Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1672/2025 03.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən EQ 27672519 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən EQ 27672519 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan məhkəməyə şikayət verərək elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsində yerləşən 7 saylı Asan Xidmətin qarşısında etibarnamə əsasında idarə etdiyi “BMW-530” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini AYNA-ya məxsus dayanacaqda saxlamaq istəmişdir. Dayanacaqda yer olmadığından və dayanacaqdan digər avtomobilin sürücüsü bir-neçə saniyə gözləməyini və dayanacaqdan çıxacağını bildirdiyindən, həmin avtomobili təxminən bir neçə saniyə ərzində gözləmiş, digər avtomobillərə maneə yaranmamaq üçün avtomobili səliqəli saxlamış və həmin avtomobil dayanacaqda tərk etdikdən sonra boş dayanacaqda təxminən saat 16:02-16:03-də avtomobili saxlamışdır. Avtomobili dayanacaqda yerləşdirməyi, avtomobildən sənədlərini yoxlayıb-götürməyi, parkinq tablosuna yaxınlaşaraq, parkinq kodunu yazana qədər təxminən 2-3 dəqiqə vaxt keçmişdir və 16:06-da avtomobili 20305 kodlu parkinqdə qeydiyyatdan keçirmişdir. Ondan sonra 16:08-də Asan Xidmətdən növbə götürmüşdür (Vaxtları təsdiq edən sənədləri əlavə edir). Asan Xidmətdə olarkən telefonuna 16:06-da sms gəldiyini və avtomobili 2-ci sırada saxlamağına görə 80 manat 2 bal cərimə olunmağı barədə ona qərar verildiyini görmüşdür. Asan xidməti tərk etdikdən sonra avtombilinin parkinqdə olan fotoşəkillərini çəkmiş və parkinqdən saat 16:38-də qeydiyyatdan çıxmışdır. Məhkəmənin məsələyə aydınlıq gətirməsi üçün bir daha qeyd edir ki, 16:03-də digər avtomobili parkinqi tərk etməsini gözləmişdir. 16:03-də avtomobili parkinqdə saxlamışdır. 16:06-da parkinqdə qeydiyyatdan keçmişəm (hamıya bəlli olan hal odur ki, avtomobil saxlamaqla qeydiyyatdan keçmək arasında 2-3 dəqiqə vaxt ola bilər).16:08-də Asan xidmətdə növbə götürmüşdür. Hesab edir ki, inzibati xəta haqqında qərar ədalətsizdir və avtomobili dayanacaqda saxlaması üçün digər avtomobilin çıxmasını bir neçə saniyə gözlədiyinə görə təqsirli hesab edilməməlidir. Bundan başqa avtomobili bir-neçə saniyə saxladığı yerin arxası tərəfi AYNA-nın duracağıdır, orada avtomobilin hərəkəti üçün hər hansı bir maneə yaradılmır. Onu da qeyd edir ki, avtomobil Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsində park edir, lakin elektron inzibati xəta haqqında qərarda inzibati xətanın törədildiyi yer və vaxt Nərimanov rayonu, Murad Qafur küçəsi, xx.xx.2025-ci il 16.03-də qeyd edilmişdir. Halbuki idarə etdiyi avtomobil xx.xx.2025-ci il saat 16.03 radələrində Murad Qafur küçəsində olmamışdır. Qərarından şikayət verilən orqan və şikayət vermiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən EQ 27672519 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə 80 manat məbləğində cərimə edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə-səksən manat məbləğində cərimə edilir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X3 öz şikayət ərizəsində inzibati xəta törətmədiyini irəli sürmüşdür. X1 inzibati xətanı törətməməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmiş və şikayət ərizəsində qeyd etdiyi halları əsaslandırmamışdır. Halbuki iş materiallarına əlavə edilmiş fotoşəkildən müəyyən edilmişdir ki, X3 istifadəsində olan “BMW 5301” minik markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2025-ci il tarixdə saat 16:03 radələrində Bakı şəhəri, Murad Qafur küçəsində ikinci cərgədə dayanma və durma qaydalarını pozmuşdur. Bununla da onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinin tələbləri pozulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o, həmin maddədə göstərilən inzibati xətanı törətmişdir və bu barədə onun barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən EQ 27672519 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən EQ 27672519 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-1672/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1672/2025
03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver