Məhkəmə qərarları › İş №3(005)-1607/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1607/2020

06.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1607/2020 06.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi ilə, Şikayətçi Salmanov Şəhruz Vidadi oğlunun Bakı şəhəri Nərimanov RPİ-nin 16cı Polis Bölməsinin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN seriyalı ******* saylı protokolun ləğv olunması barədə qərar qəbul edilməsinə dair verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi Salmanov Şəhruz Vidadi oğlunun Bakı şəhəri Nərimanov RPİ-nin 16cı Polis Bölməsinin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN seriyalı ******* saylı protokolun ləğv olunması barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə sms icazəli karantin rejiminin başlanmasından 02 gün əvvəl o, diş həkimindən gələrkən evinin yaxınlığında, əlində əlcək, ağzında maska olmasına baxmayaraq, polis əməkdaşı onu saxlamış və sms icazə tətbiq olunmamasına baxmayaraq sms icazəniz yoxdur deyərək, ona 100 AZN məbləğində cərimə yazmışdır. Etiraz etdiyi zaman polis əməkdaşının cavabı “bu cərimələri mən kiməsə yazmalıyam əks təqdirə polis bölməsinə aparılacaqsan” olmuşdur. Digər vətəndaşın təzyiqlə polis maşınına mindirildiyini görüb, dişində olan ağrıdan dolayı məcburiyyə qarşısında protokola imza atmışdır. Karantin rejimi başlayan müddətdən işsiz qalmışdır. İşlədiyi müəssisə fəaliyyətini dayandırıb. Heç bir gəliri yoxdur, kompensasiya belə almamışdır. Qeyd etdiklərini nəzərə alaraq sms icazədən öncə ona yazılan 100 manatlıq cərimənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, şikayətçi Salmanov Şəhruz Vidadi oğlu və qərarı barəsində şikayət verilmiş Bakı şəhəri Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə işə iştirakları olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən şikayətə qeyd edilən şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, MN seriyalı ******* saylı protokoldan görünür ki, Salmanov Şəhruz Vidadi oğlu tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması hallarına yol vermiş və nəticədə Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1, 99.1.1-ci maddələrnə əsasən inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəblərdən biri də inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsidir. Həmin Məcəllənin 120-ci maddəsinə əsasən bu Məcəllənin 328-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə yerləşdirilmiş inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar həmin anda elektron qaydada, həmçinin müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə yerləşdirilir. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı və ya inzibati xəta haqqında protokol bu Məcəllənin 122.6 və 122.8-ci maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh tətbiq etmə haqqında qərar hesab edildiyi vaxtdan 10 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə belə qənaətə gəlir ki, qanunla inzibati xəta haqqında protokoldan məhkəməyə şikayət verilməsi nəzərdə tutulmadığından, məhkəmə hazırki şikayətin dəlillərinin araşdırılmasını, eyni zamanda təmin edilməsini mümkün hesab etmir. Buna görə də, Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN seriyalı ******* saylı protokoldan Salmanov Şəhruz Vidadi oğlunun verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Salmanov Şəhruz Vidadi oğlunun Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN seriyalı ******* saylı protokoldan Salmanov Şəhruz Vidadi oğlunun verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar