Məhkəmə qərarları › İş №3(005)-1714/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1714/2020

25.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1714/2020 25.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 barəsində Bakı şəhəri DYPİ Müşayiət-Eskort bölüyü YPX baş inspektoru X2 tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, xx.xx.2020-ci il tarixli qərarın ləğv olunmasına dair şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3, barəsində Bakı şəhəri DYPİ Müşayiət-Eskort bölüyü YPX baş inspektoru X2 tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, xx.xx.2020-ci il tarixli qərarın ləğv olunmasına dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi idarəsinin inzibati xəta haqqında iş üzrə 07 Sentyabır 2020-ci il tarixli qərarı ilə onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyi iddia olunur. Nəzərə çatdırır ki, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi idarəsinin əməkdaşı X2 07 sentyabır 2020 ci il tarixində Bakı şəhəri İ.Hidayətzadə küçəsində idarə etdiyi ** ST *** dövlət qeydiyyat nişanlı avtomobilinə dur əmri verərək saxlamış və qayda pozduğunu iddia edərək barəsində 100 manat məbləğində cərimə tətbiq olunması barəsində qərar qəbul etmişdir. Barəsində yazılmış bu inzibati xətanın ədalətsiz olduğunu düşünərək məhkəmə zalında hadisəyə baxılaraq hüquqi qiymət verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası DİN-nin BDYP idarəsinin X3 barəsində yazılmış inzibati xəta haqqında xx xxxxxxxx 2020-ci il tarxili qərarını ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq qərarı barəsində şikayət verilmiş Bakı şəhəri DYPİ Müşayiət-Eskort bölüyü YPX-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə işə iştirakları olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən şikayətə Bakı şəhəri DYPİ Müşayiət-Eskort bölüyü YPX-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri DYPİ Müşayiət-Eskort bölüyü YPX baş inspektoru X2 tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, xx.xx.2020-ci il tarixli qərardan görünür ki, X3 xx.xx.2020-ci il tarixdə saat 13:01-də “NİSSAN TİİDA” minik markalı, **-ST- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətdilməsində təqsirli bilinərək barəsində 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X3 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə-yüz manat məbləğində cərimə edilir. Qanunvericiliyin məzmunundan göründüyü kimi İXM-nin 327.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın hər hansı sübutlar təqdim edilmədən araşdırılması mümkün deyildir. Məhkəmə iclasında təqdim edilən sübutlar isə X3 tərəfindən İXM-nin 327.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsini sübut etmək üçün kifayət etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir: Həmin Məcəllənin 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X3 barəsində TP seriyalı ******* saylı, xx.xx.2020-ci il tarixli qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. X1 Azərbaycan Respublikası İXM-in 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olmasının qanunla müəyyən olunmuş qaydada müəyyən edilməsi mümkün olmadığı üçün o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də Bakı şəhəri DYPİ Müşayiət-Eskort bölüyü YPX baş inspektoru X2 tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, xx.xx.2020-ci il tarixli qərar ləğv edilməli, X1 Azərbaycan Respublikası İXM-in 327.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə qərar yenidən baxılması üçün Bakı şəhəri DYPİ –nə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri DYPİ Müşayiət-Eskort bölüyü YPX baş inspektoru X2 tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, xx.xx.2020-ci il tarixli qərar ləğv edilsin. X3 barəsində Azərbaycan Respublikası İXM-in 327.4-cü maddəsi ilə inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri DYPİ - nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar