Məhkəmə qərarları › İş №3(005)-1715/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1715/2020

10.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1715/2020 10.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhər Nərimanov RPİ-nin 16cı Polis Bölməsinin sahə rəisi X6, zərərçəkmiş şəxs X3, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi 16-cı PB-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin təhqiqatçısı X1 xx xxxx 2020-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın icrası 16-cı PByə həvalə edilmişdir. Həmin qərar əsasında Şəxs barəsində Bakı şəhər Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin sahə rəisi X12 tərəfindən MN seriyalı ******* nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə yaşadığı evdə valideynləri mübahisə edən zaman onları ayırmaq üçün araya girmiş və atası X3 üzərinə gələrək onu boğmaq istəmiş, lakin sonda onu döymüşdür. Nəticədə, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin sahə rəisi X12 bildirdi ki, xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanda yaşayan X9 ərizə ilə Nərimanov RPİ-nin 16-cı PB-yə müraciət edərək xx.xx.2020-ci il tarixdə saat 13 radələrində yaşadığı mənzildə olan zaman həyat yoldaşı X10 ilə aralarında sözlü mübahisənin yaranmasını və mübahisə nəticəsində A.Rzayevin onu döyməsini bildirmişdir. Eyni zamanda X10 da ərizə ilə müraciət edərək oğlu Şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Şikayətlərə əsasən araşdırma aparılmış, nəticədə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Bakı şəhər Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə göndərilmişdir. Həmin qərar əsasında Şəxs barəsində onun tərəfindən İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 157-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, 30 ildir valideynləri evlidir. Bu müddət ərzində tez-tez valideynləri arasında mübahisə baş vermişdir. Lakin son zamanlar bu dözülməz hala gəlib çıxmışdır. O, ayrı evdə öz ailəsi ilə yaşasa da, valideynləri onun qonşuluğunda yaşayır. xx xxxx 2020-ci il tarixdə yaşadıqları evdə olan zaman atası anası ilə mübahisə etmiş və sonuncuya əl qaldırmışdır. Anası qaçaraq onların mənzilinə gəlmiş, atası Alxas Rzayev də onun dalınca gəlmişdir. O, atası Alxas Rzayevdən çıxıb getməsini tələb etmişdir. Bu zaman atası motosikleti anasının üstünə atmış və anasına qarşı alçaldıcı sözlər işlətmişdir. O, atasını sakitləşdirmək üçün onu əli ilə itələmiş, lakin onu döyməmişdir. Bu zaman yer su olduğundan hər ikisi yerə yıxılmışdır. O, özünü müdafiə etmək üçün əl-qol atsa da, atasını vurmamışdır. Atası ilə barışmamışdır. Yekunda inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X10 izahatında göstərdi ki, həyat yoldaşı X9 ilə otuz ildir evli olsalar da, tez-tez aralarında mübahisə olur. xx xxxx 2020-ci il tarixdə evdə olduqları zaman Gülsüm onun telefonuna girərək qadınla yazışmalarını görmüş və bu səbəbdən aralarında mübahisə olmuşdur. Gülsüm onu əsassız qısqanaraq təhqiredici sözlər demişdir. O, əsəbindən uşaq oyuncağını qaldırıb Gülsümə atmaq istəsə də onu kənara tullamışdır. Gülsüm qaçaraq oğlu Cavadın evinə getmişdir. O da Gülsümün dalınca oğlunun evinə getmişdir. Bu zaman Cavad onun üzərinə hücum çəkərək onu yerə yıxmış və döymüşdür. Nəticədə o, xəsarət almışdır. Hazırda oğlu ilə barışmamışdır. Oğlundan şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 izahatında göstərdi ki, X10 ilə uzun müddətdir evlidir, aralarında tez-tez mübahisə və münaqişə olur. xx xxxx 2020-ci il tarixdə evdə olduqları zaman yenə aralarında mübahisə olmuş, Alxas onu nalayiq sözlərlə təhqir etmiş, uşaq oyuncağı olan motosikleti üzərinə atmışdır. O, qaçaraq oğlu Cavadın evinə getsə də, əri Alxas da onun dalınca gəlmişdir. Alxas onu vurmaq istəyəndə o, balkona qaçmışdır. Oğlu Cavad atası Alxasın hərəkətlərinin qarşısını almaq istəmiş, lakin Alxas Cavadı da vuraraq onu yerə yıxmışdır. Bu zaman yer su olduğundan Alxas və Cavad yerə yıxılmışdır. Oğlu Cavad əri Alxasa xəsarət yetirməmiş və onu döyməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Əliyev X5 Cavad Alxas oğlunun barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özü etiraf etməsə də, iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixdə saat 12:51 radələrində X9 DİN-nin 102 xidmətinə zəng edərək, əri X10 tərəfindən yaşadığı evdə döyülməsi barədə bildirmişdir. Daxil olmuş məlumat xx.xx.2020-ci il tarixdə Nərimanov RPİ-nin 16-cı PB-də cinayətlər haqqında ərizələr və məlumaların qeydiyyatı kitabında (HK 1-də) 610 sayla qeydiyyata alınaraq təhqiqatçı X1 icraatına qəbul edilmiş və tərəfindən araşdırma aparılmışdır; xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanda yaşayan X9 ərizə ilə Nərimanov RPİ 16-cı PB-yə müraciət edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 13 radələrində yaşadığı mənzildə olan zaman həyat yoldaşı X10 ilə aralarında sözlü mübahisə yaranmış və mübahisə nəticəsində A.Rzayev onu döymüşdür. Eyni zamanda X10 da ərizə ilə müraciət edərək oğlu Şəxs tərəfindən döyüldüyünü bildirmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X11 X13 Publik hüquqi şəxsin canlı şəxsin ekspertizasına dair xx.xx.2020-ci il tarixli, 476 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, X4 aşkar edilmiş xəsarət - sağ almacıq nahiyəsinin sıyrığı, sağ təpə, sol ayağın İ barmağın qançırları küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2020-ci il tarixdə və şəraitdə əmələ gələ bilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Vət. X4 aşkar edilmiş xəsarətin xarakter və lokalizasiyasına görə şəxsin özü-özünə yetirilməsi və öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inandırıcı deyil; “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin təhqiqatçısı X7 tərəfindən X2 vermiş olduğu məlumat əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, vət. Şəxs və X3 İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surətinin Nərimanov RPİ-nin 16-cı PB-yə göndərilməsi qərara alınmışdır. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, Şəxs özünü təqsirli bilməməsi barədə izahatını inandırıcı hesab etmir və bunu inzibati məsuliyyətdən yayınmaq üçün verilən izahat kimi qiymətləndirir. Məhkəmə, həmçinin şahid X2 izahatına qiymət verərək hesab edir ki, həmin izahat oğlu Şəxs inzibati məsuliyyətə cəlb olunmaması məqsədi ilə verilmişdir və həqiqəti əks etdirmir. Belə ki, iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyi ilə X8 yetirilən xəsarətlərin xx.xx.2020-ci il tarixdə və şəraitdə əmələ gələ bilməsi təsdiq olunur. Həmçinin, rəydə X4 aşkar edilmiş xəsarətin xarakter və lokalizasiyasına görə şəxsin özüözünə yetirilməsi və öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsinin inandırıcı olmaması da qeyd edilmişdir. Məhkəmə tərəfindən Şəxs əməlində İXM-in 32 və 33-cü maddələrinə əsasən inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və xəta törədən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Əlavə olaraq məhkəmə qeyd edir ki, İXM-in 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarının: 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir; 4-cü bəndinə əsasən bu qərarla müəyyən edilən məbləğlər müdafiəçinin (vəkilin) təqdim etdiyi hesabata müvafiq olaraq məhkəmənin əsaslandırılmış qərarı əsasında bu məhkəmənin yerləşdiyi ərazinin maliyyə orqanları tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına vəkillərin müvafiq ərazi qurumu hesabına ödənilir; 5-ci bəndinə əsasən bu qərarın 1-ci və 4-cü hissələri İXM-in 66.3-cü maddəsində nəzərdə tutulmuş hallara, həmçinin mülki işlər və inzibati mübahisələrə dair işlər üzrə şəxsin Azərbaycan Respublikasının Ali Məhkəməsində təmsil edilməsi zamanı vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, vəkil tərəfindən göstərilən hüquqi yardım hallarına da şamil edilir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin Vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 4 (dörd) iş saatı üçün cəmi 24 (iyirmi dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən Şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 4 (dörd) iş saatı üçün cəmi 24 (iyirmi dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun Bakı şəhəri “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialında olan hesabına (H/h AZ41AİİİB********************, Bank rekvizitləri: “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialı, VÖEN: **********, Kod: 200112) köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar