Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1707/2024 11.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir Təqdim edilmiş sənədlərdən görünür ki, sürücü Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələbini pozaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı vətəndaş X3 “Yüngül” dərəcəli bədən xəsarəti almışdır. Proses iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə proses iştirakçılarının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilir: 1-NK №482/102-5107 nömrəli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 18:28-də, vətəndaş X3 “DİN”-nin 102 XZM-nə məlumat verərək bildirmişdir ki, Qarabağ küçəsində baş vermiş YNH-si zamanı, idarə etdiyi mopedlə, “Mercedes” markalı **-MD-*** dövlət nömrə nişanlı avtomaşının toqquşması nəticəsində xəsarət almışdır. Araşdırma zamanı Şəxs izahat verərək bildirmişdir ki, 30 aprel 2024-cü il tarixdə saat təxminən 18:00 radələrində o, etibarnamə əsasında idarə etdiyi Mercedes markalı ** MB *** dövlət nömrə nişanlı avtomobil ilə Nərimanov rayonu Təbriz küçəsi ilə hərəkət edib sağ tərəfə dönüb N.Quliyev küçəsi ilə hərəkətinə davam edib sol tərəfə dönüb Qarabağ küçəsi ilə F.Məmmədov küçəsinə doğru saatda 30 km sürətlə hərəktə edib Yaşıl Bazarın üst girişində avtomobilini saxlamağa çalışmışdır. Hərəkətinə davam edib sol tərəfə dönəndə avtomobilinin sol qabaq ön qanadına mopedçi çırpılmış və irəli təxminən 10 metr irəli sürmüşdür. O maşını tam parklayıb avtomobilinə düşüb baxıb moped süücüsü onu vurduğunu deyəndən sonra o, moped sürücüsünə «əsəbləşdirmə və get işinlə məşğul ol deyə bildirmişdir. Təxminən 5-6 dəqiqə maşında sükan arxasında oturandan sonra oradan uzaqlaşmışdır. Hadisə zamanı avtomobildə sağ qabaq oturacaqda həyat yoldaşı X2 əyləşmişdi. O idarə etdiyi avtomobil ilə sol tərəfə doğru parklanma edərkən sol yan güzgüdən arxadan mopedin hərəkət etdiyini görməmişdir. Araşdırma zamanı X3 izahat verərək bildirmişdir ki, 30 aprel 2024-cü il tarixdə saat təxminən 18:05 radələrində o sifarişi çatdırılması üçün idarə etdiyi Minsk D 50 markalı moped ilə Nərimanov rayonu Təbriz küçəsi ilə üzü N.Quliyev küçəsinə doğru hərəkət edib sağ tərəfə dönüb N.Quliyev küçəsi ilə sol tərəfə dönüb Qarabağ küçəsi ilə Yaşıl bazrın üst giriş qapısı tərəflə yolun sol tərəfi ilə saatda 40 km sürətlə hərəkətdə olan zaman onunla eyni istiqamətlə irəlidə hərəkətdə olan ağ rəngli Mercedes markalı avtomobil ani olaraq sol tərəfə doğru parklanma etmiş və sol qabaq bufer tərəfi ilə mopedinin ayaq qoyan və əyləc tərəfindən vurmuş və nəticədə ayağı həmin hissələrin arasında qalmışdır. O tarazlığını itirməyib mopedi irəli sürüb saxlamışdır. Həmin avtomobil artıq parklamışdı. O həmin avtomaşının sürücüsünə yaxınlaşıb iradını bildirmişdir. Sürücü isə ona «get işinlə məşğul ol məni əsəbləşdirmə» deyib maşınına əyləşib uzaqlaşmışdır. Həmin avtomobil sol tərəfə ani dönəndə xəbərdaredici avtomobilin yan işıqlarını yandırmamışdı. Toqquşma nəticəsində o xəsarət almış və hadisə barədə DİN-in 102 xidmətinə zəng vurub məlumat vermişdir. Xəsarəti ilə bağlı xəstəxanaya müraciət etməmişdir. O mopedi idarə edərkən qoruyucu dəbilqədən istifadə etmişdir. Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X4 489 saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, 2003-cü il təvəllüdlü X1 almış olduğu xəsarət-sağ ayaq pəncəsinin fuluktasiya və hərəkət məhdudluğu ilə müşayiət olunan hematoması küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YUNGUL zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, sürücü Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış materialın Nərimanov RPİ-nin DYPŞ-si vasitəsi ilə Nərimanov rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1707/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1707/2024
11.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver