Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1702/2021 26.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X2 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4 və 538.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4 və 538.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair MN seriyalı ******* nömrəli, 14 iyul 2021-ci il tarixli protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 14 iyul 2021-ci il tarixli protokolda göstərilmişdir ki, Şəxsnə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 36 m. ünvanda yerləşən obyektdə 14.07.2021-ci il tarixdə qurğuların sertifikatının olmadığı, metal tullantıların uyğunluq sertifikatının olmadığı, radiasiya ölçmə cihazının yoxlanılması haqqında şəhadətnamənin olmadığı, radiasiya ölçmə cihazının tipinin təsdiq edilməsi haqqında sertifikatının olmadığı və ölçmə vasitəsinin (avtomobil tərəzisi) tipinin təsdiq edilməsi haqqında sertifikatının olmadığı aşkar edilmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4 və 538.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X3 məhkəmə iclasında tərtib edilmiş inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək hüquqi şəxsin barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X4 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, hüquqi şəxsin barəsində tərtib edilmiş protokola tamamilə etiraz edirlər. Belə ki, İXM-nin 447.0.4- cü maddəsinə əsasən məsuliyyət istehlakçıların hüquqlarının pozulmasına, yəni qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə nəzərdə tutulmuşdur. Qeyd edilən 447.0.4-cü maddə üçün əsas kimi protokolda MMC tərəfindən digər şəxslərdən satin alınmış metal tullantılarının sertifikatının olmaması göstərilmişdir. Yəni bu maddə ilə məsuliyyətə cəlb edilməsi üçün - Baku Steel metal tullantılarını istehsal etməlidir, ya da satmalıdır. Baku Steel metal tullantılarının alıcısıdır. Protokolda da tullantıların Baku Steel tərəfindən istehsalı və ya satılması göstərilməmişdir. Baku Steel alıcıdır. İXM-nin 447.0.4.ci maddəsində alıcı üçün məsuliyyət müəyyən edilməmişdir. Başqa sözlə desə, Baku Steel 447.0.4-cü maddədə edilən hərəkətləri etməmişdir, o maddədə Alıcının hərəkətləri yoxdur, təbii ki, bunun üçün məsuliyyət də müəyyən edilmir. Baku Steel tullantı satmır, istehsal etmir, Baku Steel MMC-nin hərəkəti fərqli hərəkətdir - mal alışı hərəkətidir. Yəni, maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin (əməllərin) heç biri buna uyğun gəlmir. Yalnız metal tullantılarının sertifikatının olmaması inzibati məsuliyyətə səbəb olmur, bunun üçün onun satışını, istehsalını da həyata keçirmək əməli olmalıdır. Onun alışını həyata keçirmək əməli isə inzibati məsuliyyət yaratmır, alış hərəkəti 447.0.4-də nəzərdə tutulmamışdır. Bu səbəbdən, "X7” MMC 447.0.4-maddə ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilə bilməz. MMC-nin təqsirli bilindiyi İXM-nin 538.1-ci maddəsi ilə bağlı hissədə də hesab edirlər ki, protokol əsassızdır. Belə ki, yoxlama aktında 993-cü sualla bağlı guya aşkar olunmuşdur ki, 3 ədəd ölçmə vasitəsi olan elektron tərəzilərin tipinin təsdiq edilməsi haqqında sertifikatı yoxdur və bununla da guya "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanunun 11.3-cü maddəsinin tələbləri pozulmuşdur. Halbuki, İXM-nin qeyd edilən maddənin dispozisiyasında ölçmə vasitəsinin tipinin təsdiq edilməsinə dair sertifikatın olmamasına görə deyil, tipinin təsdiq edilməmiş və (və val yoxlamadan keçməmiş ölçmə vasitəsilərindən istifadəyə görə məsuliyyət nəzərdə tutulmuşdur. Halbuki hər ölçmə vasitələrinin tipi dövlət reyestrinə daxil edilmiş, yoxlamadan keçmiş və müvafıq şəhadətnamələr alınmışdır. Bu fakt yoxlama aktında da qeyd edilmişdir. Şəhadətnamələrdə hər bir elektron tərəzinin tipi təsdiq edilmişdir. Baku Steel tərəfindən qanun pozuntusuna yol verməməsi və yuxarıda göstərilən şəhadətnamələr ilə hər 3 ölçmə vasitəsinin yoxlama nəticəsində yararlı olması təsdiq edilmişdir. Odur ki, "X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən tərtib edilmiş 000034 nömrəli, 14 iyul 2021-ci il tarixli yoxlama aktından görünür ki, Xidmətin 000029 saylı, 12 iyul 2021-ci il tarixli plandankənar yoxlamanın aparılmasına dair qərarına və Ədliyyə Nazirliyinin yoxlamaların vahid məlumat reyestrindən yoxlama kodu KY ********* olan çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən Şəxs MMC-yə məxsus olan obyektdə keçirilən yoxlama zamanı idxal, ixrac və alğı-satqı obyekti olan metal tullantıların uyğunluq sertifikatının olmadığı, metal tullantılarının radiasiya müayinəsi məqsədi ilə istifadə edilən ölçmə vasitələrinin və digər ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikatının olmadığı aşkar edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, məhkəmə iclasında iştirak edən nümayəndələrin izahatını dinləyib hesab edir ki, əməldə inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinə əsasən qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görəfiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 538.1-ci maddəsinə əsasən ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş və (və ya) yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılmasına və (və ya) ölçmələrin attestasiya edilməmiş ölçmə metodikaları (metodları) ilə yerinə yetirilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsi istehlakçıların hüquqlarının pozulması, yəni qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalı, satılması əməli qanun pozuntusu kimi nəzərdə tutulur. "Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Uyğunluq sertifikatı - malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentin tələblərinə uyğunluğunu təsdiq edən müəyyən formalı sənəddir (1.1.8ci maddə); Sertifikatlaşdırma - uyğunluğu qiymətləndirən qurum tərəfindən malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının müvafiq texniki reqlamentlə müəyyən olunmuş tələblərə uyğunluğunun kağız üzərində yazılı və ya elektron formada təsdiqidir (1.1.12-ci maddə); Yalnız yüksək riskli mallar məcburi sertifikatlaşdırılır. Yüksək riskli malların sertifikatlaşdırılması təsərrüfat subyektinin sərbəst seçdiyi akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən quruma müraciəti əsasında həyata keçirilir və sertifikatlaşdırmanın müsbət nəticələri əsasında uyğunluq sertifikatı verilir (13.3-cü maddə). Yuxarıda sadalanan qanunvericilik aktlarından aydın olur ki, vətəndaşların həyatı, sağlamlığı və əmlakı, ətraf mühitin mühafizəsi üçün təhlükəsizlik tələblərinin müəyyən edildiyi mallar (işlər, xidmətlər) qüvvədə olan qanunvericiliyə əsasən məcburi sertifikasiyadan keçirilməlidir. İnzibati xətalar məcəlləsinin 447.0.4-cü maddəsi istehlakçıların hüquqlarının pozulması, yəni sertifikatlaşdırılmamış malların istehsalı, satılması, işlərin yerinə yetirilməsi, xidmətlərin göstərilməsi əməli qanun pozuntusu kimi nəzərdə tutulur. Hazırki iş üzrə isə qara metal tullantılarının məcburi sertifikatlaşdırmalı məhsulların dairəsinə aid olması ilə bağlı hər hansı normativ hüquqi akta rast gəlinmir. "Əlvan və qara metal tullantılarının qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilməsi Qaydaları”nın və "Əlvan və qara metal tullantılarının əldə edilmə mənbəyinə dair Tələblər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 17 fevral 2021-ci il, 39 №-li Qərarı ilə təsdiq edilmiş Metal tullantılarının radiasiya təhlükəsizliyi baxımından müayinəsinin 6.8-ci bəndinə uyğun olaraq metal tullantılarının yekun radiasiya müayinəsi müvafiq ölçmələrin aparılmasına "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada akkreditasiya edilmiş metal tullantılarını qəbul edən sahibkarlıq subyektinin laboratoriyası və ya belə akkreditasiyası olan digər radiasiya nəzarəti laboratoriyası tərəfindən aparılır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasında məhsulun (proseslərin, xidmətlərin) məcburi və könüllü sertifikatlaşdırılmasının əsaslarını, bu sahədə dövlət idarəetmə orqanlarının, xüsusi səlahiyyət verilmiş orqanların, müxtəlif mülkiyyət formalı müəssisələrin, sahibkarların və sertifikatlaşdırma işləri üzrə digər iştirakçıların hüquq, vəzifə və məsuliyyətlərini müəyyənləşdirən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1 iyul tarixli, 343 nömrəli qərarı ilə təsdiq olunmuş Milli sertifikatlaşdırma sistemi haqqında Əsasnamə Azərbaycan Respublikası Baş Nazirinin 08 may 2021-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Göründüyü kimi, hazırda bu sahəni tənzimləyən normativ akt mövcud deyildir. Bununla yanaşı məhkəmə qeyd edir ki, səlahiyyətli orqan tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, həmin protokol qara metal tullantılarının uyğunluq sertifikatının olmadığına görə tərtib edilmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi "qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə” görə inzibati məsuliyyət tədbirinin tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi, qanunverici uyğunluq sertifikatının olmamasını deyil, məhz məcburi sertifikatlaşdırılmanın həyata keçirilməməsini inzibati xəta kimi tanıyaraq ona görə inzibati tənbeh tədbirinin tətbiq edilməsini nəzərdə tutmuş və nəzərə alınsa ki, məcburi sertikatlaşdırılmama özündə uyğunluq sertifikatının olmamasını ehtiva etmir və həmin anlayışlar eyni olmamaqla ayrı-ayrı mallara münasibətdə tam fərqli qaydaları nəzərdə tutur, belə olan halda MMC-nin əməlində AR İXM-nin 447.0.4-cü maddəsinin tərkibinin olmasından söhbət gedə bilməz. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda sadalanan qanunun tələbi və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, "X7” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Bundan başqa Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 36 m. ünvanda yerləşən obyektdə 14.07.2021-ci il tarixdə qurğuların sertifikatının olmadığı, metal tullantıların uyğunluq sertifikatının olmaması, radiasiya ölçmə cihazının yoxlanılması haqqında şəhadətnamənin olmaması, radiasiya ölçmə cihazının tipinin təsdiq edilməsi haqqında sertifikatın olmaması və ölçmə vasitəsinin (avtomobil tərəzisi) tipinin təsdiq edilməsi haqqında sertifikatın olmaması müəyyən edildiyindən həmin MMC İXM-nin 538.1ci maddələrinə əsasən inzibati xəta törətməsi faktı aşkarlanmışdır. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə işin digər hallarını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, "X7” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538.1ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata isə MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4cü maddəsi üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 3000 (üç min) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1702/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1702/2021
26.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver