Məhkəmə qərarları › İş №3(005)-1686/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1686/2021

21.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1686/2021 21.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin yol patrul xidməti inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun vəkili “BHM və Partnyorları” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 329.3 və 333.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində 27 iyun 2021-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 27 iyun 2021-ci il tarixdə, saat 05:15 radələrində idarə etdiyi “Ford Fusion” minik markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nərimanov rayonu, C.Hacıbəyli küçəsində dönmə əməliyyatı edərkən dönmə işığından istifadə etmədiyi üçün saxlanılmışdır. Yoxlama zamanı sürücü Şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyi məlum olmuşdur. Bununla da, Şəxs barəsində İXM-in 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1686/2021 nömrəli, 16.08.2021-ci il tarixli qərarı ilə Şəxs İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 400 (dörd yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 14.09.2021-ci il tarixli 3(103)-2101/2021 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16.08.2021-ci il tarixli 3(005)-1686/2021 nömrəli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin yol patrul xidməti inspektoru X4 inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 27.06.2021-ci il tarixdə xidmətdə olan zaman “Ford Fusion” minik markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobil sürətlə hərəkət edərək onun yanından keçmişdir. Bu zaman o, həmin avtomobilin hərəkət etdiyi istiqamətdə hərəkətə başlamışdır. Avtomobilin dayandığı əraziyə çatdıqda orada 4-5 nəfər şəxsin avtomobilin yanında əyləşdiyini görmüş və həmin şəxslərdən avtomobilin kimə məxsus olmasını soruşmuşdur. Bu zaman heç kim cavab verməmiş və o, əlindəki kompyuter vasitəsi ilə “Ford Fusion” minik markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şəxs məxsus olduğunu öyrənmişdir. Şəxs içkili olduğunu gördükdən sonra onu tibbi müayinə aparmaq istəmişdir. Vətəndaş ona içkili olduğunu, lakin avtomobili idarə etmədiyini bildirmişdir. Buna baxmayaraq Şəxs tibbi müayinəyə aparılmış və onun içkili oması müəyyən olunmuşdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin tarixdən uzun müddət keçməsi səbəbindən məhkəməyə video görüntüləri təqdim edə bilmir. “Ford Fusion” minik markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobil sürətlə hərəkət edərkən avtomobilin kim tərəfindən idarə olunduğunu görmüşdür. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 329.3 və 333.1-ci maddələri ilə təqsirli bilməyərək izahatında göstərdi ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola etiraz edir. Belə ki, o, avtomobili idarə edərkən spirtli içki qəbul etməmişdir. O, avtomobili ilə hərəkət edərək yaşadığı ünvana gəlmişdir. Bu zaman avtomobilini saxladıqdan sonra marketə getmiş və pivə alaraq yaşadığı binanın məhəlləsində oturub tanışları ilə birgə pivə içmişdir. Yol polisi onlara yaxınlaşmış və avtomobilin kimə məxsus olmasını soruşmuşdur. Bu zaman onlar polis əməkdaşının sualına cavab verməmişlər. Daha sonra polis əməkdaşı əlindəki kompyuterə baxaraq avtomobilin onun mülkiyyətində olduğunu bildirmiş və zorla onu məhəllədən tibbi müayinəyə aparmışdır. O, polis əməkdaşlarına avtomobili saxladıqdan sonra həyətdə içki içdiyini və sərxoş vəziyyətdə avtomobili idarə etmədiyini bildirsə də, onlar buna məhəl qoymamışlar. Səlahiyyətli orqan tərəfindən məhkəməyə video görüntülər təqdim olunmayıb. Bütün bunları nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkili X3 bildirdi ki, apellyasiya instansiyası məhkəməsində də işə baxılarkən hadisənin görüntüləri polis əməkdaşı tərəfindən təqdim olunmamışdır. Hüquqlarını müdafiə etdiyi Şəxs həmin günü sərxoş vəziyyətdə avtomobili idarə etməmişdir. Polis əməkdaşı Şəxs avtomobillə onun yanından keçdiyini, onu gördüyünü qeyd etsə də, sonradan avtomobilə yaxınlaşan zaman Şəxs tanımadığı üçün avtomobilin kimə məxsus olması ilə maraqlanmışdır. Əslində isə polis əməkdaşı Şəxs həqiqətən görmüş olsaydı avtomobilin yanına yaxınlaşan zaman onu dərhal tanıyardı. Bütün bu hallar Şəxs günahsız olduğunu sübut edir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 27 iyun 2021-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 27 iyun 2021-ci il tarixdə, saat 05:15 radələrində idarə etdiyi “Ford Fusion” minik markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nərimanov rayonu, C.Hacıbəyli küçəsində dönmə əməliyyatı edərkən dönmə işığından istifadə etmədiyi üçün saxlanılmışdır. Yoxlama zamanı sürücü Şəxs avtomobili sərxoş vəziyyətdə idarə etməsi məlum olmuşdur; 27.06.2021-ci il tarixli, 2/18021 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”ndan görünür ki, Şəxs həmin tarixdə sərxoş olmuşdur; AD seriyalı, 061317 saylı sürücülük vəsiqəsindən görünür ki, Şəxs adına 21.01.2016cı il tarixdə “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, sənədin bitmə tarixi isə 21.01.2026-cu ildir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-in 333.1-ci maddəsində nəzərdə inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Belə ki, İXM-in 333.1-ci maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Qanunverciliyin məzmunundan göründüyü kimi, şəxs nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi halda İXM-in 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunur. Hazırki halda Şəxs tərəfindən nəqliyyat vasitəsini sərxoş halda idarə edilməsini təsdiq edən hər hansı sübut mövcud deyildir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin yol patrul xidməti inspektoru X4 məhkəmə iclasında verdiyi izahatında sonradan Şəxs yanına yaxınlaşdığını, onun digər şəxslərlə avtomobilin kənarında dayandığını, əlindəki kompyuter vasitəsi ilə “Ford Fusion” minik markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin kimliyini müəyyənləşdirdiyini qeyd etsə də, inzibati xəta haqqında protokolda şəxsin dönmə əməliyyatı edərkən dönmə işığından istifadə etməməsi səbəbindən saxlanılması göstərmişdir. Bu isə öz növbəsində İXM-in 76-cı maddəsinə əsasən sübut növü hesab oluan inzibati xəta haqqında protokolu şübhə altına alır. Eyni zamanda inzibati xəta haqqında protokol tərtib etmiş şəxs tərəfindən məhkəməyə Şəxs nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsinə dair digər sübut (videogörüntü və s.) təqdim edilməmişdir. Belə olan halda məhkəmə, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə həll edərək hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Belə ki, İXM-in 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (Təqsirsizlik prezumpsiyası). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi dəfələrlə öz qərarlarında vurğulamışdır ki, təqsirsizlik prezumpsiyası hüququna görə məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirli şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı bir şübhə onun xeyrinə həll olunmalıdır. İXM-in: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: - inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); - inzibati xəta törətmiş şəxs; - inzibati xəta törətməkdə şəxsin təqsiri; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs hərəkətlərində İXM-in 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi müəyyən edilmədiyindən, məhkəmə şəxsin təqsirsiz olması qənaətinə gəlir. Bu səbəbdən də, yəni Şəxs əməlində İXM-in 333.1-ci maddəsinin tərkibi aşkar edilmədiyindən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Şəxs İXM-in 329.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məsələsinə dair məhkəmə qeyd edir ki, İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Qeyd edilməlidir ki, İXM-in 43.1-ci maddəsində baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid olan inzibati xətaların dairəsi müəyyən olunmuşdur və İXM-in 329.3-ci maddəsi həmin Məcəllənin 43.1-ci maddəsinin tətbiq dairəsinə düşmür. Yəni, İXM-in 329.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmaq rayon (şəhər) məhkəmələrinə aid deyildir. İXM-in yuxarıda qeyd edilən maddələrinin tələblərindən də göründüyü kimi şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. Göründüyü kimi İXM-in 329.3-ci maddəsi ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, AR Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aiddir. Belə olan halda, İXM-in 329.3-ci maddəsi ilə məhkəmə tərəfindən şəxsə inzibati tənbeh tətbiq edilməsi istisna edilir. İXM-in: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən və İXM-in 53, 114.2.1, 115, 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin tərkibi olmadığından, barəsində tərtib edilmiş 27 iyun 2021-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokola dair iş üzrə icraata həmin hissədə xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar