Məhkəmə qərarları › İş №3(005)-1680/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1680/2022

21.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1680/2022 21.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “LOR HOSPİTAL“MMC-nin vəkili Nümayəndə iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə tərtib olunan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Şəxs barəsində tərtib etdiyi 23 may 2022-ci il tarixli MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” Protokol və ona əlavə edilmiş material məhkəməyə daxil olmuşdur. 23 may 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus klinikada 23 may 2022-ci il tarixdə saat 12:25-də aparılan planlı yoxlama zamanı lisenziyadan kənar iş və fəaliyyət və sertifikatsız praktiki tibbi fəaliyyət aşkar edilmişdir. Bununla da MMC tərəfindən İXM-in 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “LOR HOSPİTAL“MMC-nin vəkili Nümayəndə vəsatətlə məhkəməyə müraciət edərək izahatında göstərdi ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (bundan sonra - "Yoxlayıcı Orqan") tərəfindən "xxxx" MMC-də xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə planlı yoxlamanın keçirilməsi haqqında 348 nömrəli qərar qəbul edilmişdir. Yoxlama reyestrdə qeydiyyata alınaraq KY221736028 nömrəli çıxarış alınmışdır. Yoxlamanın nəticələri üzrə xx.xx.2022-ci il tarixli 217 nömrəli akt tərtib edilmişdir. Aktda aşağıdakı suallar üzrə pozuntular aşkar edilmişdir: (i) Sahibkar tərəfindən lisenziya şərtlərinə riayət olunurmu? (ii) Özəl tibb fəaliyyəti subyekti onun tabeliyində olan tibbi mütəxəssisləri sertifikasiyaya cəlb edirmi? (iii) Subyekt tərəfindən lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibbi fəaliyyət həyata keçirilirmi? Yuxarıda qeyd olunan (ii)-ci sual üzrə Aktda qeyd edilmişdir ki, bəzi tibb işçiləri sertifikasiya imtahanından keçmədən praktiki tibbi fəaliyyətlə məşğul olurlar. Ştat cədvəlində qeydiyyat aparılmışdır. Həkim 5 il, tibb bacısı 3 il stajı olmadan praktiki tibbi fəaliyyətlə məşğul olur, (iii)-cü sual üzrə isə Aktda qeyd edilmişdir ki, lisenziyada göstərilən kənar iş və xidmətlərdən kənar tibbi fəaliyyət, yəni rentgenoloji fəaliyyət aşkar edilmişdi. (ii) və (iii)-cü suallar üzrə pozuntu kimi qeyd edilən hallara əsasən X4 nəzarət şöbəsinin mütəxəssisi X3 tərəfindən Klinika barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - "İXM") 215.1 (özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi) və 215.4-cü (qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin praktik tibb fəaliyyətinə buraxılması) maddələri ilə xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan sonra, Yoxlayıcı Orqan tərəfindən yoxlama materiallarına baxılmasının nəticələri üzrə xx.xx.2022-ci il tarixli 420 nömrəli qərar qəbul edilmişdir. Qərarda 2-ci sual üzrə pozuntu kimi bəzi tibb işçiləri sertifikasiya imtahanından keçmədən praktiki tibbi fəaliyyətlə məşğul olduqları göstərilmişdir. 3-cü sual üzrə isə Aktda göstərilənə zidd olaraq tamamilə başqa pozuntu, yəni "terapevtik, nevroloji, dermatoloji, plastik cərrahi, terapevtik və ortopedik stamotoloji, pediatrik və oftolmoloji xidmətlərin göstərilmədiyi" qeyd edilmişdir.

6. Səhiyyə Nazirliyi tərəfindən Protokol baxılması üçün aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanov tərəfindən 3(005)1680/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixə saat 12:30-a məhkəmə iclası təyin edilmişdir. 7. Aşağıdakı səbəblərə görə hesab edirik ki, Protokol qanunsuz və əsassız olaraq tərtib edilmişdir. B. Protokolun qanunsuzluğu dəlilləri Sertifikasiyadan keçməyən şəxslərin praktik tibb fəaliyyətinə buraxılması üzrə 8.Belə ki, Protokol tərtib edilməsinə əsas olan aşkar edilmiş pozuntu kimi bəzi tibb işçilərinin sertifikasiya imtahanından keçmədən praktiki tibbi fəaliyyətlə məşğul olduqları göstərilsə də, (i) konkret olaraq hansı tibb işçilərinin sertifikasiya imtahanından keçmədiyi və (ii) həmin işçilərin konkret olaraq hansı praktiki tibbi fəaliyyətlə məşğul olduqlarının müəyyən edildiyi göstərilməmişdir. 9. Bundan başqa, həkimin 5 il, tibb bacısının isə 3 il stajı olmadan praktiki tibbi fəaliyyətlə məşğul olduqları təsvir edilsə də, konkret olaraq hansı həkimdən və tibb bacısından söhbət getdiyi qeyd edilməmiş, habelə hansı həkim və tibb bacısı tərəfindən normativ sənədə istinad etməklə konkret olaraq hansı sertifikasiya qaydasının pozulduğu göstərilməmişdir. 10. Halbuki, İXM-in 48-ci maddəsinə əsasən inzibati xəta haqqında hər bir işin hallarını hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaq inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrinə aiddir. 11. Yoxlayıcı Orqan işin hallarını hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırsaydı, müəyyən edərdi ki, əslində Klinika tərəfindən sertifikasiya imtahanından keçmədən praktiki tibbi fəaliyyətə heç bir tibb işçisi cəlb edilməmiş və bu səbəbdən onun əməlində İXM-in 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud deyildir. Özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi üzrə 12. Bundan başqa, Protokol tərtibinə əsas olan Aktda pozuntu kimi lisenziyada göstərilən xidmətlərdən kənar tibbi fəaliyyət kimi rentgenoloji fəaliyyətin aşkar edilməsi göstərilsə də, Qərarda bundan fərqli olaraq terapevtik, nevropotoloji, dermotoloji, plastik cərrahi, terapevtik və ortopedik stamotoloji, pediatrik və oftolmoloji xidmətlərin göstərilmədiyi qeyd edilmişdir. Bu isə həmin pozuntu barədə Yoxlayıcı Orqanının hüquqi nəticəsinin ziddiyyətli olduğunu göstərir. 13. Bununla yanaşı nəzərə alınmalıdır ki, İXM-in 215.1-ci maddəsi lisenziyada göstərilməyən xidmətlərin həyata keçirilməməsinə görə deyil, əksinə belə xidmətlərin həyata keçirilməsinə görə inzibati məsuliyyəti müəyyən edir. Yəni heç bir halda hansısa tibbi xidmətin göstərilməməsi İXM-in 215.1-ci maddəsinin pozuntusu hesab edilə bilməz. Digər tərəfdən, nəzərə alınmalıdır ki, Klinika tərəfindən əslində heç bir rentgenoloji fəaliyyət göstərilməmiş və həmin fəaliyyətin göstərilməsinə dair heç bir təsdiqedici hal mövcud deyildir. 14. Qeyd edilən hallar onu göstərir ki, Yoxlayıcı Orqan İXM-in 48-ci maddəsinin tələblərini pozaraq işin hallarını hərtərəfli, tam və obyektiv yoxlamamış və əsassız Protokol tərtib etmişdir. Halbuki, Yoxlayıcı Orqan işin hallarını hərtərəfli, tam və obyektiv surətdə yoxlasaydı, Klinikanın əslində rentgenoloji fəaliyyətlə məşğul olmadığını müəyyən edərdi. Səlahiyyəti olmayan vəzifəli şəxs tərəfindən Protokol tərtib edilmişdir. 15. Göstərilənlərlə yanaşı, Protokoldan görünür ki, həmin sənəd X4 nəzarət şöbəsinin mütəxəssisi X3 tərəfindən tərtib edilmişdir. 16. İXM-in 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. 17. Qüvvədə olan hər hansı bir normativ sənəddə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti nəzərdə tutulmamışdır. Bu isə onu göstərir ki, Protokol səlahiyyəti olmayan vəzifəli şəxs tərəfindən tərtib edilmiş və əsassız inzibati xəta haqqında iş üzrə icraata başlanmışdır. Məhkəmə, tərəflərin çıxışını dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 215.1 və 215.4-cü maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə təqsiri toplanmış material ilə tam sübuta yetir. İş materiallarında olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən xx.xx.2022-ci il tarixli, KY221736028 nömrəli çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC-yə məxsus ünvan 2 ünvanında yerləşən tibb müəssisəsində xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə planlı (növbəti) yoxlamanın keçirilməsi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli, 348 nömrəli qərardan görünür ki, Şəxs MMC-yə məxsus ünvan 2 ünvanında yerləşən tibb müəssisəsində xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə planlı (növbəti) yoxlamanın aparılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşlarının və MMC-nin direktorunun iştirakları ilə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, 217 saylı planlı (növbəti) yoxlama aktından görünür ki, həmin tarixdə ünvan 2 ünvanında yerləşən tibb müəssisəsində planlı (növbəti) yoxlama keçirilmişdir. Yoxlama aparılarkən bəzi tibb işçilərinin sertifikasiya imtahanından keçmədən praktiki tibbi fəaliyyətlə məşğul olması, həmçinin lisenziyada göstərən xidmətlərdən kənar iş və fəaliyyət (rentgenoloji) aşkarlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinə əsasən fasiləsiz olaraq ixtisasları üzrə beş ildən çox işləməmiş həkimlər və əczaçılar müvafiq təhsil müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. İxtisaslarının təsdiq olunmasından sonra ixtisasları üzrə beş ildən çox işləməmiş orta tibb və ya əczaçılıq təhsili olan işçilər dövlət səhiyyə sisteminin müvafiq müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktiki tibb və əcəzaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Həmin Qanunun 49-1-ci maddəsinə əsasən praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Sertifikasiyadan keçən şəxslərə (işçilərə) həmin şəxslərin beş il müddətində praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən və forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikasiya şəhadətnaməsi verilir. Sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 iyun 2010-cu il tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın 2.1-ci bəndinə əsasən tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan tibb mütəxəssislərinin sertifikasiyası Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. Həmin Qaydanın 5.1-ci bəndinə əsasən sertifikasiya imtahanının nəticələri əsasında Sertifikasiya Şurası sertifikasiyaya cəlb olunmuş hər bir tibb mütəxəssisi barədə müvafiq qərar qəbul edir. Həmin Qaydanın 6.1-ci bəndinə əsasən sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq məqsədi ilə ixtisasları üzrə növbəti imtahanlarda iştirak etmək üçün Nazirliyə müraciət edə bilərlər. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, MMC-yə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-43, 48-51, 53, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və İXM-nin 34.3cü maddəsi nəzərə alınmaqla 6.500 (altı min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar