Məhkəmə qərarları › İş №3(005)-1708/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1708/2021

03.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1708/2021 03.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Şikayət vermiş şəxs X1, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin polis sahə inspektoru X3 iştirakları ilə X1 barəsində Bakı şəhər Nərimanov RPİ-nin 16-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 08.04.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhər Nərimanov RPİ-nin 16-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 08.04.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 07.04.2021-ci il tarixdə axşam saatlarında Nərimanov rayon Polis idarəsinin 16-cı Polis bölməsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən restorana baxış keçirilmiş, karantin rejiminin tələblərinə əməl edilibedilməməsi yoxlanılmışdır. O, həmin restoranın aşbazıdır. Həmin vaxt restoran müdiriyyəti işdə olmadığına görə və işçilər arasında yaşca böyük olduğuna görə nəzarətçi olaraq qonaqları qarşılayırmış. Restoranın daimi müştərisi və İİ Qarabağ müharibəsi qazisi özü ilə gətirdiyi fərdi əl qəlyanından istifadə etmək istədiyini bildirmiş, o isə Nazirlər Kabinetinin qərarına əsasən restoranda qəlyan xidmətinin qağadan olduğunu bildirmişdir. Lakin, israrlı xahişlərdən sonra icazə vermişdir. Buna görə də, yoxlama zamanı polis əməkdaşları restoranda qəlyan xidməti göstərildiyini hesab etmişlər. O, həmin şəxsin qazi olduğunu və özü ilə gətirdiyi fərdi qəlyan aparatından istifadə etdiyini bildirmişdir. Həmçinin, həmin şəxsə onun tərəfindən restoranda qəlyan xidmətinin əvvəlcədən qadağa olunduğu barədə xəbərdarlıq edildiyini, lakin şəxsin xahişi ilə özünə məxsus aparatdan istifadə etməsinə icazə verdiyini bildirmişdir. Bu barədə bölmədə yazılı izahatında qeyd etmişdir. Nərimanov rayon Polis idarəsinin 16-cı Polis bölməsinin sahə inspektoru Nicat Əliyev tərəfindən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir və protokolda onun tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejiminin tələblərinin pozulması qeyd edilmişdir. MN ******* nömrəli protokol əsasında Nərimanov RPİ-nin 16-cı PB-nin rəisi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərara əsasən o, İXMnin 211.1-ci maddəsinə əsasən, 4000 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən Qərar əsassızdır. Göründüyü kimi, protokolda qeyd edilmiş inzibati xəta tərkibli əməl onun tərəfindən törədilməmişdir. Məhkəmədən barəsində Bakı şəhər Nərimanov RPİ-nin 16-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 08.04.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs X2 verilmiş şikayət ərizəsinin məzmununa uyğun şəkildə çıxış edərək təmin edilməsini xahiş etmişdir Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov RPİ-nin 16 Polis Bölməsinin polis sahə inspektoru X5 izahat verərək bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən obyektdə dəfələrlə karantin rejiminin qaydaları pozulduğuna görə protokol tərtib olunmuşdur. Sonuncu dəfə 07.04.2021-ci il tarixində həmin obyektə bir nəfər şəxsin özü ilə birlikdə qəlyan aparatını həmin obyektə gətirdiyinə görə protokol tərtib etmişlər. Həmin obyektdə cavabdeh şəxsin kim olduğunu aydınlaşdırarkən müəyyən etmişlər ki, orada aşbaz işləyən Cəfərov Tural adlı şəxs həmin obyektdə məsul şəxsdir. Sonradan məlum olmuşdur ki, obyektin müdiri Tural adlı şəxsi məsul şəxs qismində önə çıxarmış və ona bildirmişdir ki, nə cərimə olsa ödəyəcək. Lakin, verdiyi vədə əməl etməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirib və iş materiallarını araşdıraraq, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq inzibati xəta haqqında protokolu tərtib edən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi tərəfindən tərtib edilmiş 08.04.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, X2 07.04.2021-ci il tarixdə, axşam saat 18:24-də epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimini pozmuşdur. İnzibati tənbeh vermə haqqında 07.01.2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərardan görünür ki, X2 AR İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan “MyGov” portalından əldə olunmuş vətəndaşın iş yeri haqqında 29.07.2021-ci il tarixli arayışdan görünür ki, X2 27.11.2020-ci il tarixdən etibarən əmək müqaviləsi bağlamaqla “Manhattan” restoranında aşbaz vəzifəsində işləyir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqan işin hallarına düzgün qiymət vermədən, iş üzrə zəruri əhəmiyyət kəsb edən halları araşdırmadan, inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikası İXM-in 17-ci maddəsinin qeyd hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Hazırki şəraitdə iş üzrə tərəflərin izahatları, iş yeri haqqında arayış və təqdim edilmiş digər sübutlarla müəyyən edilmişdir ki, X2 “Manhattan” restoranında aşbaz vəzifəsində işləyir və o, İXM-in 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın subyekti deyil, yəni hər hansı təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrini və ya sahibkarlıq fəaliyyətini həyata keçirmir. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.3-cü maddələrinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X2 barəsində MN seriyalı ******* nömrəli, 08.04.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X2 Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Ona görə də, yuxarıda sadalanan qanunun tələbləri və işin halları baxımından X2 tərəfindən verilmiş şikayət təmin olunaraq, Bakı şəhər Nərimanov RPİ-nin 16-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 08.04.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 barəsində Bakı şəhər Nərimanov RPİ-nin 16-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 08.04.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar