Məhkəmə qərarları › İş №3(005)-1687/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1687/2023

20.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1687/2023 20.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akid qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 428.7.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi X3 barəsində İXM-in 428.7.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında xx.xx.2023-cü il tarixdə saat 13:10-da “45 restoran” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. X1 tərəfindən İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, protokol tərtib etmiş şəxsin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda X3 06 iyun 2023-cü il tarixdə etiraz təqdim edərək bildirmişdir ki, 04 fevral 2023-cü il tarixində fəaliyyət göstərdiyi Nərimanov rayonu, F.X.Xoyski 120/23 ünvanında yerləşən 45 restoranına istifadə etdiyi reklam daşıyıcısına görə Reklam İdarəsi tərəfindən hesab faktura təqdim edilmişdir. Lakin o, yazılmış məbləğlə razılaşmadığı barədə yazılı surətdə Reklam İdarəsinə müraciət etmişdir. Çünki, uzun müddət fəaliyyət göstərməyinə baxmayaraq təqdim olunmuş hesab fakturadakı məbləğ əvvəlki illərdəki ödənişlərdən daha artıq olmuşdur. Məktubuna cavab olaraq konkret izahat verilmədiyi üçün xx.xx.2023-cü il tarixində müraciət edərək onun iştirakı ilə reklam daşıyıcısının yenidən ölçülməsini tələb etmişdir. Eyni zamanda həmin reklam daşıyıcısını dəyişdirdiyini bildirmişdir. Lakin günü bu günə qədər də ona Reklam İdarəsi tərəfindən heç bir cavab gəlməmişdir. xx.xx.2023-cü il tarixində ona məlumat verilmişdir ki, Reklam İdarəsindən gəlib protokol tərtib etmişdir. O, həmin şəxslərlə telefonla (***-***-**-**) əlaqə saxlayıb hadisələr barədə məlumat vermişdir. Bildirmişdir ki, ölçülərlə razı olmadığı üçün yazılı müraciət etmişdir və cavab gəlmədiyinə görə ödəniş etməmişdir. Həmin şəxs bildirmişdir ki, onda siz bu gün idarəyə yaxınlaşın, sizin ikinci yazdığınız məktub bizdə yoxdur. O, telefon-wotsapla qəbzin nüsxəsini onlara təqdim etmiş və bu gün yox, sabah yaxınlaşa biləcəyini demişdir. Səhər Reklam İdarəsinə yaxınlaşmış - Orxan Kərimov qəbul etmişdir. Məsələni bir daha danışmış və hansı səbəbdən ödəniş etmədiyini demişdir. Ona məktubun cavablandırılması barədə heç bir açıqlama verə bilməmişlər, məktubun gəlməsini təkzib etmək istəyirdilər, lakin o qəbzi təqdim etdikdən sonra məktub tapılmışdır və bildirmişlər ki, reklam ölçülərini əvvəllər əməkdaşlar özləri ölçürdülər, indi isə aparat vasitəsilə ölçülür. Ona görə də hər hansı dəyişiklik etmək mümkün deyil, məbləğ ödənilməlidir. İlk əvvəl dövlət büdcəsinə olan 99.0 AZN rüsumu ödəyim və məktub yazılan tarixə qədər olan məbləği də (hardasa 400 AZN-ə yaxın) vaxtla ödəyərəm, ödəniş olunduqdan sonra yaxınlaşıb yeni reklam daşıyıcısını ölçüb təqdim edərlər. Elə həmin gün (xx.xx.2023-cü il) 99 AZN ödəyib qəbzini telefon vasitəsilə onlara təqdim etmişdir. Və həmin gün də ona protokol tərtib olunması barədə obyektə məktub gəldiyini bilmişdir. xx.xx.2023-cü ildə isə məhkəmə bildirişi onlayn şəkildə gəlmişdir. xx.xx.2023-cü il tarixdə yenidən Reklam İdarəsinə getmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnternet Vergi İdarəsinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi haqqında çıxarışından görünür ki, X3 (VÖEN **********) vergi orqanında uçota alınmışdır; Fotoşəkillərdən görünür ki, X3 açıq məkanda reklam yerləşdirmişdir; İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, X3 tərəfindən İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi tam sübuta yetir və sonuncu, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın: 2.1-ci bəndinə əsasən açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün reklam yayıcısı (reklam qurğusunun mülkiyyətçisi, digər reklam daşıyıcısının isə sahibi) "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada müvafiq quruma ərizə təqdim edir. Ərizə müvafiq qurum tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edilir və qeydiyyata alınır; 2.9-cu bəndinə əsasən icazə verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi məbləğdə dövlət rüsumu müvafiq qurumun verdiyi bildiriş alındığı tarixdən 5 iş günü ərzində reklam yayıcısı tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd müvafiq quruma təqdim olunur; 2.10-cu bəndinə əsasən dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənədi reklam yayıcısı müvafiq quruma təqdim etdikdən sonra 2 iş günündən gec olmayaraq icazə reklam yayıcısına verilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. İcazənin formasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir; 3.1-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda yerləşdirilmiş (yerləşdirilən) reklam daşıyıcılarının qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq göstərişlər verir, reklam qurğularının sökülməsi barədə qərar qəbul edir və onları sökür; 3.6-cı bəndinə əsasən açıq məkanda reklam fəaliyyətinə nəzarət çərçivəsində reklam yayıcısının yerləşdiyi ünvanda yoxlama aparılması zərurəti yarandıqda, həmin yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə uyğun həyata keçirilir; 3.7-ci bəndinə əsasən müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, İXM-ə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında X2 məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, X3 törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X3 İXM-in 428.7.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İXM-in 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar