Məhkəmə qərarları › İş №3(005)-1639/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1639/2024

12.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1639/2024 12.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Şikayət vermiş şəxsin nümayəndəsi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, Şikayət vermiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şikayət vermiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarına əsasən "xxxx" MMC-nin direktoru X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində cərimə edilmişdir. Qərara əsasən - DİN tərəfindən təqdim edilmiş işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış X9, X3 və İmanov Şakirin adları nazirliyin “Əmək və Məşğulluq” altsistemində qüvvəyə minmədən müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilmişdir. Aşağıdakı əsaslara görə xx.xx.2024-cü il tarixli MN ******* saylı qərar qanunsuz və əsassızdır: qərarda adları keçən X9, X3 və İmanov Şakirin (ata adı qeyd edilməyib) "xxxx" MMC-yə heç bir aidiyyəti yoxdur və onların kimliyi şirkətə ümumiyyətlə məlum deyil. Qeyd edilən hadisənin hansı tarixdə və hansı şəraitdə baş verdiyi şirkətə məlum deyildir. Qeyd edilən şəxslərin "xxxx" MMC-yə aidiyyəti, şirkət üçün hansısa işləri görmələri, hansı tarixdə qeyd edilən hadisənin baş verməsi barədə inzibati xəta tərtib edən orqan məlumat verməmiş və bu barədə heç bir sübut təqdim etməmişdir. Belə olan halda MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərar əsasız və qanunsuz olduğundan ləğv olunmalı inzibati işin icraatına xitam verilmə barədə qərar çıxarılmalıdır. Şikayət vermiş şəxsin nümayəndəsi Nümayəndə bildirmişdir ki, şikayət ərizəsində qeyd olunan 3 nəfərin kimliyi barədə, hansı əraziyə keçdikləri barədə məlumat yoxdur. Bu şəxsləri onlar tanımırlar. 3-cü şəxsin ata adı ümumiyyətlə məlum deyil. Şirkətin adı portalda olduğuna görə onların şirkəti təqsirli bilinmişdir. Hüquqi şəxsin digər fəaliyyətindən xəbəri yoxdur. Onlar tərəfindən müraciət olmamışdır. Şəxslərin Qarabağa, yəni işğaldan azad edilmiş ərazilərə keçib qayıtmaları görsənmir, həmin tarixlər barədə məlumat yoxdur. İcazənin başlanma və bitmə tarixi vardır. Ola bilsin ki, kimsə onların VÖEN-dən istifadə edib portala daxil olmuşdur. Ümumiyyətlə sübutetmə yükü orqanın üzərinə düşür. Eyni zamanda bu 3 nəfərin şirkətə aidiyyəti yoxdur. Yekunda məhkəmədən verilmiş şikayətin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X5 06 iyun 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edərkən bildirmişdir ki, vəzifəli şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən göndərilmiş portal çıxarışına əsasən məsuliyyətə cəlb edilmişdir. Şirkət tərəfindən üç nəfər şəxs müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Araşdırma zamanı həmin şəxslər tərəflərindən dəvət edilməmişlər. Qərar yalnız portal çıxarışına əsasən qəbul edilmişdir. Portalda xx.xx.2024-cü il icazə tarixi müddəti 01 ay olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 4000 manat cərimə edilmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, məhkəmə iclasında araşdırma zamanı inzibati tənbeh vermə haqqında qərarda qeyd edilən işçilərin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işğaldan azad edilmiş ərazilərdə işə cəlb edilməsi ilə bağlı, həmçinin həmin şəxslərin hüquqi şəxslərlə olan bağlılıqlarını sübut edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, səlahiyyətli orqan inzibati araşdırma zamanı yalnız bir sübuta (X8 portaldan çıxarışı) istinad etmişdir. X8 portaldan çıxarışı olsa belə həmin şəxslərin şəxsiyyəti müəyyən edilməmiş və onların hüquqi şəxs tərəfindən işğaldan azad olunmuş ərazilərdə işlərə cəlb edilməsinə dair istiqamətdə hər hansı araşdırma aparılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, X1 əməlində AR İXM-nin 192.1-ci maddəsinin tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət təmin edilməli, qeyd olunan qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 4000 (dörd min) manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar