Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1706/2025 25.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, X1 nümayəndəsi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X5 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə daxil olmuş şikayət ərizəsindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh haqqında qərarının ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Müraciət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası X11 Xidmətinin (bundan sonra mətndə Xidmət) Bakı şəhər idarəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında MN ******* nömrəli 15 iyul 2023-cü il tarixli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Daha sonra Azərbaycan Respublikası X11 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən "xxxx" MMC-nin direktoru, yəni onun barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə MN ******* nömrəli xx.xx.2024-cü il tarixli protokol tərtib olunaraq eyni tarixli MN ******* nömrəli inzibatı tənbeh vermə haqqında qərarla ona 3000 (üç min) manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2 avqust 2024cü il tarixli, 3(005)-2213/2024 nömrəli qərarı ilə "V-MANN CONSTRUCTİON” MMC Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 20000 (iyirmi min) manat cərimə növündə inzibatı tənbeh tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 23 avqust 2024-cü il tarixli 3(005)- 2213/2024 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilərək "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2 avqust 2024-cü il tarixli, 3(005)-2213/2024 nömrəli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bu isə o deməkdir ki, “V-MANN CONSTRUCTİON" MMC-nin direktoru kimi onun əməlində də inzibati xəta tərkibi yoxdur və barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar hüquqi qüvvəsini itirdiyinə görə dərhal ləğv edilməlidir. Lakin həmin qərar və onun əsasında "xxxx" MMC-nin direktoruna tətbiq edilmiş 3000 manat inzibati cərimə indiyə qədər ləğv edilməmişdir. Lakin həmin müraciətə heç bir reaksiya verilməmişdir. 2025-ci ilin mart ayında Azərbaycan Respublikası X11 Xidmətinə təkrar müraciət ünvanlayaraq xatırlatma verilmişdir. Təkrar müraciətdə bu cür süründürməçiliyə və ötür-ötür oyununa son qoyulmalı olduğunu, həmçinin barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə müvafiq inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini bir daha xahiş etmişdir. Bundan sonra Azərbaycan Respublikası X11 Xidməti tərəfindən ünvanına 23 yanvar 2025-ci il tarixli 3-14-5/2-İ- 6082/2025 nömrəli müşayiət məktubu ilə Xidmətin 3-17-5/1-583/2025 nömrəli 22 yanvar 2025-ci il tarixli qərardadı məlumat üçün göndərilmiş, zərfin üzərindəki poçt ştempelindən göründüyü kimi həmin sənəd onlara xx.xx.2025-ci il tarixdə rəsmi şəkildə daxil olmuşdur. Həmin qərardadla qərara alınmışdır ki, şikayət onu vermək üçün müəyyən edilmiş müddət buraxıldığına görə geri qaytarılsın. Necə ola bilər ki, "xxxx" MMC-nin əməlində inzibati xəta hadisəsi yoxdur, inzibati xəta tərkibi yoxdur, lakin hələlik məlum olmayan səbəblərə görə həmin müəssisənin direktoruna qanunsuz və əsassız olaraq 3000 manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilir, o, şikayəti müddət ötürməklə verməkdə təqsirləndirilir, şikayət geri qaytarılır və sözügedən cərimə silinmir. Həm də o, təqsirli olmadığını sübuta yetirməyə borclu deyil və Xidmətin nümayəndəsinin də iştirak etdiyi apellyasiya instansiyası məhkəməsinın iclasında qərar elan olunduğu andan "xxxx" MMC-nin direktoru barəsində inzibatı tənbeh vermə haqqında qərarın hüquqi qüvvəsini itirdiyi Xidmətə dərhal məlum olmuşdur. Xidmətin bu mövqeyi tamamilə absurddur, ortada inzibati xəta hadisəsi yoxdur, lakin MMC-nin direktorunun barəsində tamamilə qanunsuz və əsassız olaraq 3000 manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X5 nümayəndəsi Vəkil məhkəmə iclasında verilmiş şikayət ərizəsinin dəlillərinə uyğun çıxış edərək bildirmişdir ki, tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarı ilə bir növ qanunsuz hesab olunduğuna və qüvvəsini itirdiyinə görə ləğv olunmalı, necə ki, "xxxx" MMC barəsində inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmaması əsası ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişsə, eyni qaydada direktoru barəsində də iş üzrə icraata xitam verilməlidir. Qərarından şikayət verilən orqana məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X6, X13 və X2 Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmaları faktı üzrə "xxxx" MMC-nin direktoru X9 barəsində 3000 manat inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1705/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X6, X13 və X2 Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmaları faktı üzrə "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(005)-2213/2024 saylı qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. "xxxx" MMC-nin direktoru X5 2 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası X11 Xidmətinə müraciətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə hüquqi şəxs "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinin nəzərə alınaraq barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibatı tənbeh vermə haqqında qərarın da eyni əsasla ləğv edilməsi və işin icraatına xitam verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin xx.xx.2025-ci il tarixli 3-17-5/1-583/2025 nömrəli qərardadından görünür ki, "xxxx" MMC-nin direktoru X5 müvafiq qərardan verdiyi şikayət müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır. Şikayətə əlavə olunan zərfin üzərindəki poçt ştampının əksindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən X7 göndərilən xx.xx.2025-ci il tarixli 3-17-5/2-İ-6082/2025 nömrəli məktubun olduğu zərfin üzərində xx.xx.2025 və xx.xx.2025-ci il tarixli ştamp əksləri vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-İ-6082/2025 nömrəli məktubun surətindən görünür ki, xx.xx.2025-ci il tarixli 3-17-5/1-583/2025 nömrəli qərardad X5 ünvanına göndərilmişdir. "xxxx" MMC-nin rəsmi internet səhifəsində göndərişlərin izlənməsi bölməsindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-İ-6082/2025 nömrəli SS937804535AZ kodlu məktubu xx.xx.2025-ci il saat 10:40-də poçt tərəfindən qəbul olunub, həmin gün saat 14:48-də göndərən ölkənin mübadilə məntəqəsinə, xx.xx.2025-ci il saat 10:43-də poçt şöbəsinə daxil olub, xx.xx.2025-ci il saat 14:27-də alıcıya çatdırılmışdır. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və mövqeyinin hüquqi əsasları: Məhkəmə şikayət vermiş şəxsin nümayəndəsinin çıxışını dinləyib, məhkəməyə təqdim edilmiş sənədləri tədqiq edib, şikayətin dəlillərini araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməli, X5 Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinməklə barəsində inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. 125-ci maddəsinin Vİİ-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qanunvericiliyin tələblərini, o cümlədən, eyni inzibati xəta hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilmiş X5 direktoru olduğu "xxxx" MMC barəsində Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarında göstərilən hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, X5 əməlində İXM-in 192.1-ci maddəsinin tərkibi olmadığından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının işin faktiki halları hissəsindən görünür: “X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, 15 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokola əsasən vətəndaş X6 11 iyun 2024-cü il tarixdən, X13 07 iyun 2024-cü il tarixdən və X4 15 iyun 2024-cü il tarixdən bu günkü (15 iyul 2024-cü il) tarixədək Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. İş materiallarına olan "xxxx" MMC-nin rəhbərliyinə ünvanlanan 25 iyun tarixli məktubdan görünür ki, 2024-cü ilin may ayı ərzində "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş informasiya sistemi üzərindən aparılmış monitorinqlər nəticəsində əldə edilmiş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi aldığınız şəxslərin adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq" altsistemində qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Bununla bağlı səlahiyyətli orqan tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-5/2-30518/2024 nömrəli məktub göndərilmiş, lakin iş icazəsi alınan işçilərlə əmək müqaviləsinin bağlanılması və müvafiq əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi hələ də təmin edilməmişdir. İş materiallarında olan Əmək müqaviləsinə xitam verillməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləmiş X4 ilə xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış və onun əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. (tərəflərdən birinin təşəbbüsü əsasında). Sistemə daxil edilmə tarixi xx.xx.2024. İş materiallarında olan Əmək müqaviləsinə xitam verillməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləmiş X13 ilə xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış və onun əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. (tərəflərdən birinin təşəbbüsü əsasında). Sistemə daxil edilmə tarixi xx.xx.2024. İş materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləmiş X6 ilə xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış və onun əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. (tərəflərdən birinin təşəbbüsü əsasında). Sistemə daxil edilmə tarixi xx.xx.2024. Bununla yanaşı iş materiallarında olan məlumatdan görünür ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadı rayonlarına giriş informasiya portalında yuxarıda adları çəkilən şəxslərin icazələri 02 ay müddətinə verilmişdir. X2 icazəsi xx.xx.2024-xx.xx.2024, X3 icazəsi xx.xx.2024-xx.xx.2024, X8 icazəsi xx.xx.2024-xx.xx.2024-cü il tarixlərini əhatə edir. Göründüyü kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X4 arasında əmək müqaviləsi xx.xx.2024-cü il, X13 ilə xx.xx.2024-cü il, X6 ilə xx.xx.2024-cü il tarixdə bağlanmış, həmin şəxslərin Qarabağ və Şərqi Zəngəzur iqtisadı rayonlarına giriş informasiya portalında olan icazələrinin başlama vaxtları da məhz əmək müqaviləsi bağlandığı dövrə təsadüf etmişdir. Bununla da adları çəkilən şəxslərin əmək müqavilələrinə xitam verildiyi gündən bir gün sonra məhz Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən daxil olmuş məlumat və qeyd olunan portalda aktiv icazənin olmasına görə protokol tərtib edilərək, hüquqi şəxsin Azərbaycan Repsublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi əsaslı olmamışdır. Apelyasiya icraatında aparılan araşdırma nəticəsində belə qənaətə gəlinir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq" altsistemində xitam verilmiş əmək müqavilələrinin görünməməsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş məlumata görə “Qarabağ və Şərqi Zəngəzur iqtisadı rayonlarına giriş” informasiya portalında olan 02 aylıq icazələrinin aktiv olmasına istinad edib, ehtimal əsasında tərtib edilmiş protokol və bu protokol əsasında işin faktiki halları nəzərə alınmadan qəbul edilən inzibati tənbeh tətbiq edilməsinə dair birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı sayıla bilməz.” Göründüyü kimi Bakı Apellyasiya Məhkəməsi tərəfindən eyni məsələ ətraflı araşdırılmaqla və qəti qərar qəbul edilməklə "xxxx" MMC barəsində inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İşin faktiki hallarının və inzibati tənbeh vermə haqqında qərarın qəbul edilmə əsaslarının eyniliyini, eyni məsələ barədə preyudisial əhəmiyyətə malik yuxarı instansiya məhkəməsinin qüvvədə olan qərarının olmasını, Azərbaycan Respublikası Konstitusiyasının tələbinə əsasən həqiqətin müəyyən edilməsinin təmin etməyin məhkəmə icraatının vəzifəsi olduğunu nəzərə alaraq qeyd edilməlidir ki, yuxarıda göstərilən qərar "xxxx" MMC-nin direktoru X9 barəsində eyni əsaslarla Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir; 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından, X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsinin MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət təmin edilməli, qeyd olunan qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53 və 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(005)-1706/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1706/2025
25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver