Məhkəmə qərarları › İş №3(005)-171/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-171/2022

09.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-171/2022 09.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Şikayət vermiş şəxs Əsgərov Ruslan Vaqif oğlunun iştirakı ilə, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş EP seriyalı ******* nömrəli, 03.11.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan Əsgərov Ruslan Vaqif oğlunun verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi Əsgərov Ruslan Vaqif oğlu, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş EP seriyalı ******* nömrəli, 03.11.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tərəfindən 12.09.2019-cu il tarixdə 11.135.00 ABŞ dolları məbləğində pul vəsaiti müxtəlif malların alınması üçün xarici ölkəyə köçürülmüşdür. Həmin mallar tərəfindən vaxtında Azərbaycan Respublikasına gətirilmiş və gömrükdə rəsmiləşdirilmişdir. Gömrükdə rəsmiləşdirilən zaman tərəfindən malların gəlməsi bəyan edilmiş və gömrük bəyannaməsi banka təqdim edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən isə 03.11.2021-ci il tarixli, EP ******* saylı qərarla, Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 1113.50 ABŞ dolları cərimə növündə tənbeh tətbiq edilmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş EP ******* saylı protokol və Azərbaycan Respublikası İXMnin 430.4-cü maddəsi ilə təqsirli bilinməsi barədə EP № ******* saylı qərar qanunsuzdur və məhkəmə tərəfindən ləğv edilməlidir. Belə ki, tərəfindən ölkədən çıxarılmış 11.135.00 ABŞ dolları məbləğində vəsaitin əvəzində rəsmi olaraq mallar ölkə ərazisinə gətirilmiş, maddədə nəzərdə tutulan avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması halları olmamışdır. Məhkəmə iclasında şikayət vermiş şəxs Əsgərov Ruslan Vaqif oğlu şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş EP seriyalı ******* nömrəli, 03.11.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Əsgərov Ruslan Vaqif oğlu 11135.00 ABŞ dolları məbləğində vəsaiti 12.09.2019-cu il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 11135.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 13.09.2021-ci il tarixdə vəzifəli şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə də Əsgərov Ruslan Vaqif oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 1113.50 ABŞ dolları məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəməyə təqdim edilmiş **********3542 saylı 01.10.2019-cu il tarixli gömrük bəyannamələrinin surətindən görünür ki, Əsgərov Ruslan Vaqif oğlu tərəfindən 11135,00 ABŞ dolları məbləğində alınan mallar ölkəyə idxal olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.11-ci maddəsinə əsasən gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 45/1 nömrəli 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydarının 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 270 (iki yüz yetmiş) gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda (xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən) bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edir. 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndində nəzərdə tutulmuş “270 (iki yüz yetmiş)” sözləri “02 (iki) il” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Qeyd edilən maddənin dispoziyasından göründüyü kimi, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət müəyyən edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Əsgərov Ruslan Vaqif oğlu tərəfindən 10.09.2019-cu il tarixdə Azərbaycan Respublikasından kənara 11135,00 ABŞ dolları məbləğində vəsait köçürülmüş, ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçmədən yəni 01.10.2019-cu il tarixdə 11135,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan məhsullar ölkəyə idxal edilmişdir. Bu hal təqdim edilmiş gömrük bəyannaməsi ilə təsdiq edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi Əsgərov Ruslan Vaqif oğlunun əməlində inzibati xəta tərkibi olmadığından, onun şikayəti təmin edilməli, Azərbaycan Respublikası Mərkəzi Bankının 03 noyabr 2021-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və Əsgərov Ruslan Vaqif oğlunun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Əsgərov Ruslan Vaqif oğlunun barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş EP seriyalı ******* nömrəli, 03.11.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar