Məhkəmə qərarları › İş №3(005)-164/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-164/2025

13.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-164/2025 13.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X4, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru məmuru X11 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, xx.xx.2025-ci il tarixdə saat 12:00-da Bakı şəhəri, A.Neymətulla 23 ünvanında Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5795/2016 saylı icra sənədi üzrə borc Şəxs tələb olunmuş lakin, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. MN seriyalı ******* nömrəli inizbati xəta haqqında protokola əlavədən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5795/2016 sayiı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən, borclu Şəxs 45000 ABŞ dolları və 21600 manat məbləğində pul və 24,40 manat ödənilmiş dövlət rüsumu X1 xeyrinə tutulmalıdır.İcra sənədi şöbənin icraatına xx.xx.2017ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu Şəxs ünvanına bildiriş göndərilmiş, lakin icra sənədinin icrası könüllü təmin edilməmişdir, icraata başlamaq haqqında qərar bildirişlə birlikdə borclu tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. İcra sənədinin icrası ilə bağlı borclunun əmlak vəziyyətinin və gəlirlərinin müəyyən edilməsi məqsədilə “Elektron İcra” İnformasiya Sistemindən məlumat çıxarılmış, borclunun adına “Kia Rio minik” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşkar olunmuş, həmin əmlakın üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət edilmiş, Nərimanov Rayon Məhkəməsinin 8(005)-958/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə həmin nəqliyyat vasitəsi üzərinə həbs qoyulmuş və qərardad icra olunması üçün Azərbaycan Respublikası DİN BDYPİ-nə göndərilmişdir. Qeyd edilən icra sənədinin verilməsinə əsas olmuş qətnamənin qəbul edilməsindən öncə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianın təmin tədbiri qaydasında borclunun mülkiyyətində olan ünvan 3 ünvanında 1/9 hissə üzərinə Nərimanov Rayon Məhkəməsinin 2(005)-1398/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadı ilə həbs qoyulmuş, həmin qərardad əsas götürülməklə borclunun mülkiyyətində olan ünvan 3 ünvanında 1/9 hissənin qiymətləndirilməsi məqsədilə "xxxx" MMC-dən qiymətləndirici dəvət edilmiş, həmin əmlak 80000 manat məbləğində qiymətləndirilmiş, həmin qiymətlə açıq hərraca çıxarılmış, xx.xx.2017-ci il tarixli hərracın yekunları barədə protokola əsasən həmin əmlak borcun 80000 manat hissəsinin əvəzi olaraq X1 balansına keçmiş, həmin əmlak söküldüyü üçün Azərbaycan Respublikası iqtisadiyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi qeyd edilən əmlakı X5 adına keçirməkdən imtina etmiş, Ş.Rüstəmova tərəfindən məhkəmələrə verilmiş iddialar rədd olunmuş, nəticədə hərracın yekunları barədə protokol öz əhəmiyyətini itirmiş və borc olduğu kimi qalmışdır. Borclunun adma başqa əmlak aşkar edilməmişdir. Borclu tərəfindən icra sənədlərinin icrası təmin edilmədiyi üçün xx.xx.2023cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə müraciət edilmiş və Nərimanov Rayon Məhkəməsinin 3(005)-1835/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə borclu barəsində 500 manat inzibati cərimə növündə tənbeh tədbiri təqbiq edilmişdir. “Elektron icra” informasiya Sistemindən məlumat çıxarılmış, borclunun adına əmlak aşkar edilməmiş, borclunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyi müəyyən olunmuş, icra sənədi üzrə tələb xx.xx.2023-cü il tarixdə borclunun əmək haqqısının 50 %-nə yönəldilmişdir.İcra sənədi üzrə X8 Ağa qızı xx.xx.2023-cü il tarixdə Şöbəyə ərizə ilə müraciət edərək, borclu Şəxs mülkiyyətində olan Bakı şəhəri, Ə.Ağaoğlu küçəsi, A.Alı küçəsi və Dəmirçizadə küçələrinin kəsişməsində yerləşən yaşayış binasının В blokunun 5-ci mərtəbəsində ümumi sahəsi 90,4 kv.m olan 2 otaqlı, 01 saylı evini alqısatqı ilə özgəninkiləşdirildiyini, borclunun küllü miqdarda pul vəsaiti əldə etdiyini, lakin borcunu ödəməkdən yayındığını bildirmişdir. Bu səbəbdən xx.xx.2023-cü il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə borclu X2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsi, 27 saylı fərdi yaşayış evinin 1/9 hissəsinin "xxxx" MMC tərəfindən sökülüb-sökülməməsi, söküldüyü təqdirdə X3 mənzilin ayrılıb-ayrılmaması, ayrıldığı təqdirdə həmin mənzilin "xxxx" MMC-nin daxili müqaviləsi əsasında Şəxs tərəfindən satılıb-satılmaması, satıldığı təqdirdə satış qiyməti və tarixi barədə məlumatın və bu məlumatları əks etdirən sənədlərin təsdiq olunmuş surətlərinin Nərimanov Rayon İcra Şöbəsinə göndərilməsi ilə bağlı sorğu verilmiş, alınmış xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən, borclu X2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsi, 27 saylı fərdi yaşayış evinin söküldüyü, həmin mənzilin əvəzinə Bakı şəhəri, Ə.Ağaoğlu küçəsi, A.Alı küçəsi və Dəmirçizadə küçələrinin kəsişməsində yerləşən yaşayış binasının В blokunun 5-ci mərtəbəsində ümumi sahəsi 90,4 kv.m olan 2 otaqlı mənzilin verilməsi nəzərdə tutulmuş, sonradan Şəxs qeyd olunan mənzildən X6 xeyrinə imtina etmiş və yeni mənzil X6 adına rəsmiləşdirilmişdir.Borclunun yerini müəyyən etmək mümkün olmadığından onun barəsində xx.xx.2024-cü il tarixdə axtarış qərarı qəbul edilərək icra edilməsi üçün Nərimanov Rayon Polis idarəsinə göndərilmiş, borclu barəsində axtarış işi açılmış, xx.xx.2024-cü il tarixdə şəxsiyyəti ilə birlikdə Nərimanov Rayon İcra Şöbəsinə təhvil verilmişdir. Borclu Şəxs izahat alınmış, borclu borcu tam ödəyə bilmədiyini, tələbin onun əmək haqqısına yönəldiyini, bu vaxta qədər 4000 manata yaxın ödəniş edildiyini, mülkiyyətində olan nəqliyyat vasitəsinin yerini bilmədiyini, əvvəlki evinin söküldüyünü, həmin ərazidə ona iki otaqlı mənzil ayrıldığını, ailəsi böyük olduğundan Ramana qəsəbəsində 3 otaqlı evlə dəyişdirmək məcburiyyətində olduğunu, bu anlaşmadan heç bir gəlir əldə etmədiyini, borcdan hal-hazırda 500 manat ödəniş etməyə hazır olduğunu izahatında qeyd etmişdir. İcra sənədi üzrə borclu Şəxs tələb olunmuş, lakin Şəxs borcunu tam ödəməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X7 protokola uyğun izahat verərək, müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, icra sənədinin icrasından boyun qaçırmır, borcunun bir qismini qaytarmış, qalan hissəsinidə qısa zaman içərisində ödəyəcəyini bildirmişdir. Hal-hazırda 500 manat məbləğində ödəniş edə bilir. Göstərilənlərin nəzərə alınmasını və barəsində inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 bildirmişdir ki, Şəxs tərəfindən tam şəkildə ödənilməsini tələb edir. Hissə-hissə borcunun ödənilməsinə razı deyil. Məhkəmədə tədqiq edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-5795/2016 saylı qərarından görünür ki, borclu Şəxs 45000 ABŞ dolları və 21600 manat məbləğində pul və 24,40 manat ödənilmiş dövlət rüsumu X1 xeyrinə tutulması qeyd edilmişdir. Məhkəmədə tədqiq edilmiş “İcraata başlamaq haqqında” xx.xx.2017-ci il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)- 5795/2016 saylı icra sənədinin Şəxs tərəfindən könüllü icra edilməsi barədə borcluya məlumat verilmişdir. Məhkəmədə tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 3(005)-1835/2023 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək tələbkəra borcunu ödəməmişdir və borcun hissə-hissə icra olunması barədə məhkəməyə müraciət olunmamışdır. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, o, İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40.0.1, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar