Məhkəmə qərarları › İş №3(005)-1635/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1635/2021

16.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1635/2021 16.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Zeynalova Günel Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-ci PB-nin 22 iyun 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-ci PB-nin 22 iyun 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarı ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 200 manat məbləğində cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında qərar çıxarılmış X2 inzibati xəta haqqında iş üzrə qərardan məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-ci PB-nin 22 iyun 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qeyd olunan halların heç biri həqiqəti əks etdirmir, tərəfindən bu və ya digər şəkildə heç bir inzibati xəta törədilməmişdir. Belə ki, o, kasıb adamdır, maddi vəziyyəti yaxşı deyil. O, həmçinin, azyaşlı nəvələrinə də baxır. Buna görə də, evinin həyətində 10-15 toyuq saxlayır ki, həmin heyvanların məhsullarından istifadə edərək bir təhər dolanmağa çalışsın. Bu zaman heç kimə maneçilik törətmir, heç kimin hüquqlarına toxunmur, heç kimə zərər vurmur. O, həmin ev heyvanlarının saxlanması qaydalarına əməl etmişdir. Belə ki, onlar üçün ayrıca sahə ayırmış, onlara lazımi qulluq göstərmiş və onların saxlanması ilə bağlı bütün baytarlıq, sanitar-epidemioloji və təhlükəsizlik tələblərinə riayət etmişdir. Həmin heyvanlar başqa şəxslərə zərər vura və səs-küy salaraq başqalarını narahat edə bilməz. Həmçinin, həmin heyvanlara heç bir zərər vurmamışdır. O, ev heyvanları üçün bütün lazımi şəraiti yaratmaqla və onlara lazımi qulluq göstərməklə saxlamış və ev heyvanlarının saxlanması ilə bağlı heç bir qaydanı pozmamışdır. O, həmin ev heyvanlarını hər hansı binanın ümumi həyətində, ictimai yerdə deyil, öz həyətində saxlamışdır. Şikayətə əlavə olunmuş şəkillərdən də görünür ki, o, ev heyvanlarını öz həyətində ayrıca ayrılmış sahədə saxlamış, onlara lazımi qulluq göstərmiş və onların saxlanması ilə bağlı bütün baytarlıq, sanitar-epidemioloji və təhlükəsizlik tələblərinə riayət etmişdir. Lakin buna baxmayaraq inzibati orqanın əməkdaşı yalnız qonşunun şikayətinə və öz mülahizəsinə əsasən, onun barəsində əsassız və qanunsuz inzibati protokol tərtib etmiş, həmin protokol əsasında qəbul edilmiş qanunsuz qərar ilə də o, 200 (iki yüz) manat məbləğində cərimə olunmuşdur. Lakin qanunvericiliyin normasında qeyd olunan hallar hazırkı iş üzrə müəyyən edilməmiş, onun tərəfindən qanunvericiliyin hər hansı norması pozulmamış, həmçinin tərəfindən heç bir inzibati xəta törədilməmişdir. Bu isə inzibati xəta hadisəsinin olmamasını sübut edir. İnzibati xəta o halda törədilmiş hesab olunur ki, hər hansı hüquq pozuntusu mövcud olsun. Beləliklə, Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Bölməsinin MN ******* saylı, 22 iyun 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 şikayətin dəlillərinə uyğun şəkildə çıxış edib, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-ci PB-nin 22 iyun 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Səlahiyyətli orqan olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-ci PB-si məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməlidir İş materiallarından görünür ki: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-ci PB-nin 22 iyun 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 200 manat cərimə edilmişdir. Şikayətə əlavə edilmiş fotoşəkillərdən görünür ki, fotoşəkildəki ev heyvanlarının qadağan olunmuş yerdə saxlanılması və qidalandırılmasına dair heç bir sübut yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.1-ci maddəsinə əsasən ev heyvanlarının qadağan edilmiş yerlərdə saxlanılmasına, qidalandırılmasına, gəzdirilməsinə və ya yetişdirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir. Qanunvericiliyin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 22 iyun 2021-ci il tarixli, MN ******* nömrəli qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən qəbul edildiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində 22 iyun 2021-ci il tarixli, MN ******* nömrəli qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində 22 iyun 2021-ci il tarixli, MN ******* nömrəli qərar heç bir sübuta istinad edilmədən qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin halları baxımından X2 tərəfindən verilmiş şikayət təmin olunaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-ci PB-nin 22 iyun 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin olunsun. X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-ci PB-nin 22 iyun 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar