Məhkəmə qərarları › İş №3(005)-1650/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1650/2021

17.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1650/2021 17.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş X5 iştirakları ilə, X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Reklam İdarəsi X8 barəsində Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 26 iyul 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla 38 ünvanında 26.07.2021-ci il tarixdə saat 16:25-də “Şəki Mətbəxi” adlı obyektdə müvafiq icazə olmadan reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X3 izahatında göstərdi ki, idarənin əməkdaşları tərəfindən aparılan monitorinq zamanı X5 Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla 38 ünvanında 26.07.2021-ci il tarixdə saat 16:25-də açıq məkanda reklam yerləşdirməsi aşkar edilmişdir. Aşkar edilmiş fakt barədə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş X8 izahatında göstərdi ki, Bakı şəhəri Reklam Agentliyi ilə açıq məkanda reklam yerləşdirilməsinə icazəsi vardır. Qeyd etdiklərini nəzərə alaraq Bakı şəhər Reklam İdarəsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli protokolun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -İnternet Vergi İdarəsinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi haqqında çıxarışdan görünür ki, X1 Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsində vergi ödəyicisi kimi (VÖEN **********) qeydiyyata alınmışdır. -Bakı şəhəri Reklam İdarəsinin X7 ünvanladığı 27 iyul 2021-ci il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı Şəhəri Reklam İdarəsi tərəfindən ünvan 4 ünvanında yerləşən “Şəki Mətbəxi” adlı obyektin üzərində və qarşısında müvafiq icazə olmadan açıq məkanda reklam yayımlanması faktı müəyyən edilmişdir. Bununla da, tərəfinizdən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və barənizdə 26.07.2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tərtib edilmiş inzibati xəta haqqında protokolun surəti sizə təqdim edilir.” -01.05.2021-ci il tarixli, 48263 nömrəli və 48265 nömrəli qəbzlərdən görünür ki, X8 tərəfindən müvafiq olaraq 54 manat dövlət rüsumu və 27 manat yayım haqqı ödənilmişdir. -12.08.2021-ci il tarixli “Açıq məkanda reklam yerləşdirilməsinə icazə”dən görünür ki, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən X7 reklam yerləşdirməyə icazə verilmişdir. İcazənin müddəti: 01.05.2021-ci il tarixdən 01.05.2022-ci il tarixədəkdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1 -ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə məsuliyyət nəzərdə tutur. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. Həmin Qanunun 26.2-1-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirilməsinə icazənin verilməsi və bu sahədə nəzarətin keçirilməsi qaydasını, həmçinin icazənin formasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 26.2-3-cü maddəsinə əsasən reklam yayıcısı açıq məkanda reklam yayımına görə bu Qanunun 35.3-cü maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma haqq ödəyir. Həmin Qanunun 35.3-cü maddəsinə əsasən açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci cümləsinin tələbi nəzərə alınmaqla, açıq məkanda reklam yayımına görə haqqın ödənilməsi ilə bağlı məsələlər hər bir reklam yayıcısına bu Qanunun 26.2-ci maddəsinə uyğun olaraq verilən icazədə müəyyən edilir. Azərbaycan Respublikasının Prezidentinin 19 dekabr 2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi” Qaydasının 2.9-cu bəndinə əsasən icazə verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi məbləğdə dövlət rüsumu müvafiq qurumun verdiyi bildiriş alındığı tarixdən 5 iş günü ərzində reklam yayıcısı tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd müvafiq quruma təqdim olunur. Həmin Qaydanın 2.10-cu bəndinə əsasən dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənədi reklam yayıcısı müvafiq quruma təqdim etdikdən sonra 2 iş günündən gec olmayaraq icazə reklam yayıcısına verilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. İcazənin formasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, 01.05.2021-ci il tarixdə X8 tərəfindən müvafiq ödənişlər edilmiş və 12.08.2021-ci il tarixdə Bakı şəhəri Reklam İdarəsi tərəfindən X7 reklam yerləşdirilməsinə icazə verilmişdir. Məhkəmə iclasında müəyyən edilmiş faktlar X5 əməlində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsinin tərkibinin olmamasına dəlalət edir. Bundan başqa məhkəmə qeyd edir ki, hazırki işlə bağlı protokol tərtib etmiş orqan tərəfindən Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 3.5-ci bəndinin tələblərinə də riayət olunmamışdır. Belə ki, həmin Qaydanın 3.5-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə: 3.5.1. reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim edir (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır); 3.5.2. bu Qaydanın 3.5.1-ci yarımbəndinə uyğun olaraq, yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görür. Həmin Qaydanın 3.7-ci bəndinə əsasən müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarəti həyata keçirən qurum açıq məkanda icazəsiz, həmçinin müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 2-ci hissəsinə (Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi) uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstəriş təqdim etməli, yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görməli və şəxsin inzibati və ya cinayət məsuliyyətinə cəlb olunması üçün hərəkətlər etməlidir. Lakin məhkəməyə təqdim olunmuş materiallardan aydın olur ki, Bakı şəhəri Reklam İdarəsinin əməkdaşları ünvan 4 ünvanında 26.07.2021-ci il tarixdə, saat 16:25-də X8 tərəfindən müvafiq icazə olmadan açıq məkanda reklam yayımını həyata keçirilməsini aşkar edən zaman qanunvericiliyin imperativ tələblərinə tam əməl etməmiş, yəni pozuntunun aradan qaldırılması üçün müəyyən edilmiş 5 günlük vaxta riayət etmədən vəzifəli şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Belə ki, X8 tərəfindən yol verilmiş pozuntu onun nəzərinə çatdırıldıqdan sonra X8 tərəfindən dərhal həmin pozuntunun aradan qaldırılması üçün tədbirlər görülmüş, müvafiq ödənişlər edilmiş və Bakı şəhəri Reklam İdarəsinə müraciət edilərək açıq məkanda reklam yerləşdirilməsinə icazə alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X5 əməlində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar