Məhkəmə qərarları › İş №3(005)-171/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-171/2025

24.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-171/2025 24.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi Bakı şəhər BPİ-nin X8 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının Müşayiət eskort bölüyü yol-patrul xidməti baş inspektoru X1 Şikayətçi- X3 iştirakı ilə, X3 AR DİN Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş İXP6649605 nömrəli, xx.xx.2024-cü tarixli inzibati xətaya dair protokol əsasında tərtib edilmiş TP6855754 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasına dair şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 AR DİN Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş İXP6649605 nömrəli, xx.xx.2024-cü tarixli inzibati xətaya dair protokol əsasında tərtib edilmiş TP6855754 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 27 oktyabr 2024-cü il tarixdə, saat 14:20 radələrində Koroğlu Rəhimov küçəsində, Socar YDM-nin (keçmiş A BU Petrol) düz qarşısındakı o biri tərəf yoldan olan yerdə, onun sola dönməyi üçün dönüşə icazə verən 1.11 üftiqi xətti çəkilib (Qiriq Xətt dönmək üçün). Hadisə anındaca, elə orada Şəkil və Videosunu da çəkmişdir. Açıq aydın şəkildə yola qırıq xətt çəkilmişdir. Dönmədən öncə bütün sağdan gələn maşınları da buraxmış və eyni zamanda güzgüdən də arxadakı YPX maşını da görmüşdür. Yəni ki, polisin arxasında olduğunun fərqində olduğunu və yolda 1.11 üftiqi qırıq xətt olduğu üçün də xətdən sola Socar YDM-nin içinə dönmüşdür. Yolda qırıq xəttin qarşısında heç bir digər əmredici inişan yox idi. Lakin arxasınca gələn YPX onu saxlayıb, həmin 1.11 xəttini öz gördüyü halda onunla prinsipə düşüb qanunsuz protokol yazmış, guya ki, o 1.1 ve 1.3 xettini keçmişdir. (bütöv düz xətt ya da qoşa xətt). Protokola görə onui 100 azn cərəmələmişdir. İXP6649605 saylı bu protokol Tamamilə Əsassız ve Qanunsuz yazilib. Bildirir ki, yoldakı xətlərin şəkil və videosunu da çəkmişdir. Qeyd edilənlərdən göründüyü kimi, barəsində yazılan həmin inzibati protokol və onun əsasında çıxarılan qərar əsassız və qanunsuzdur. Belə ki, tərəfindən protokolda qeyd edilən qayda pozuntusuna yol verilməmişdir. Yəni o qoşa xətti tapdalamamış və sola manevr üsulunda heç bir qayda pozuntusuna yol verməmişdir. O 13 ildir hər gün maşın sürür və son 7-8 ildə heç bir cərimə balı olmayıb. Onu da bildirir ki, hadisədən cəmi 3 gün sonra, xx.xx.2024 tarixdə o, www.mia.gov.az saytı vasitəsilə müvafiq elektron şikayəti Respublika Baş DYPİ-nə göndərmişdir. Lakin COP-29 hazırlıqlarına görə onun işinə baxılması 50 günədək ləngimiş və ona Bakı DYPİ-dən rəsmi cavab yalnız xx.xx.2024 tarixində gmail-inə gəlmişdir. Cavabda qeyd olunmuşdur ki, guya ‘Təhlükəsiz Şəhər” kameraları ilə baxıb təyin ediblər ki, o bu qayda pozuntusunu etmişdir və narazı qaldığı halda məhkəməyə müraciət edə bilər. O Bakı DYPİ-nin 108-ci otağında kameranı açdırmış və real olaraq həmin kamerada onun döndüyü yeri kamera çox-çox uzaqdan çəkir, heç onun maşınının nömrəsi də seçilmir və yerdəki üfüqi nişanlanma xətti isə ümumiyyətlə görünmür. Yəni ki, nə maşının nömrəsi görünməyən nə də xətt görünməyən yerdən, nə hikmətsə qərara gəliblər ki, guya o qayda pozub xətti tapdalamışdır. Hadisə anında çəkilən Şəkil və Videonu isə rəsmi sübut kimi imtina edirlər ki, bu əlnən çəkilib. Halbuki, əlindəki bu çəkilişlər, hal şahidliyi kimi bir qisim formasında sübut kimi qəbul edilməli idi. Bakı DYPİ-dən rəsmi cavabın gəlməsi o qədər ləngidir ki, hətta ona yazılan 100 azn cərimədən əlavə 2 azn də dəbbə pulu hesablanıb. Yəni toplam 102 azn. O ali təhsilli olsa da hazırda işsiz birisidir. Heç bir gəlir yeri yoxdur. Sürdüyü maşın, atasının ona bağışladığı maşınıdır. Bu cəriməni atasının pensiyası ilə ödəmişdir o ümidlə ki, ədalətli məhkəmədə bu qanunsuz qərarı ləğv etdirib onun pensiyasını geri qaytaracaq. Təqdim etdiyi şəkil və video sübutların əsasında bu əsassız və qanunsuz cəriməni ləğv edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X6 məhkəmədə şikayətin dəlillərinə uyğun şəkildə çıxış edərək Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz hesab edilərək ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Bakı şəhər BPİ-nin X8 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının Müşayiət eskort bölüyü yol-patrul xidməti baş inspektoru X2 məhkəmə iclasında çıxış edərək, X6 tərəfindən inzibati xətanın törədilməsini, tərtib olunmuş inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərarın əsaslı olduğunu bildirdi və şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AR DİN Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş İXP ******* nömrəli, xx.xx.2024-cü tarixli inzibati xətaya dair protokol əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında TP6855754 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X6 Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, səksən (100) manat miqdarında cərimə edilmişdir. Qərarın məzmunudan görünür ki, sürücü X6 xx.xx.2024-cü il tarixdə saat 14:22-də ünvan 1 ünvanında ”BMW” minik markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozulması nəticəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X4 İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair AR DİN Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş İXP ******* nömrəli, xx.xx.2024-cü tarixli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş TP6855754 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işə yenidən baxılması Bakı şəhər X8 İdarəsinə tapşırılmalıdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X6 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, İXM-in: 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 124.4.-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-səksən manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, inzibati xətanın mövcudluğu ilə razılaşmayan X4 barəsində tərtib edilən inzibati xəta haqqında protokola baxılarkən onun iştirakı təmin edilməmiş, araşdırma düzgün aparılmamış və barəsində inzibati qaydada cərimə olunmasına dair qərar qəbul edilmiş, həmçinin hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, halbuki sübutetmə yükü məhz onun üzərinə düşür (İXM-8.2). İXM-in: 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X6 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X6 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, AR Bakı şəhər BPİ-nin X8 İdarəsi tərəfindən qəbul edilmiş İXP ******* nömrəli, xx.xx.2024-cü tarixli inzibati xətaya dair protokol əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarlar ləğv edilməli, X6 barəsində işə yenidən baxılması Bakı şəhər BPİnin X8 İdarəsinə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X3 İXM-in 327.2-ci maddəsi ilə cərimə olunmasına dair Bakı şəhər BPİ-nin X8 İdarəsi tərəfindən qəbul edilmiş İXP ******* nömrəli, xx.xx.2024-cü tarixli inzibati xətaya dair protokol əsasında tərtib edilmiş TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və işə yenidən baxılması Bakı şəhər BPİ-nin X8 İdarəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar