Məhkəmə qərarları › İş №3(005)-1637/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1637/2025

21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1637/2025 21.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Vəliyev Mahir Tahir oğlunun katibliyi, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə EP seriyalı ******* nömrəli, 15 may 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC 31000.00 ABŞ dolları məbləğində vəsaiti 14 aprel 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 31000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 15 aprel 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi Nümayəndə protokolu müdafiə edərək qeyd etmişdir ki, müəssisə tərəfindən müvafiq ödənişlər iki il ərzində geri qaytarılmamış və ya mallar idxal edilməmişdir. Şirkət tərəfindən təqdim edilmiş bəyannamədə müqavilə nömrəsi 0341 nömrəsi ilə qeyd edilsə də, avans ödənişi 0342 nömrəsi ilə icra edilmişdir. Belə ki, mümkün halda 0341 nömrəsi ilə də mallar idxal edilə bilər və bu yanlışlıq vaxtında aradan qaldırılmalı idi. Bu səbəbdən inzibati xəta törədilmiş hesab edilməlidir. Protokol bunun əsasında tərtib olunmuşdur. Sonda müəssisə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin vəkili X2 bildirdi ki, sözügedən avans ödənişi üzrə mallar ölkə ərazisinə idxal edilmişdir. Lakin, təqdim edilən gömrük bəyannaməsində gömrük brokerinin texniki yanlışlığı səbəbindən müqavilə nömrəsi 0342 yerinə, 0341 olaraq qeyd olunmuşdur. Bu barədə Gömrük Komitəsinə məktub ünvanlanmışdır və məhkəmədən bununla bağlı vaxt verilməsi xahiş edilmişdir. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" ASC-nin 16 aprel.2025-ci il tarixli, 13002-01/31 nömrəli Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış məktubundan görünür ki, banklarda avans köçürmə aparan müştərilər “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydaları”nın 4.3.1.3 bəndinə müvafiq olaraq xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində Azərbaycan Respublikasından kənara qabaqcadan aparılmış ödəniş müqabilində malla (xidmətlərin) idxalını təsdiq edən sənədlərini təqdim etməyən müştərilərin adlaı və köçürməyə aid bütün təsdiqedici sənədləri Banka təqdim edirlər. Müştərilərin ödəniş əməliyyatlarının siyahısında Şəxs MMC-də göstərilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs MMC 31000.00 ABŞ dolları məbləğində pulun ölkə xaricinə köçürülməsi üçün "xxxx" ASC-yə müraciət etmişdir. Gömrük bəyannaməsindən görünür ki, 84530,00 ABŞ dolları dəyərində, 0341 müqavilə nömrəsi üzrə mallar ölkə ərazisinə idxal edilmişdir. Hüquqi məsələlər və məhkəmənin hüquqi mövqeyi: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.11-ci maddəsinə əsasən gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 45/1 nömrəli 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 270 (iki yüz yetmiş) gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda (xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən) bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edir. 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X1 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndində nəzərdə tutulmuş “270 (iki yüz yetmiş)” sözləri “02 (iki) il” sözləri ilə əvəz edilmişdir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, inzibati material üzrə tədqiq edilmiş sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, işdə olan təkzibolunmaz sübutlarla tam təsdiqini tapmışdır. İşin materiallarından göründüyü kimi, Şəxs MMC tərəfindən 14 aprel 2023-cü il tarixdə 31,000.00 ABŞ dolları məbləğində valyuta vəsaitinin avans ödənişi kimi xarici tərəfdaşa köçürülməsi faktı mübahisəsizdir. Azərbaycan Respublikası Mərkəzi X3 28 noyabr 2016-cı il tarixli, 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş və sonradan edilmiş dəyişikliklərlə qüvvədə olan “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinin tələbinə əsasən, qabaqcadan ödənişin aparıldığı gündən 2 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd müvəkkil banka təqdim edilməli, bu baş vermədiyi təqdirdə isə ödənilmiş məbləğ geri qaytarılmalıdır. Bu imperativ normanın tələbi Şəxs MMC tərəfindən pozulmuş, nəticədə 15 aprel 2025-ci il tarixdə inzibati xətanın törədilməsi faktı yaranmışdır. Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında xətanın törədilməsini onunla əsaslandırmağa çalışmışdır ki, idxal əməliyyatına dair gömrük bəyannaməsində müqavilə kodunun texniki səhv nəticəsində fərqli göstərilməsi baş vermişdir. Lakin bu dəlil məhkəmə tərəfindən hüquqi əhəmiyyət kəsb etməyən və məsuliyyəti istisna etməyən hal kimi qiymətləndirilir. Belə ki, valyuta nəzarəti qanunvericiliyinin məqsədi ölkədən valyuta axınının qarşısını almaq və xarici iqtisadi əməliyyatların şəffaflığını təmin etməkdir. Bu məqsədlə qanunvericilik rezidentin üzərinə təkcə malları idxal etmək deyil, həm də bu idxalı müəyyən edilmiş müddətdə və qaydada, lazımi sənədlərlə müvəkkil bank qarşısında təsdiq etmək kimi pozitiv bir vəzifə qoyur. Hüquqi şəxs öz təsərrüfat fəaliyyətini həyata keçirərkən lazımi dərəcədə diqqətli və ehtiyatlı davranmalı (culpa in eligendo et in custodiendo), sənədləşmə işlərini qanunvericiliyin tələblərinə tam uyğun aparmalıdır. Məhkəmə xüsusi olaraq qeyd edir ki, inzibati xəta haqqında iş üzrə icraat 16 may 2025-ci il tarixdən məhkəmənin icraatındadır. Bu müddət ərzində məhkəmə dəfələrlə (altı dəfədən çox) barəsində icraat aparılan şəxsin nümayəndəsinin vəsatətlərini təmin edərək, iddia olunan texniki səhvin aradan qaldırılması və müvafiq təsdiqedici sənədin məhkəməyə təqdim edilməsi üçün ona kifayət qədər vaxt və imkan yaratmışdır. Buna baxmayaraq, Şəxs MMC yalnız 08 iyul 2025-ci il tarixdə, yəni qanunla müəyyən edilmiş müddət bitdikdən və inzibati xəta haqqında protokol tərtib edildikdən xeyli sonra, o cümlədən məhkəmənin ona Gömrük Komitəsinə müraciət üçün kifayət qədər vaxt verməsindən sonra gömrük orqanına müraciət etmişdir. Bu cür uzunmüddətli hərəkətsizlik və məhkəmə prosesi zamanı nümayiş etdirilən laqeydlik, texniki səhv iddiasının subyektiv xarakter daşıdığını və inzibati məsuliyyətdən yayınma cəhdi olduğunu güman etməyə əsas verir. Məhkəmə qərar qəbul etdiyi anadək iddia olunan səhvin düzəldilməsini təsdiq edən heç bir sənəd iş materiallarına təqdim edilməmişdir. Məhkəmə gələcəkdə baş verə biləcək ehtimallara deyil, yalnız işə baxıldığı an mövcud olan sübutlara və hüquqi faktlara əsaslanaraq qərar qəbul etməlidir (quod non est in actis, non est in mundo ). Beləliklə, məhkəmənin daxili inamına görə, Şəxs MMC-nin əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin bütün elementləri – həm obyektiv (qanunvericiliyin tələbinin pozulması faktı), həm də subyektiv (təqsir) tərəfləri mövcuddur. Hüquqi şəxsin təqsiri, öz fəaliyyətində valyuta tənzimi qaydalarına riayət etmək üçün bütün zəruri tədbirləri görməməsində, sənədləşmə işlərinə lazımi nəzarəti təmin etməməsində və pozuntuya yol verməsində ifadə olunur. Məhkəmə, tətbiq ediləcək inzibati tənbehin növünü və həddini müəyyən edərkən İXM-in 9.1-ci maddəsində təsbit edilmiş ədalətlilik prinsipini rəhbər tutur. Xətanın xarakteri, inzibati xətanın bilavasitə obyekti olan valyuta vəsaitinin məbləği nəzərə alınaraq, məhkəmə hüquqi şəxs barəsində İXM-in 430.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbehin minimum həddə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda şərh olunanları, Azərbaycan Respublikası İXM-in 25, 40.0.1, 43, 48-51, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə yekun qərarın qəbul edilməsi üçün əsasların mövcudluğu qənaətinə gəlir. QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 31000.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 6200 ABŞ dolları (ödəniş gününə manatın məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar