Məhkəmə qərarları › İş №3(005)-1692/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1692/2022

07.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1692/2022 07.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin böyük icra məmuru X4, X1nın, müdafiəçi “Femida” Vəkil Bürosunun vəkili X9, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X6 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-249/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 31 may 2022-ci il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, A.Neymətulla 43 ünvanında borcludan xx.xx.2021-ci il tarixdən yaranmış 2600 manat aliment borcunun ödənilməsi tələb edilmişdir. Borclu imkanının olmadığını bildirmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X6 protokolu müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, icra sənədi üzrə borcu ödəməkdən qərəzli olaraq yayınmamış, sadəcə olaraq maddi çətinliklər səbəbindən borcunu vaxtında ödəyə bilməmişdir. Lakin hazırda bütün aliment borcunun bir hissəsini ödədiyini bildirərək barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən X1 artıq icra sənədi üzrə borcun bir hissəsinin ödənildiyini bildirərək onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi X14 çıxış edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qeyd olunan icra sənədini maddi vəziyyətinin çətin olması səbəbindən vaxtında icra edə bilməməsinin nəzərə alınmasını və belə olduğu halda Şəxs hərəkətlərində qərəzlilik olmadığından, həmçinin hazırda borcun bir hissəsini ödəmiş olmasını nəzərə alaraq məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi : Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-249/2022 saylı, 18 aprel 2022-ci il tarixli icra vərəqəsindən görünür ki, 26 noyabr 2011-ci ildə doğulmuş X7 və 02 dekabr 2007-ci ildə doğulmuş X8 yetkinlik yaşına çatana kimi saxlanılması ilə bağlı cavabdeh Şəxs hər ay hər uşağa 175 manat, cəmi 350 (üç yüz əlli) manat məbləğində aliment tutularaq iddiaçı X3 verilməsi qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2022-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-249/2022 saylı, 18 aprel 2022-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. X1 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs toplanmış borcdan 85 (səksən beş) manat məbləğində ödəniş etmiş və qısa zaman ərzində qalan ödənişi edəcəyini söz vermişdir. Bu səbəbdən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etiraz etmir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi halların mövcud olmadığı barədə nəticəyə gəlir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Zamin Qurbanovun icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, hazırki halda borclu Şəxs hərəkətlərində icra sənədini üzrsüz səbəbdən icra etməmə və ya icra məmurunun qanuni tələblərini yerinə yetirməmə kimi halların mövcud olmadığı qənaətinə gəlir və buna görə də borclu barədə başlanmış inzibati icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-249/2022 saylı, 18 aprel 2022-ci il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Femida” Vəkil Bürosunun vəkili X11 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Həmin Qərarın 5-ci bəndinə əsasən bu qərarın 1-ci və 4-cü hissələri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsində nəzərdə tutulmuş hallara, həmçinin mülki işlər və inzibati mübahisələrə dair işlər üzrə şəxsin Azərbaycan Respublikasının Ali Məhkəməsində təmsil edilməsi zamanı vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, vəkil tərəfindən göstərilən hüquqi yardım hallarına da şamil edilir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilmiş hüquqi xidmətə görə “Femida” Vəkil Bürosunun vəkili X11 məhkəmədə iştirak etdiyi 5 (beş) iş saatı üçün cəmi 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. “Femida” Vəkil Bürosunun vəkili X14 tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hüquqlarının məhkəmə iclasında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatı üçün cəmi 30 (otuz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar