Məhkəmə qərarları › İş №3(005)-1642/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1642/2024

30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1642/2024 30.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X7, X1 və X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Ermənistanın Basarkeçər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X3 Ramin Vaqif oğlu barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, A.Neymətulla 23 ünvanda borclu Şəxs məhkəmə qərarları üzrə borclar tələb olunmuş, lakin Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. ******* nömrəli protokola əlavədən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2602/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, borclu Şəxs 12600 manat məbləğində pul vəsaiti və 130 manat dövlət rüsumu tələbkar X2 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2022-ci il tarixdə başlanılmış, eyni tarixdə borcluya könüllü icra haqqında bildiriş və icraata başlamaq haqqında qərar göndərilmiş, lakin icra sənədinin icrası könüllü olaraq təmin edilməmişdir. İcraata başlamaq haqqında qərar borclu Şəxs tərəfindən rəsmi qaydada xx.xx.2023-cü il tarixdə qəbul olunmuşdur. Nərimanov Rayon Məhkəməsinin 2(005)-385/2023 saylı,xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, borclu Şəxs 2500 manat məbləğində pul vəsaiti və 46 manat dövlət rüsumu tələbkar X2 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2023-cü il tarixdə başlanılmış, eyni tarixdə borcluya könüllü icra haqqında bildiriş və icraata başlamaq haqqında qərar göndərilmiş, lakin icra sənədinin icrası könüllü olaraq təmin edilməmişdir. İcraata başlamaq haqqında qərar borclu Şəxs tərəfindən rəsmi qaydada xx.xx.2023-cü il tarixdə qəbul olunmuşdur. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2993/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, borclu Şəxs 3000 manat məbləğində pul vəsaiti və 70 manat dövlət rüsumu tələbkar X6 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2023-cü il tarixdə başlanılmış, eyni tarixdə borcluya könüllü icra haqqında bildiriş və icraata başlamaq haqqında qərar göndərilmiş, lakin icra sənədinin icrası könüllü olaraq təmin edilməmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2641/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən, borclu Şəxs 344 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "Azəriqaz" İB-nin X13 Sahəsinin hesabına ödənilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2014-cü il tarixdə başlanılmış, eyni tarixdə borcluya könüllü icra haqqında bildiriş və icraata başlamaq haqqında qərar göndərilmiş, lakin icra sənədinin icrası könüllü olaraq təmin edilməmişdir. Qeyd olunan icra sənədləri xx.xx.2023-cü il tarixdə ümumi icraatda birləşdirilmişdir. İcra sənədlərinin icrası könüllü olaraq təmin edilmədiyi üçün “Elektron İcra” İnformasiya Sistemindən məlumat çıxarılmış, məlumata əsasən, “Qaz 33021 yük” markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin borclu Şəxs mülkiyyətində olduğu müəyyən olunmuş, həmin əmlakın üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət edilmiş, Nərimanov Rayon Məhkəməsinin 8(005)-259/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin nəqliyyat vasitəsi üzərinə həbs qoyulmuş, qərardad icra olunması üçün xx.xx.2023-cü il tarixdə Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmiş, xx.xx.2023-cü il tarixdə borclunun əmlakının axtarılması haqqında qərar qəbul edilmişdir. Borclunun adına digər əmlak və gəlirlər aşkar edilməmişdir. Eyni zamanda borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət olunmuş, Nərimanov Rayon Məhkəməsinin 8(005)-378/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə borclu Şəxs ölkədən getmək hüququ icra sənədləri icra olunanadək məhdudlaşdırılmışdır. Borclu tərəfindən icra sənədlərinin icrası təmin edilmədiyi üçün xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə müraciət edilmiş, Nərimanov Rayon Məhkəməsinin 3(005)- 1973/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə borclu barəsində 500 manat inzibati cərimə növündə, Nərimanov Rayon Məhkəməsinin 3(005)-3644/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə borclu barəsində 10 gün müddətində inzibati həbs növündə tənbeh tədbiri təqbiq edilmişdir. Borcluya dəfələrlə rəsmi və şifahi qaydada xəbərdarlıq edilərək icra sənədləri üzrə borcların tam ödənilməsi tələb olunmuş, lakin borclu icra məmurunun qanuni tələblərinə məhəl qoymamışdır. Borclunun istifadəsində olan mobil nömrəyə dəfələrlə “SMS" bildiriş göndərilərək şöbəyə çağırılmış, lakin borclu şöbəyə gəlməkdən yayınmış, bu səbəbdən onun barəsində xx.xx.2024-cü il tarixdə axtarış qərarı qəbul edilərək icra edilməsi üçün Nərimanov Rayon Polis İdarəsinə göndərilmiş, borclu barəsində axtarış işi açılmış, xx.xx.2024-cü il tarixdə şəxsiyyəti ilə birlikdə Nərimanov Rayon İcra Şöbəsinə təhvil verilmişdir. Borclu Şəxs izahat alınmış, borclu izahatında uzun müddət işsiz olduğunu, yaxın zamanlarda işə düzəldiyini, hal-hazırda heç bir ödəniş edə bilmədiyini, borcun hissə-hissə ödəyə biləcəyini qeyd etmişdir. İcra sənədləri üzrə heç bir ödəniş edilməmişdir. Bununla da borclu Şəxs icra sənədlərinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X12 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, icra sənədi üzrə borcu ödəməkdən qərəzli olaraq yayınmamışdır. İcra sənədinin icrası ilə bağlı ödənişləri işsiz olması və maddi imkanının olmaması səbəbi ilə etmədiyini bildirmişdir. Lakin hazırda yeni işə düzəlmişdir. Odur ki, barəsində daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X4 bildirmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2602/2022 saylı, xx.xx.2022-ci il tarixli və 2(005)-385/2023 saylı,xx.xx.2023-cü il tarixli icra sənədləri borclu Şəxs tərəfindən qərəzli olaraq icra edilmir. Bu səbəbdən barəsində qanunla müəyyən olunmuş qaydada tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X11 bildirmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2993/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi borclu Şəxs tərəfindən qərəzli olaraq icra edilmir. Bu səbəbdən barəsində qanunla müəyyən olunmuş qaydada tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs yuxarıda qeyd edilən icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi öz təsdiqini tapır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İcra işinin materialları ilə müəyyən olundu ki: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2641/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs təbii qazdan qanunsuz istifadə nəticəsində yaranmış 324 (üç yüz iyirmi dörd) manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat pulun iddiaçı “Azəriqaz” X5 X14 xeyrinə ödənilməsi qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2014-cü il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2641/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2602/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 12600 (on iki min altı yüz) manat pulun və iş üzrə ödənilmiş 130 (yüz otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı X2 xeyrinə ödənilməsi qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2022-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2602/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-385/2023 saylı,xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 2500 (iki min beş yüz) manat pulun və iş üzrə ödənilmiş 46 (qırx altı) manat dövlət rüsumunun tutularaq iddiaçı X2 xeyrinə ödənilməsi qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2023-cü il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-385/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1973/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2993/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 2800 manat pulun və vurulmuş mənəvi zərərə görə 200 manat pulun, cəmi 3000 (üç min) manat məbləğində pulun və ödənilmiş dövlət rüsumuna görə 70 (yetmiş) manat pulun tutularaq X6 xeyrinə ödənilməsi qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2023-cü il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2993/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-3644/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi bə barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Eyni zamanda, məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 oktyabr 2012-ci il tarixli Qərarına əsasən məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Məhkəmə aktının qərəzli icrasına mane olmaq anlayışı altında isə şəxsin dövlət orqanı, yerli özünüidarəetmə orqanı, dövlət və bələdiyyə idarəsi, kommersiya və ya digər təşkilat tərəfindən məhkəmə aktının vaxtında icra edilməməsi üçün qəsdən maneə törədilməsi başa düşülməlidir. Belə maneə müxtəlif yollarla həyata keçirilə bilər: - şəxs tərəfindən tabeçiliyində olan şəxslərə məhkəmə qərarını icra etməmək barədə göstəriş, sərəncam və əmrlər verilməsi; - icra məmurunun və ya məhkəmə qərarını icra etmək səlahiyyəti olan şəxsin məhkəmə qərarını icra etməsinə maneələr yaradılması; - məhkəmə qərarının icra edilməsi üçün zəruri olan sənədlərin təqdim edilməməsi; - məhkəmə qərarını icra etməli olan şəxslərə məlumatların, o cümlədən təşkilat və bank hesablarının yerləşdiyi yer barədə məlumat verilməməsi; - məhkəmə qərarının icra edilməsinin qarşısını alan və ya onun icrasını mümkünsüz edən tədbirlər görülməsi. Məhkəmə, icra işinin materialını və inzibati xəta haqqında protokolu nəzərdən keçirib, tərəflərin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi icra sənədinin icrasından qərəzli olaraq yayınır, icra məmurunun həmin icra sənədinə dair qanuni tələblərini yerinə yetirmir, həmçinin icra sənədinin icrası üçün zəruri məlumatları verməkdən yayınmaqla məhkəmə aktının icrasına qərəzli olaraq mane olur. Həmçinin icra işinin materiallarında olan icra məmuru tərəfindən tərtib edilmiş xəbərdarlıq məktubları ilə cavabdehin icra sənədinin icrasından yayınmasının hüquqi nəticələrinin izah olunduğu aydın olur. Buna görə də məhkəmə Şəxs hərəkətlərini icra sənədinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakterini, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, iş üzrə sübutlarla müqayisəli şəkildə qiymətləndirərək belə nəticəyə gəlir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 30 may 2024-cü il tarixdən saat 17:25-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası DİN-nə bilavasitə tabe olan inzibati həbs olunanların saxlama mərkəzinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar