Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1717/2025 12.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs - X1, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X9 İdarəsi nümayəndəsi X4 iştirakları ilə, X1 AR DİN Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ seriyalı 26109272 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək AR DİN Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X3 şikayət ərizəsində göstərmişdir ki, Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixind EQ seriyalı 26109272 saylı inzibati xəta haqqında qərar çıxarılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2025-ci il tarixind EQ seriyalı 26109272 saylı inzibati xəta haqqında qərar ləğv edilmiş və iş baxılması üçün DİN Baş X8 İdarəsinə göndərilmişdir. Lakin şikayət üzrə barəsində müvafiq araşdırılma aparılmadan Baş X8 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında yenidən qərar qəbul edilmişdir. Məhkəmə iclasında X3 verdiyi şikayətin məzmununa uyğun çıxış edərək qeyd etdi ki, barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv olunmalı, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin nümayəndəsi X6 inzibati xəta hadisəsini özündə əks etdirən videogörüntünü məhkəməyə təqdim edərək X3 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğuna görə şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(103)-1765/2025 saylı qərarından görünür ki, X3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(005)-1717/2025 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası DİN Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 100 manat miqdarında cərimə edilmişdir. Hadisə görüntülərini əks etdirən “CD” diskdən görünür ki, X3 xx.xx.2025-ci il tarixdə saat 09:04-də Ziya Bünyadov prospekti, “Hyundai” servisin yaxınlığı ünvanında “VAZ 21011” minik markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən ilk qırıq-qırıq nişanlama xəttindən ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağa daxil olmuşdur. Bununla bağlı T.Bəxtiyarov qeyd etmişdir ki, o, yolun qeyd olunan hissəsində sağa dönmək üçün əməliyyat aparmaqdan ötrü ilk qırıq-qırıq nişanlama xəttindən ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağa daxil olaraq ilk yolayrıcında sağa dönərək “Hyundai” Servisə getmişdir. Belə ki, o, idarə etdiyi avtomobillə ilk qırıq-qırıq nişanlama xəttindən ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağa daxil olarkən yan hissədə yalnız hasar və bağlı darvaza olmuş, təbii ki, niyyəti ora deyil, ondan bir qədər irəlidə olan yolayrıcına keçmək olmuşdur. Məhkəməyə təqdim edilən digər videogörüntüdən müəyyən olunur ki, X3 xx.xx.2025-ci il tarixdə saat 09:04-də Ziya Bünyadov prospekti, “Hyundai” servisin yaxınlığı ünvanında “VAZ 21011” minik markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağa daxil olduğu ilk qırıq-qırıq nişanlama xəttindən sağda bir ədəd darvaza və yol boyu hasar vardır, irəlidə isə “Hyundai” Servis yerləşir. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, X3 tərəfindən EQ seriyalı 26109272 saylı inzibati tənbeh vermə haqqında qərar üzrə 100 manat cərimə məbləği ödənilmişdir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə – yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti” haqqında Azərbaycan Respublikasının Qanununun: 48-ci maddəsinə əsasən: İV. 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bələrlər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsi dinləyib, onun şikayət ərizəsi və ona əlavə etdiyi materialları tədqiq edərək müəyyən etmişdir ki, X3 xx.xx.2025-ci il tarixdə Ziya Bünyadov prospekti ərazisində “VAZ 21011” minik markalı, **-BA-*** nömrəli nəqliyyat vasitəsini idarə etdiyi zaman ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsi ilə bağlı inzibati xətanı törətməkdə təqsirli bilindiyinə görə barəsində Azərbaycan Respublikası DİN Baş X8 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 100 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarda X1 xx.xx.2025-ci il tarixdə İXM-in 327.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd edilsə də, sözügedən inzibati xətanın törədilməsində şəxsin qəsdi sübuta yetirilməmişdir. Halbuki iş materiallarına əlavə olunan videogörüntü və şəxsin izahatlarından belə nəticəyə gəlmək olar ki, X3 xx.xx.2025-ci il tarixdə Ziya Bünyadov prospekti ərazisində “VAZ 21011” minik markalı, **-BA-*** nömrəli nəqliyyat vasitəsini idarə etdiyi zaman sağa dönmək üçün qırıq-qırıq nişanlama xəttindən ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağına daxil olmuş və hərəkətini davam etdirməklə “Hyundai” Servisə keçmişdir. T.Bəxtiyarovun avtomobili ilə zolağa daxil olduğu qırıq-qırıq nişanlama xəttinin yanında yalnız hasar və bağlı darvazanın olması onu deməyə əsas verir ki, bu şəxs öz əməlinin hüquqazidd xarakterini dərk edib, onun zərərli nəticələrini qabaqcadan görməklə bunları arzu etməmiş, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verməmişdir. Göründüyü kimi şəxs ona istinad olunan inzibati xətanı törətməkdə qəsdi müəyyən olunmadığına görə təqsirli hesab edilə bilməz. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan şəxsin təqsirliliyini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli qərardan verilmiş şikayət əsaslıdır. Məhkəmə hesab edir ki, X1 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X1 təqsirliliyini təsdiq edən hər hansı mötəbər sübut iş materiallarına əlavə olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri baxımından X1 AR DİN Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməli, qeyd olunan qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmçinin məhkəmə əlavə olaraq qeyd edir ki, göründüyü kimi X1 cərimə edildiyi inzibati tənbeh vermə haqqında qərar hazırda məhkəmə tərəfindən ləğv edildiyindən həmin qərarın qəbul edilməsinə əsas olmuş inzibati xəta haqqında protokol üzrə ödənilmiş 100 manat cərimə X2 geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 53, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 barəsində Azərbaycan Respublikası DİN Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ seriyalı 26109272 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. X3 tərəfindən EQ seriyalı 26109272 saylı inzibati xəta haqqında protokol üzrə ödənilmiş 100 manat cərimə məbləği X2 geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(005)-1717/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1717/2025
12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver