Məhkəmə qərarları › İş №3(005)-168/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-168/2022

26.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-168/2022 26.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş 03.11.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X1 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4, Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş 03.11.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində qanunsuz olaraq İXM-nin 266.3-ci maddəsi ilə 13.11.2021-ci il tarixdə 18-ci Polis Bölməsinin sahə inspektoru X2 tərəfindən MN ******* saylı qərar qəbul edilmişdir. Belə ki, sahə müvəkkili Nərimanov rayonu, Bakıxanov küçəsi 758759 mənzil 146 saylı yaşadığı evə gələrək ona zibili bloka selofanda qoyduğuna görə cərimə yazacağını demiş və protokola qol çəkdirmişdir. Bundan bir-iki gün sonra yenə gəlib ona yanğın sistemlərini 200 manata satmaq istədiyini bildirmişdir. Demişdir ki, əgər o, yanğın sistemlərini alsa ona heç bir cərimə yazmayacaq. Bunun üçün hər ay 20 manat ödəməli olduğunu biləndə o, yanğın sistemlərini almaqdan imtina etmişdir. Bundan sonra evinin hamamını təmir etdikdə sahə müvəkkili, o, evdə olmadığı və icazə vermədiyi halda, qanunsuz olaraq, vəzifə səlahiyyətini aşaraq, mülki geyimdə olan bir nəfərlə birlikdə evinə girib guya qanunsuz işlər görürlər deyə hay-küy salaraq yenə ona cərimə yazacağını deyib getmişdir. Sonradan görmüşdür ki, onun adına 50 manat cərimə yazılmışdır. Onlar bütün binada zibili selofana yığıb qapının ağzına qoyurlar. Sonra zibilləri daşıyan xidmətçilər gəlib zibili aparıb atırlar. Sahə rəisi protokolda da müəyyən edilən yer olaraq mənzil yazmışdır və heç bir sübut göstərməmişdir. Əlbəttə ki, heç kimsə öz mənzilinin qapısına zibil atmaz. Zibil yığan xidmətçilər qapını döyməsinlər və vaxt getməsin deyə zibili qapının ağzına qoyurlar. Bu bir qaydadır. Zibili qapının ağzına atmaq deyil. Yoxsa qapının ağzı zibilxana olar. Göründüyü kimi yanğın sistemlərini almadığına görə sahə müvəkkili Salayev onunla şəxsi qərəzlik edərək cərimə yazmışdır. İnzibati xəta haqqında qərar ona rəsmi qaydada göndərilmədiyi üçün o, 18-ci polis bölməsinə yaxınlaşıb dəftərxanadan protokolun və qərarın surətini istəmişdir. Sahə rəisi Süleymanov ona protokolun və qərarın surətini verərək protokolun aşağı hissəsində 29.12.2021-ci il tarixini qeyd edərək imzası ilə təsdiqləmişdir. Qeyd edilənləri nəzərə alaraq, Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş 03.11.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində şikayət verilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə işə onların iştirakları olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən şikayətə qeyd edilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin sahə inspektoru X2 tərəfindən tərtib olunmuş 03.11.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokoldan görünür ki, X4 03.11.2021-ci il tarixdə urnadan kənar məişət tullantılarını tulladığına görə barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə protokol tərtib edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş 03.11.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsində 50 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə şikayət verən şəxs X3 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 266.3-cü maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinə əsasən məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə - əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X1 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş 03.11.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X1 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar