Məhkəmə qərarları › İş №3(005)-1679/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1679/2025

24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1679/2025 24.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Vəliyev Mahir Tahir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «Bakı Neft Qaz X4» Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, «Bakı Neft Qaz X4» Qapalı Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 529.1-1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, «Bakı Neft Qaz X4» Qapalı Səhmdar Cəmiyyətinin vəzifəli şəxsə X5 tərəfindən inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarın icrası ilə əlaqədar X3 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025ci il tarixli, 3-17-5/2-29051/2025 nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlər görülməmişdir. Məhkəmə iclasında iştirak «Bakı Neft Qaz X4» Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 izahatında göstərmişdir ki, «Bakı Neft Qaz X4» Qapalı Səhmdar Cəmiyyətinin barəsində İXM-nin 529.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilsə də protokol tərtib edilən zaman müvafiq icra sənədindən onların məlumatı olmamışdır. Belə ki, onlar inzibati xəta haqqında protokolda qeyd edilən icra sənədi xx.xx.2025-ci il tarixində müvafiq icra şöbəsi tərəfindən məlumatlandırıldıqdan sonra dərhal ödəniş edərək inzibati cəriməni ödəmişlər. İnzibati xəta haqqında protokolda xx.xx.2025-ci il tarixində onlara məlumat verilməsi qeyd olunsa da onlar icra sənədindən məlumatsız olmuşlar. Bu səbəbdən xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolun əsassız olduğunu nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. 17 iyun 2025-ci il tarixli məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X6 çıxış edərək bildirmişdir ki, «Bakı Neft Qaz X4» Qapalı Səhmdar Cəmiyyətinin vəzifəli şəxsə X5 tərəfindən inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarın icrası ilə əlaqədar X3 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-29051/2025 nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlər görülməmişdir. Müvafiq məktub xx.xx.2025-ci il tarixində hüquqi şəxsə rəsmi olaraq ünvanlanmışdır. Odur ki, hüquqi şəxsin barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-nin: 3-cü maddəsinə əsasən Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 529.1-1-ci maddəsinə əsasən, Bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, «Bakı Neft Qaz X4» Qapalı Səhmdar Cəmiyyətinin vəzifəli şəxsə X5 tərəfindən inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarın icrası ilə əlaqədar X3 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-29051/2025 nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlər görülməmişdir. xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, «Bakı Neft Qaz X4» Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar icra edilməsi üçün «Bakı Neft Qaz X4» Qapalı Səhmdar Cəmiyyətinə göndərilmişdir. xx.xx.2025-ci il tarixli, 21039 nömrəli qəbzdən görünür ki, X7 tərəfindən MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar icra edilmişdir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: İnzibati xəta haqqında protokolda qeyd edilən maddənin dispoziyasından göründüyü kimi, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə inzibati məsuliyyət müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Bakı Neft Qaz X4» Qapalı Səhmdar Cəmiyyəti tərəfindən inzibati xəta haqqında protokolda qeyd edilən inzibati tənbeh vermə haqqında qərarın icrası ilə əlaqədar xx.xx.2025-ci il tarixli məktubda nəzərdə tutulmuş tədbirlərin görülməməsi müəyyən edilmir. Belə ki, məhkəmə iclasında araşdırma zamanı müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokolda qeyd edilən xx.xx.2025-ci il tarixli tədbirlərin görülməsini özündə əks etdirən müvafiq məktubun «Bakı Neft Qaz X4» Qapalı Səhmdar Cəmiyyətinə rəsmi qaydada çatdırılması sübuta yetirilmir. Səlahiyyətli orqanın nümayəndəsi xx.xx.2025-ci il tarixli məhkəmə iclasında məktubun rəsmi qaydada göndərildiyini bildirsə də, bu faktı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, məhkəmə iclası sübutların təqdim edilməsinə şərait yaradılması üçün təxirə salınsa da, müfəttişliyin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasında səlahiyyətli orqan tərəfindən onlara məlumat verilməməsini və onların inzibati tənbeh vermə haqqında qərardan icra şöbəsi vasitəsi ilə məlumatlandırıldığını bildirmişdir. Həmçinin «Bakı Neft Qaz X4» Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzindən də göründüyü kimi onlar məlumat aldıqdan dərhal sonra inzibati tənbeh vermə haqqında qərarı icra etmişlər. Yuxarıda qeyd edililənlərə əlaqədar məhkəmə qeyd edir ki, iş materiallarında məlumatların təqdim edilməsinə dair səlahiyyətli orqanın məktubunun göndərilməsini və «Bakı Neft Qaz X4» Qapalı Səhmdar Cəmiyyəti tərəfindən qəbul edilməsi öz təsdiqini tapmamışdır. Belə olan halda, məhkəmə İXM-in 8-ci maddəsində nəzərdə tutulan “Təqsirsizlik prezumpsiyası prinsipi”ni rəhbər tutur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qeyd edilir ki, iş materiallarında olan, hansıkı inzibati xəta haqqında protokolda əks edilən müvafiq məktubun ünvana çatdırılmasına dair poçt xəbərnaməsi və ya digər təsdiqedici sənəd mövcud deyil. Yuxarıda da qeyd edildiyi kimi qanunvericiliyin tələbinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Lakin, səlahiyyətli orqan tərəfindən İXM-in göstərilən tələblərinə riayət edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, «Bakı Neft Qaz X4» Qapalı Səhmdar Cəmiyyəti tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsi kimi hərəkətlər edilmədiyindən onun İXM-in 529.1-1-ci maddəsi ilə inzibati məsuliyyəti istisna edilir. Bu baxımdan «Bakı Neft Qaz X4» Qapalı Səhmdar Cəmiyyətinin təqsirliliyi sübuta yetirilmədiyindən, tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Bu səbəbdən «Bakı Neft Qaz X4» Qapalı Səhmdar Cəmiyyətinin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 125,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «Bakı Neft Qaz X4» Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhər Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar