Məhkəmə qərarları › İş №3(005)-1695/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1695/2022

31.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1695/2022 31.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov RPİ-nin 18ci PŞ-nin sahə inspektoru X3, müdafiəçi – “Universal” Vəkil Bürosunun vəkili X11, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov RPİ-nin 18-cı Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis sahə inspektoru X10 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 31 may 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün inzibati xəta törədən şəxslə birlikdə məhkəməyə gətirilmişdir. MN seriyalı ******* nömrəli, 31 may 2022-ci il tarixli inzibati xəta haqqında həmin protokolda göstərilir ki, Şəxs 30 may 2022-ci il tarixdə saat 13:30 radələrində M.Nağıyev küçəsində yerləşən Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində ünvansız söyüşlər söyməklə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis sahə inspektoru X10 protokolun məzmununa uyğun çıxış edərək Şəxs barəsində qanuna müvafiq tədbirlərin görülməsi xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, 29.05.2022-ci il tarixdə Abşeron rayonu ərazisində yerləşən Masazır gölünün ətrafında 50DM190 dövlət nömrə nişanlarının hər ikisini açıq rəngli sellofana bükülü vəziyyətdə olduğunu görmüş və nömrələri götürərək dostu Elməddinin maşınına bağlamışdır. Belə ki, “AUDİ” markalı maşın bank tərəfindən axtarıldığı üçün tapdığı nömrəni həmin maşının üzərinə bağlamışdır. Nömrənin kimə, hansı maşına aid olması barədə heç bir məlumatı olmamışdır. Yolda gedərkən polis əməkdaşları onu saxlayaraq 29-cu Polis Şöbəsinə aparmışlar. Daha sonra, onu 18-ci Polis Şöbəsinə dəvət etmişlər. Bu zaman o, heç bir tabesizlik göstərməmişdir. Orada təhqiqatçı onu qəbul edib hansı səbəbə görə gətirildiyini izah etməmişdir. Sonra isə bir gün saxlanılacağını bildirib onu MSY-ə salmışlar. O, həmin vaxt heç bir artıq hərəkət etməmiş, söyüş söyməmişdir. Sonda Şəxs barəsində başlanmış iş icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis sahə rəisi X12 izahatında göstərmişdir ki, hələ 26.03.2020-ci il tarixdə vətəndaş X7 ona məxsus avtomobilin ön və arxa hissəsində olan dövlət qeydiyyat nişanlarının oğurlanması faktı barədə ərizə ilə Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə müraciət etmişdir. Həmin vaxt araşdırma aparılmış, protokol tərtib edilmiş, əməli törətmiş şəxslərin müəyyən edilməsi üçün tapşırıq verilmiş, lakin müsbət nəticə əldə edilməmiş, həmçinin cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra, 30.05.2022ci il tarixdə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsindən daxil olmuş məlumatda göstərilmişdir ki, Yasamal rayonunun inzibati ərazisində “AUDİ” markalı avtomobil ilə hərəkət edən zaman avtomobilin qeydiyyat nömrə nişanını dəyişib **-DM-*** nömrə nişanı ilə hərəkət edən zaman Şəxs və X1 29-cu PŞ-ə gətirilmişdir. Həmin şöbədən də ərazi aidiyyət üzrə 18-ci Polis Şöbəsinə məlumat verilmiş, şöbənin əməkdaşları Şəxs və X4 18-ci Polis Şöbəsinə gətirmək üçün getmişlər. Şəxs 18-ci Polis Şöbəsinə gətirildikdən sonra dəfələrlə ünvansız söyüşlər söyməyə, başlamışdır. Polis əməkdaşları tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Şəxs polisin qanuni tələblərinə məhəl qoymayaraq söyüş söymüş, şöbənin iş rejimini pozmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis sahə inspektoru X6 digər şahid X9 izahatına oxşar məzmunlu izahat vermişdir. Məhkəmə iclasında çıxış edən müdafiəçi X17 hüquqlarını müdafiə etdiyi şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara müəyyən olundu: Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin rəisi Bayram Alıyevin adına yazılmış 06.04.2020-ci il tarixli Raportdan görünür ki, Bakı şəhəri Səbail rayonu Yeni ünvan 3 ünvanında yaşayan vətəndaş X7 26.03.2020-ci il tarixdə saat 14:59 radələrində (***-***-**- **) nömrəsindən DİN-nin 102 zəng xidmətinə və Nərimanov RPİ-nin 18-ci PŞ-nə müraciət edərək bildirmişdir ki, ünvan 4 ünvanında yerləşən Azərbaycan Demokratik Partiyası binasının qarşısında özünə məxsus “Mercedes C” markalı **-DM-*** dövlət nömrə nişanlı avtomobilinin ön və arxa nömrələrinin naməlum şəxslər tərəfindən oğurlanaraq ona 18 manat maddi ziyan dəyməsini aşkar etmişdir. Araşdırma aparılaraq, cinayət faktı aşkar olunmadığından toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Yuxarıda göstərilənləri nəzərə alıb, ərizə əsasında toplanmış material üzrə cinayət işinin başlamasının rədd edilməsi barədə qərarın surəti gələcəkdə naməlum şəxsin şəxsiyyəti və yeri müəyyən edilərək Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə cəzalandırılması üçün aidiyyəti əməkdaşa həvalə ediməsinə göstəriş verilməsi xahiş olunmuşdur. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 05 aprel 2020-ci il tarixli qərardan görünür ki, X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin rəisi Bayram Alıyevin adına həmin şöbənin məsul növbətçisi Zabil Məmmədov tərəfindən yazılmış 30.05.2022-ci il tarixli Raportdan görünür ki, 30.05.2022-ci il tarixdə xidmətdə olan zaman saat 12:10 radələrində vət. Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati ərazisində ağ rəngli AUDİ markalı avtomobil ilə hərəkət edən zaman avtomobilin qeydiyyat nömrə nişanını dəyişib **-DM-*** nömrə nişanı ilə hərəkət edən zaman Şəxs və X1 29-cu PŞ-nə gətirilmiş və araşdırılma aparılması üçün ərazi aidiyyəti üzrə Nərimanov RPİ-nin 18-ci PŞ-nə məlumat verilmişdir. Məlumat ilə əlaqədar şöbənin əməliyyat qrupunun əməkdaşları 29-cu PŞ-nə vət. Şəxs və X4 18-ci PŞnə dəvət olunması üçün getmişlər. Vətəndaşlar 18-ci PŞ-də olan zaman dəfələrlə ünvansız söyüşlər söymüşdür. Dəfərlərlə xəbərədarlıq etməyinə baxmayaraq vət. Şəxs və X8 tələblərinə məhəl qoymyaraq söyüşlər söyüb şöbənin iş rejimini pozaraq tabe olmamışdır. Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin rəisi Bayram Alıyevin adına həmin şöbənin polis sahə rəisi Ruslan İlyasov, sahə inspektoru Səməndər Şirəliyev və YYÇİÜİ inspektoru Amur Məmmədli tərəfindən yazılmış 30.05.2022-ci il tarixli Raportdan görünür ki, 30.05.2022-ci il tarixdə 18-ci PŞ-nin əməliyyat qrupunda olan zaman 102 məlumat xidmətinə Təhlükəsiz Şəhərdən məlumat daxil olaraq “Mercedes” markalı avtomobilin üzərindən oğurlanmış arxa və ön nömrələrinin **-DM-*** dövlət nömrə nişanlarının hazırda “AUDİ” markalı avtomobilin Yaşamal rayonu, A.Abbasov küçəsindən üzü Şərifzadə prospekti istiqamətində hərəkətdə olmasını aşkar etdiyi barədə məlumatı 29-cu PŞ-nə ötürərək saxlanmasının təmin olunması barədə məlumatı 18-ci PŞ-nə bildirdilər. Onlar dərhal 29-cu PŞ-nə yaxınlaşıb həmin avtomobili və 2 nəfər şəxsi 18-ci PŞ-nə dəvət etdik, şöbədə müəyyən olundu ki, həmin şəxslər Şəxs və X5r. “İnzibati qaydada tutma haqqında” 30.05.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs 30.05.2022-ci tarixdə, saat 13:30-da inzibati qaydada tutulmuşdur. Tərəflərin çıxışlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması məhkəmə iclasında araşdırılan digər sübutlarla tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxsləriki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 30 may 2022-ci il tarixdə saat 13:30 radələrində M.Nağıyev küçəsində yerləşən Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların və eyni zamanda onun hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməməsi barədə izahatına tənqidi yanaşır və həmin izahatı məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin izahatı və işdə olan digər sübutlarla tam təkzib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini qeyd edib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli və sonuncuya həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-cimaddələrinirəhbərtutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 30 may 2022-ci il tarixdən saat 13:30-dan hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası DİN-nə bilavasitə tabe olan inzibati həbs olunanların saxlama mərkəzinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar