Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1669/2021 02.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsinə dair 02 avqust 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-567/2020 nömrəli, 18.06.2020-ci il tarixli icra sənədinin və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 09.08.2021-ci il tarixli, 3(005)- 1669/2021 nömrəli qərarı ilə Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş) yüz manat məbləğində cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 26.10.2021-ci il tarixli, 3(103)-2437/2021 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 09.08.2021-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, onun barəsində İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verməlidir. Belə ki, İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs və tələbkar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İXM-in: 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, İXM yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Belə ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr, İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İXM-in tələblərinə uyğun müəyyən etməli, süründürməçiliyə yol vermədən, həmin işlərə qanunla müəyyən edilmiş müddətlərə ciddi riayət etməklə baxmalıdırlar. Konstitusiya Məhkəməsinin Plenumu diqqətəlayiq bir məqamı da göstərməyi lazım bilir. Qanunverici inzibati tənbehin tətbiqinin müddətini müəyyən edərkən ilk növbədə inzibati xətanın aşkar edilməsi və müvafiq icraatın aparılması meyarlarından çıxış edir. Digər tərəfdən, inzibati tənbeh vermə müddətinin üç ay müəyyən edilməsi onunla izah olunur ki, qanunverici “prosessual qənaət” prinsipinə əsaslanaraq məhkəmə prosesinin əsassız olaraq uzadılmasının qarşısını almış olur. Belə yanaşma işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. Həmçinin, X1 111.1-ci maddəsinə uyğun olaraq, inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Konstitusiya Məhkəməsinin Plenumu inzibati xətalar üzrə işlərin məhkəmələr tərəfindən baxılmasına dair özünün əvvəlki hüquqi mövqeyinə əsaslanaraq qeyd edir ki, inzibati xətalara dair işlərə sadələşdirilmiş qaydada baxılmasını, inzibati xəta törətmiş şəxs barəsində qanunvericiliyin tələbinə görə yalnız üç ay müddətində inzibati tənbehin verilməsinin mümkünlüyünü və tərtib edilmiş materialların tamamlanmasının bilavasitə onların da vəzifəsinə aid edildiyini nəzərə alaraq, məhkəmələr daxil olmuş materiallara qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən olunmuş müddətlər çərçivəsində obyektiv və qərəzsiz baxmalıdırlar. Göründüyü kimi, Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan və idarəçilik qaydaları əleyhinə olan inzibati xəta törədilmişdir ki, həmin xətalara görə inzibati məsuliyyətə cəlb olunma müddəti 3 aydır. Həmin inzibati xətanın törədildiyi gündən, yəni 02 avqust 2021-ci il tarixdən üç aydan artıq müddət keçdiyindən, Şəxs barəsində inzibati tənbeh tətbiq edilə bilməz. İXM-in: 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Odur ki, Şəxs barəsində tərtib olunmuş 02 avqust 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata, inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 38.1, 53.0.6, 105 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Nərimanov rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən tərtib olunmuş 02 avqust 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-1669/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1669/2021
02.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver