Məhkəmə qərarları › İş №3(005)-1698/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1698/2022

21.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1698/2022 21.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, X2 oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, Bakı şəhəri BPİ-nin X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, EQ seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv olunması barədə qərar qəbul edilməsinə dair X1 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3, Bakı şəhəri BPİ-nin X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, EQ seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv olunması barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhərində, xx.xx.2022-ci il tarixdə, istifadəsində olan “Hyunai Santa FE” minik markalı, **-BV-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini yolun dayanmağın qadağan edilmədiyi kənarında saxlamışdır. Bu zaman Yol patrul xidməti inspektoru tərəfindən, nəqliyyat vasitəsini 3.27 (dayanmaq qadağandır) nişanının təsir dairəsində saxladığını iddia edilərək İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 124.6-cı maddəsinə əsasən barəsində inzibati təhbeh vermə haqqında Bakı şəhər DYPİ-nin xx.xx.2022-ci il tarixli EQ ******* nömrəli Qərar çıxarmışdır. Lakin o bu qərarla razı deyildir. Belə ki, İXM-nin 124.6-cı maddəsinə əsasən inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulmalıdır. Yol patrul xidməti inspektoru tərəfindən qeyd edilən tələbə əməl edilməyərək, Qanunun tələbləri kobud şəkildə pozulmuşdur. Eyni zamanda inspektor tərəfindən Qərara əlavə olunan şəkildə göstərdiyi 3.27 nişanı (dayanmaq qadağandır) və nişanın altında olan 7.2.1 (qüvvədə olma zonası) nişanı, 3.27 nişanının yolun yalnız 100 metr məsafədə qüvvədə olduğunu bildirir. Yəni 3.27 nişanının qoyulduğu yerdən 100 metr sonra nişan öz qüvvəsini itirir. Qərara əlavə olunan 3.27 nişanının çəkildiyi şəkildə onun istifadəsində olan nəqliyyat vasitəsi görsənmir. Bu da onun nəqliyyat vasitəsini nişanın təsir sahəsində saxladığını sübut etmir. Bir daha bəyan edir ki, o nəqliyyat vasitəsini nişanın təsir dairəsində deyil, yolun saxlamağın qadağan olunmayan kənarında saxlamışdır. Göstərilənləri nəzərə alaraq Bakı şəhəri BPİ-nin X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, EQ seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri BPİ-nin X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, EQ seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X3 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 20 (iyirmi) manat miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə - iyirmi manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Məhkəmə qeyd edir ki, hazırki halda inzibati tənbeh vermə haqqında qərarda və əlavə edilmiş fotoşəkillərdə avtomobilin həmin “dayanma qadağandır” nişanından hansı məsafədə dayandığı ilə bağlı ölçülər göstərilməmişdir. Başqa sözlə, həmin nişanın təsir dairəsinə düşüb-düşmədiyini ölçmək üçün kameranın ölçü funksiyası olmadığından, həmçinin, fotoşəkillərdə və qərarda da avtomobilin həmin nişandan hansı məsafədə saxlanılması barədə qeyd olmadığından, həmin halı müəyyən etmək mümkün deyil. Həmin hal hazırkı iş üçün əhəmiyyət kəsb edən haldır. Həmin halı başqa qaydada aradan qaldırmaq mümkün deyil. Hazırki vəziyyətdə iş materiallarına əlavə edilmiş fotoşəkillərlə də “Hyunai Santa FE” minik markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 3.27 “Dayanmaq qadağandır” yol nişanının təsir dairəsində saxlanılması müəyyən edilmir. Məhkəmə qeyd edir ki, belə olan halda, X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasım, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Bakı şəhəri BPİ-nin X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, EQ seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. Bakı şəhəri BPİ-nin X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, EQ seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar