Məhkəmə qərarları › İş №3(005)-1720/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1720/2023

30.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1720/2023 30.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis sahə inspektoru X1, Zərərçəkmiş şəxs-X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Ağdam rayonunun Cəvahirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən Şəxs İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı material 30 may 2023-cü il tarixdə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. 30 may 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs polisin qanuni tələblərinə məhəl qoymamışdır, bununla da İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmçinin 30 may 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Musayev X3 rayonu 18-ci PŞ-də xırda xuliqanlıq əməlləri törətmiş, bununla da İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətalarla bağlı ayrı-ayrı inzibati materiallar 29 mart 2023-cü il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə İXM-in 34.2-ci maddəsini rəhbər tutaraq, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş inzibati protokolların bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis mayoru X4 inzibati xəta haqqında protokolların məzmununa uyğun çıxış edərək Şəxs barəsində inzibati tənbeh tədbirinin seçilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, onun tərəfindən ictimai qaydanı pozan kobud hərəkətlərə yol verilməmiş, eyni zamanda polisə qarşı müqavimət göstərilməmişdir. Göstərilənlərə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, yaşadığı mənzilə getmək üçün taksi sifariş vermişdir. Hərəkət zamanı sürücünün telefonla danışması səbəbindən ona iradını bildirmişdir. Bundan sonra sürücü onu küçə və əxlaqsız söyüşlərlə təhqir etmiş, onu avtomobildən düşməyə qoymamışdır. Bu səbəbdən barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. X2 Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin rəisi cənab Bayram Alıyevə ünvanlanmış ərizədən görünür ki, xx.xx.2023-cü il tarixdə 20 Yanvar dairəsindən Montin qəsəbəsi Çaykovski küçəsi 4, mənzil 82 ünvanına getmək üçün taksi sifariş vermişdir. “Toyota Prius” markalı ** DT *** nömrəli maşın yaxınlaşmışdır. Gedərkən sürücünün telefonla danışdığını görüb, iradını bildirdikdə onu nalayiq ifadələrlə təhqir edib, telefon ilə çəkiliş edərək onu şantaj edəcəyini bildirmişdir. Həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. “İnzibati qaydada tutma haqqında” 29 may 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 19:10-da inzibati qaydada tutulmuşdur. Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri özü etiraf etməsə də, inzibati xəta haqqında protokollar zərərçəkmişin izahatı, habelə digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 510 və 535.1-ci maddələri ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. İXM-in: 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması özözlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 23 may 2023-cü il tarixdə taksi fəaliyyəti ilə məşğul olarkən müştəriyə qarşı qeyri-etik davranışlarına göə onun barəsində Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə şikayət daxil olmuş və şikayətin araşdırılması məqsədilə şöbədə olarkən Şəxs polisin qanuni tələblərinə riayət etməmiş, həmçinin ictimai yerdə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək nalayiq ifadələr işlətmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokollar, şahid ifadəsi və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 29 may 2023-cü il il tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən yol polis xidməti əməkdaşının qanuni tələbinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin də olması barədə nəticəyə gəlməyə əsas verir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar müəyyən olunmadı. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 29 may 2023-cü il saat 19:10-dan hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan inzibati həbs olunanların saxlama məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar