bilən, partlayıcı maddələr və narkotik maddələr axtaran bir ov itidir. Əslən İngiltərə itlər cinsinə aid olan bu it, İngiltərəlilər tərəfindən ova gedərkən yoldaş olması məqsədi ilə çıxarılan bir cins növüdür. Əsla insanlarla bir işi olmayan, yalnızca ov edərkən quşlara reaksiya verən özünə şikar kimi yalnız çöl quşlarını görən bir it cinsidir. Lakin şəhər şəraitində heç bir şəkildə zərər verə bilən it cinsi deyil. O, evdə it saxlamağa qərar verərkən, preoritet kimi zərərsiz it olmasını nəzərində saxlayıb seçimimi “Labrador” cinsində saxlamışdır. Yalnız iş keyfiyyətləri sayəsində deyil həm də şəhər şəraitində rahat saxlama, mükəmməl qeyriaqressiv xarakter və digər ev heyvanları ilə yaxşı ünsiyyət qurma bacarığı sayəsində bu cins itlərə burundag taxmağa ehtiyac yoxdur. Mütəxəssis rəyinə görə, bu cins itlərin pis xasiyyəti yalnız onların həddindən artıq mehriban, ürəyi yumşaq və incə olmasıdır. Bundan başqa, “Labrador” cinsli itlər qanunun müddəasında qeyd olunduğu kimi iri itlər sinfinə aid deyil, öz xüsusiyyətlərinə görə, orta itlər sinfinə aiddir. Belə ki bu qərarla bağlı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin www.mia.gov.az saytına onlayn şikayət etmişdir. Şəklini nəzirinizə çatdırmışdır.(Qoşma M14), X8 Nazirliyi tərəfindən (00İ-43Q73M-4121) nömrəsi ilə icraata alınması barədə mobil telefonuna sms göndərilmişdir. Lakin Daxili işlər Nazirliyi tərəfindən şikayətə cavab verilməmişdir. Göstərilən əsasları və qeyd olunan halları nəzərə alıb Nərimanov Rayon Polis İdarəsinin baş leytenantı tərəfindən barəsində inzibati tənbeh vermə haqqında MN ******* saylı 23.06.2021-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci X1 tərəfindən qəbul edilmiş 28.06.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 290.1.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X2 barəsində inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri vəşəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X3 barəsində 28.06.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X3 Azərbaycan Respublikası İXM-in 290.1.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş 28.06.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş yenidən baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş 28.06.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin. X3 barəsində Azərbaycan Respublikası İXM-in 290.1.4-cü maddəsi ilə inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar