Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1611/2021 06.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Zeynalova Günel Bəxtiyar qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı, 11.02.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı, 11.02.2021 -ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 11 fevral 2021-ci il tarixində Yasamal rayonu ərazisində barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində qeyd edilir ki, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyəb edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində cərimə edilir. Qeyd edir ki, barəsində tərtib olunan protokol polis əməkdaşı tərəfindən rəsmi qaydada ona təqdim edilməmişdir. Protokolun tərtib olunma səbəbi isə hələ də bir vətəndaş olaraq ona bəlli deyil. Qeyd edilən maddənin tələblərinə baxdıqda isə tərəfindən həmin maddənin tələblərinə dair heç bir hüquq pozuntusu törədilməmişdir. Qeyd edir ki, 11 fevral 2021-ci ildə tələbə yoldaşı ilə fərdi qoruyucu maskadan istifadə edərək açıq havada söhbət edən zaman polis əməkdaşı onlara yaxınlaşaraq, ad və soyadlarını soruşmuş və heç bir məlumat vermədən oradan uzaqlaşmışdır. Tərtib edilmiş inzibati xəta haqqında protokoldan isə elektron kabinet vasitəsi ilə məlumat əldə etmişdir. Qanunsuz və səbəbsiz yerə tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğvini və həmin inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş edir. Belə ki, inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən iştirakının təmin edilməməsi ilə hüquqları pozulmuşdur. İnzibati xəta haqqında protokolda İXM-in 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd edilsə də lakin bu halı təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə iclasında şikayətlə müraciət etmiş şəxs X2 şikayəti müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Qeyd etmişdir ki, daimi olaraq qoruyucu tibbi maskadan qanunla nəzərdə tutulan qaydada istifadə edir. 11.02.2021-ci il tarixdə tələbə yoldaşı ilə açıq havada söhbət etdikdə polis əməkdaşları onlara yaxınlaşmış və karantin rejimi qaydalarını pozduğunu bildirmişlər. Baş vermiş hadisədə onun tərəfindən heç bir inzibati xətaya yol verilməmişdir. Eyni zamanda polis əməkdaşı barəsində tərtib etmiş olduğu protokolun bir nüsxəsini ona təqdim etməmiş, sadəcə anket məlumatlarını soruşduqdan sonra həmin ərazidən uzaqlaşmışdır. Barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan təqribən bir aya yaxın müddət ərzində məlumatlı olmuşdur. Göstərilənləri nəzərə alaraq verilmiş şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayətin qərarın ləğv edilməsi hissəsində təmin edilməlidir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin MN seriyalı ******* nömrəli, 11 fevral 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 11.02.2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş üçün əhəmiyyət kəsb edən halların inzibati xəta haqqında qərarda göstərilməməsi, inzibati xəta haqqında qərar qəbul etmiş şəxsin məhkəmə iclasına dəvət olunmasına baxmayaraq gəlməməsi, inzibati xəta haqqında qərarda işin baxılma yeri, hərhansı texniki vasitədən istifadə edilib-edilməməsi barədə qeyd aparılmaması belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, X1 iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Qanunvericiliyin məzmunundan göründüyü kimi İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın hər hansı sübutlar təqdim edilmədən araşdırılması mümkün deyildir. Qərarı barəsində şikayət verilən səlahiyyətli vəzifəli şəxsin nümayəndəsinin məhkəmə iclasında iştirak etməyərək hər hansı sübut təqdim etməməsi hazırki şikayətin dəlillərini ətraflı və düzgün araşdırılmasını mümkünsüz edir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxsin) İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, T. Hüseynovun barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X1 Azərbaycan Respublikası İXM-in 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olmasının qanunla müəyyən olunmuş qaydada müəyyən edilməsi mümkün olmadığı üçün o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 11 fevral 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və işə yenidən baxılması Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı, 11.02.2021 -ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-1611/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1611/2021
06.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver