Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1713/2023 09.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 22 may 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, X2 Şəxs tərəfindən xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müvafiq işlərin yerinə yetirməyə cəlb edilmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs və səlahiyyəti orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxsin və səlahiyyəti orqanın nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan MN seriyalı ******* nömrəli, 22 may 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X2 Şəxs tərəfindən xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müvafiq işlərinə yerinə yetirməyə cəlb edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-17-5/2-16928/2023 nömrəli məktubundan görünür ki, vətəndaşlar X4 və X1 Şəxsndə əmək hüquqlarının pozulması barədə müraciətlərə baxılmışdır. İnzibati xəta halının olub-olmamasının araşdırılması üçün Şəxs xx.xx.2023-cü il tarixə, saat 11:00-da 2 saylı Bakı DOST Mərkəzinə dəvət olunmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən, həmin Məcəllənin tələblərinə əməl edilməklə bağlanan əmək müqaviləsi əmək hüquq münasibətlərini tənzimləyən yazılı sənəddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 1-ci və 3-cü maddələrinə əsasən, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir və işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsi (kontraktı) adlanır; Həmin Məcəllənin 7-ci maddəsinə əsasən:
1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 42-ci maddənin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 49-cu maddəyə əsasən:
1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
2. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir.
3. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir.
4. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən Şəxs tərəfindən işçi ilə əmək müqaviləsi bağlanılmadan işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Buna görə də, məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış X3 Xidməti Şəxs tərəfindən işçi ilə əmək müqaviləsi bağlanmamasına dair pozuntuya yol verilməsini aşkar etməklə işəgötürən tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş Şəxs barəsində haqlı olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Beləliklə, məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsi hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi, bununla da Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirildiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinməli və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20000 (iyirmi min) manat miqdarında inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər
Hakim Hafiz Kamranov