Məhkəmə qərarları › İş №3(005)-1686/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1686/2023

06.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1686/2023 06.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, İnzibati protokol tərtib edən inzibati orqanın nümayəndəsi X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakları ilə, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 428.7.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoluna görə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 46 ünvanında xx.xx.2023-cü il tarixində, saat 16:05-də “Ocaq restoranı” adlı obyektin üzərində i230/**********/04 nömrəli icazə şərtlərini pozaraq açıq məkanda reklam yayımını həyata keçirmiş və bu fakt İdarənin əməkdaşları tərəfindən aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X4 izahatında bildirmişdir ki, «Ocaq restoranı» ilə adıçəkilən İdarə arasında reklam yayımına icazə verilmiş, lakin yayım haqqı ödənilməmişdir. Bununla əlaqədar inzibati protokol tərtib edilərək məhkəməyə təqdim olunmuşdur. İnzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 izahatında və məhkəməyə təqdim etdiyi etirazında bildirmiş və qeyd etmişdir ki, yerləşdirilmiş reklam üzrə yayım haqqının hissə-hissə ödəmişlə, lakin hazırda bütün ödənişi həyata keçirərək, ödəniş çeklərini məhkəməyə təqdim etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər Reklam İdarəsi tərəfindən verlmiş icazəyə dair ərizədən götünür ki, “Ocaq” restoranına xx.xx.2022-ci il tarixdən - xx.xx.2023-cü il tarixədək reklam yayımını həyata keçirmək hüququ verilmişdir; Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 təqdim etdiyi ərizədən və ödəniş qəbzindən görünür ki, o, inzibati xəta haqında protokola səbəb olan reklam ödənişi ilə bağlı borcu ödəmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasına müəyyən edilmiş faktlar X1 əməlində İXM-nin 428.7.1-ci maddəsinin tərkibinin olmamasına dəlalət edir. Məhkəmə, həmçinin qeyd edir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 46 ünvanında xx.xx.2023-cü il tarixində, saat 16:05-də “Ocaq restoranı” adlı obyektin icazə müqaviləsi olmadan açıq məkanda reklam yayımını həyata keçirməsi nəzərdə tutulmuşdur. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 2019-cu il 5 mart tarixli 1522-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə İXM-nin 428.7.1-ci maddəsindən “texniki şərtlər pasportu və icazə müqaviləsi” sözləri çıxarılmışdır. Bununla da, həmin hərəkətlərə görə İXM-də inzibati məsuliyyət nəzərdə tutulmamışdır. Bundan başqa məhkəmə qeyd edir ki, hazırki işlə bağlı protokol tərtib etmiş orqan tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 2.17 və 3.5-ci bəndlərinin tələblərinə də riayət olunmamışdır. İXM-nin 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; İXM-nin 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; İXM-nin 105.1-ci maddəsinə əsasən İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə sadalananları nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta tərkibi olmadığından X1 barəsində başlanılmış icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İXM-in 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar