Məhkəmə qərarları › İş №3(005)-1595/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1595/2022

07.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1595/2022 07.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nərimanov RPİ-nin X8 Şöbəsi tərəfindən 14 may 2022-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, Nərimanov RPİ TŞ-nin baş təhqiqatçısı O.Məmmədovun 573 nömrəli rədd materialının qərarına əsasən sürücü Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələbini pozaraq avtomobil yolunu keçən piyada X3 vurmuş, piyada E.Əliyev “Yüngül” dərəcəli bədən xəsarəti almışdır. Proses iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə proses iştirakçılarının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edilir: 17 aprel 2022-ci il tarixli, HK-1 N 430 102-4985 nömrəli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 23:13-də vət. X5 “DİN”-nin 102 xidmətinə zəng vuraraq bildirmişdir ki, H.Əliyev prospekti Rəssamlıq Akademiyasının yanında “Opel” markalı **- HV-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurularaq xəsarət almışdır. 17 aprel 2022-ci il tarixli, HK 2 N 4111 nömrəli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 02:01-də, 3 saylı BŞX-dan tibb-bacısı Bünyatova məlumat verərək bildirmişdir ki, Nərimanov rayonu H.Əliyev prospektində baş vermiş yol nəqliyyat hadisəsi zamanı, 2004-cü il təvəllüdlü, X1 dizinin əzilməsi xəsarəti almışdır. xx.xx.2022-ci il tarixli, 2/7933 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, xx.xx.2022-ci il tarixdə Şəxs alkoqol sərxoşluğu vəziyyəti yoxdur ayıqdır. Aparılan araşdırma zamanı Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il saat 19:30 radələrində o, özünə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan 1999-cu il buraxılışlı “Opel Vectra” minik markalı **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi ilə Çerneyevski küçəsi istiqamətindən üzü H.Əliyev prospekti istiqamətində sol zolaqla hərəkətdə olub, qeyd olunan küçələrin kəsişməsinə çatdıqda, idarə etdiyi nəqliyyat vasitəsini piyada zolağının qarşısında saxlayıb, yolu sağdan sola keçən piyadaya yol vermişdir. Həmin piyada avtomobilinin önündən keçəndən sonra o, hərəkətə başlamaq üçün ayağını əyləc pedalından çəkmişdir. Bu zaman avtomobili irəliləyərək ön sağ hissəsi ilə həmin zaman yolu soldan sağa keçən piyadaya toxunmuşdur. O piyadaya toxunduğunu hiss edəndən dərhal sonra avtomobili saxlayıb yerə enmiş və piyadaya yaxınlaşaraq, ondan hər hansı bir xəsarət alıb-almadığını barədə soruşmuşdur. Piyada isə yaxşı olduğunu, lakin ayağında yüngül ağrıların olduğunu bildirdiyi üçün o həmin şəxsi idarə etdiyi avtomobilə mindirib 3 saylı ŞKX-yə aparıb və həkim müayinələrindən keçirtmişdir. Müayinələr zamanı sonuncunun ciddi bir xəsarət almadığı müəyyən edilmişdir. Bu səbəbdən o həmin şəxsi idarə etdiyi nəqliyyat vasitəsinə mindirib yaşadığı ünvana aparmışdır. Aparılan araşdırma zamanı X5 izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il saat 19:30 radələrində o, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində yerləşən avtomobil yolunun, H.Əliyev prospekti ilə kəsişməsində yerləşən hissəsində Exelsior Hotel istiqamətindən əks tərəfə, yəni Rəssamlıq Akademiyası istiqamətində piyada zolağı ilə keçən zaman yolun bir hissəsini keçdikdən sonra həmin küçə ilə üzü H.Əliyev prospekti istiqamətində, piyada zolağının qarşısında dayanmış vəziyyətdə olan “Opel Vectra” minik markalı **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşdür. Həmin avtomobilin dayandığını gördükdən sonra hərəkətini piyada qismində davam etdirdiyi zaman həmin avtomobilin sürücüsü diqqətsizlik edərək avtomobili hərəkətə başlatdırmışdır. Bu zaman avtomobilin ön sağ hissəsi onun sağ ayağına toxunmuşdur. Hadisədən sonra sürücü avtomobili saxlayıb yerə enmiş və ona yaxınlaşaraq, onu idarə etdiyi avtomobilə mindirib 3 saylı ŞKX-yə aparıb həkim müayinəsindən keçirtmişdir. Müayinələr zamanı ciddi bir xəsarət almadığı müəyyən edildiyindən sürücü onu yaşadığı ünvana aparmışdır. Evdə olduğu zaman baş vermiş hadisə barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 tərəfindən verilmiş 18 aprel 2022-ci il tarixli, 384 nömrəli ekspert rəyindən görünür ki, X2 almış olduğu xəsarətlər-sağ aşağı ətrafın gips sarğısı ilə müşayiət olunan sağ dizin əzilməsi küt əşyanın təsirindən törənib, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 29 aprel 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməlində cinayət tərkibi olmadığına görə Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, qərarın sürətinin Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-si vasitəsi ilə Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmişşəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmişşəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət və protest verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar