Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-168/2021 04.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, Şəxs MMC-nin rəhbəri X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-616/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclu Şəxs MMC-nin rəhbəri X3 barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-616/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs MMC-dən 6208,56 manat borc və 30 manat dövlət rüsumu alınaraq “xxxx” MMC-yə ödənilməlidir. İcra sənədi borclu Şəxs MMCnin rəhbəri X3 tərəfindən qərəzli olaraq icra edilməmişdir. İcra sənədi icraya yönəldiyi vaxtdan borclu tərəfindən icrası təmin edilməmiş, icra məmurunun qanuni tələbinə əməl edilməmişdir. Nəticədə, borclu MMC-nin rəhbəri X3 İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. MN ******* nömrəli inzibati haqqında protokola əlavədən görünür ki, Bakı Komersiya Məhkəməsinin 2-2(113)-616/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs MMC-dən 6208,56 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınaraq “xxxx” MMC-yə verilməsi qət edilmişdir. İcra sənədi Nərimanov rayon icra və probasiya şöbəsinin icraatına xx.xx.2020-ci il tarixdə daxil olmuş, müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək borclu Şəxs MMC-nin ünvanına göndərilmişdir. İcra sənədinin icrası ilə bağlı borclu Şəxs MMC-nin adına daşınar və ya daşınmaz əmlakların olub-olmaması barədə aidiyyatı orqanlara sorğular verilməsinə baxmayaraq, tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron portal çıxarışından əldə edilmiş məlumatda borclu Şəxs MMCnin fəaliyyətini müvəqqəti dayandırdığı, rəhbərinin isə X2 olduğu müəyyən edilmişdir. Eyni zamanda Şəxs MMC-nin mövcud bank hesabları barədə inkasso sərəncamları tətbiq edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək borclu Şəxs MMC-nin rəhbəri X3 barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs X3 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, İXM-in 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin rəhbəri X2 İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirildiyindən, o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Komersiya Məhkəməsinin 2-2(113)-616/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs MMC-dən 6208.56 manat məbləğində pul və 30 manat dövlət rüsumu tutularaq “xxxx” MMC-yə ödənilməlidir; “İcraata başlamaq haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan və həmin tarixli 124357/2020-15-18-004 nömrəli bildirişin surətindən görünür ki, borclu Şəxs MMC-yə icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Komersiya Məhkəməsinin 2-2(113)-616/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Məhkəmə iclasında icra işinin materialları ilə müəyyən edildi ki, icra sənədi şöbənin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün müvafiq məhkəməyə və tələbkara göndərilmişdir. İcra sənədinin icra ounması məqsədi ilə icra tədbirləri həyata keçirilmiş və borclu Şəxs MMCnin mülkiyyətində olan əmlaklar barədə sorğu edilmiş, borclunun adına tələbin yönəldilə biləcəyi daşınmaz və ya daşınar əmlak aşkar edilməmişdir. Qeyd olunanlar borclu vəzifəli şəxs tərəfindən icra sənədinə əsasən onun üzərinə qoyulan tələblərin tam icra olunmaması onun tərəfindən icra sənədinin üzrsüz səbəbdən və qərəzli olaraq icra edilməməsi kimi qiymətləndirilməsinə əsas verir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-in 528.1-ci maddəsinin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Hazırki iş üzrə borclu vəzifəli şəxs icra məmuru tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, icra sənədi üzrə tələbləri qərəzli olaraq yerinə yetirməmişdir. İXM-in 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin “Qeyd” hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə vəzifəli şəxs Şəxs MMC-nin rəhbəri X2 əməlində İXMin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri vardır və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar, həmçinin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Beləliklə də, məhkəmə hesab edir ki, vəzifəli şəxs Şəxs MMC-nin rəhbəri X3 İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli və inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında İXM-in 32 və 33-cü maddələrinə müvafiq olaraq vəzifəli şəxs Şəxs MMCnin rəhbəri X2 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, Şəxs MMC-nin rəhbəri X2 icra sənədinin icrasını qərəzli olaraq təmin etmədiyini, Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə qərarının icra edilməməsini, həmçinin inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC-nin rəhbəri X3 İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin rəhbəri X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-168/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-168/2021
04.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver