Məhkəmə qərarları › İş №3(005)-1723/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1723/2024

12.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1723/2024 12.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Şikayət vermiş şəxs X2 və onun nümayəndəsi X5 iştirakları ilə, X2 Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ tərəfindən qəbul edilmiş 24 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ tərəfindən qəbul edilmiş 24 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X3 şikayət ərizəsində göstərmişdir ki, o, 20 ildən artıq müddətdir ki, yuxarıda göstərilən ünvanda 5 mərtəbəli evin 3-cü mərtəbəsində qızı Abbaslı Turanə ilə birlikdə yaşayır. Bir müddətdir ki, söz söhbət gəzirmiş ki, yaşadığı evi söküb orada yaşayan sakinlərlə razılaşma əldə olunduqdan sonra yerində hündürmərtəbəli ev tikiləcək,onlarla razılaşmadan aslı olaraq ya həmin yeni evdən onlara yaşayış sahəsi veriləcək ya da yaşayış sahəsinin əvəzinə nəğd pul veriləcək. xx.xx.2024-cü il tarixində (günorta saatlarında) binanın ətrafının hasarlandığını görmüş, həmin yerdə qızı avtomobilini saxladığına görə avtomobilə zərər verməsinlər deyə hasarlanmanın olduğu yerə qızı ilə getmişdir. Məlum olmuşdur ki "xxxx" QSC binanın ətrafını sakinlərlə razılaşmadan, qanunsuz hasarlayır. O, bu barədə onlara heç nə deməmişdir, çünki qızı onlara fikir bildirmiş və qızı Turanə fərmana əsaslanaraq binalarının ətrafını hasarlamağın qanunauyğun olmadığını və əgər bu barədə sərəncam varsa onlara təqdim etmələrini xahiş etmişdir. Bundan sonra onlar qonşularla birlikdə 102-yə zəng vurmuşlar və bu barədə tədbir görülməsini tələb etmişlər. 102-yə şikayət əsasında gələn nümayəndələr gəlib onlara polis böməsinə yaxınlaşmaqlarını və orada şikayət ərizəsi yazmaqlarını xahiş etmişdir. Onlar ərizə yazıb geri qayıtdıqda hasarla bağlı yarı iş görülmüşdü. O, həmin ərazidə qanunauyğunsuz hərəkət etməmiş, sadəcə qızının yanında durmuşdur ve qeyd etmişdir ki, bir neçə il öncə hasarlanmanın olduğu yerdə olan obyektdə yanğın baş vermişdir ve obyekt onlara yaxın olduğu üçün o, yenə elə bir hal yaşanarsa, bu hasarın ona mane olacağı üçün narahatlıq hissi keçirmişdir. Xahiş etmişdir ki, nəzərə alınsın ki, o yaşlı xanımdır, ürəyində də problemlər var, ona həyəcan keçirmək olmaz. O, hasarlanma olan gündən çox narahatdır. Çünki binalarını “Ailə Park" QSC hasara aldığına görə onların binasında yanğın olsa, binaya giriş məhdudlaşmışdır (binanın 2/3 hisəsi hasarlanmışdır). Bu barədə FHN məktubunun surətini də təqdim etmişdir. Qızı onlara bu barədə sərəncam varsa, göstərmələrini tələb etsə də ilk saatlarda heç bir sənəd göstərməmişlər (bu barədə müvafiq orqanlara sübut etmək üçün qızı mobil telefon vasitəsi ilə video çəkiliş etmişdir) saatlar sonra icra hakimiyyətinin sərəncamını göstərərək ona əsaslandıqlarını qızı isə cavabında həmin icra sənədinin yalnız sakinlərlə razılaşma əldə olunduqdan sonra qüvvəyə minəcəyini demişdir (qeyd etmişdir ki binada 60 sakin yaşayır və məhkəmə işləri davam edir). O, hasarlanmaya mane olacaq hərəkətlər etməmişdir, sadəcə hasarlanmanın qanuna uyğun olub olmadığını maraqlanmışdır və məhkəmə işlərinin davam etdiyini və heç bir razılaşma olmadığını bildirmişdir. Ətrafı hasarlayan şəxsə qarşı heç bir fiziki güc tətbiq etməmişdir, sadəcə həyəcanla bu işin necə sona yetəcəyini görmək üçün qızının yanında dayanmışdır, Qızı ətrafı hasarlayanlara oranın hasarlanmamasını, sadəcə sözlə tələb etsə də iş sonacan davam etdirilmişdir və ətraf hasarlanmışdır. Bundan bir aya yaxın zaman ötmüşdür ki, sahə inspektoru qızına bildirmişdir ki, guya ondan şikayət var və xx.xx.2024 tarixində guya onun xırda xuliqanlıq etməyi barədə onun xəbəri olmadan tərtib edilmiş protokolu qızına vermişdir. Qeyd etmişdir ki, sahə inspektoru onlar mayın 27-si günü binanın etrafında hasara baxarkən bu barədə ona heç nə deməmişdir, çünki o, sakitcə dayanıb izləyirmiş və heç bir qanun pozuntusuna yol verməmişdir, Qanunsuz heç bir hərəkət, səs küy etməmişdir. Protokolla tanış olanda guya onun xırda xuliqanlıq etdiyi və inzibati xətalar məcəlləsinin 510-cu maddəsinə əsasən 50 manat cərimə olunduğunu görmüşdür. Həmin protokolla razı deyildir, ona görə ki, əvvəla protokol tərtib edən şəxs onun və guya orada iştirak edənlərin izahatlarını almadan, həqiqəti əks etdirməyən və oradan bir aya yaxın müddət ötəndən sonra ona verdiyi protokolun tərtib olunmasını görmüşdür. Hesab edir ki, onun barəsində qanunun tələbləri pozulmaqla və həqiqəti əks etdirməyən protokolun tərtibi onun hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Hesab edir ki, onun hərəkətinin xuliqanlıq kimi qiymətləndirilməsi əsassızdır. Şikayət vermiş şəxs X3 məhkəmə iclasında vermiş olduğu şikayəti müdafiə edərək məhkəmədən təmin olunmasını xahiş etmişdir. Şikayət vermiş şəxsin nümayəndəsi X7 öz izahatında X3 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın tam qanunsuz və əsassız olduğu üçün ləğv edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ tərəfindən qəbul edilmiş 24 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X1 Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarının 1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdəpozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. İctimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə təqsirkar şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsinə müvafiq olaraq xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 296cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXM-nin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. Məhkəmə qeyd edir ki, 24 may 2024-cü il tarixli, MN ******* nömrəli qərarda X3 tərəfindən ictimai qaydanın pozulmasına yönələn hərəkətlər edilməsi öz təsdiqini tapmamışdır. Qərarda ümumiyyətlə törədilmiş inzibati xətanın mahiyyəti açıqlanmamışdılr. Belə ki, ictimai qaydanı pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından, X2 Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ tərəfindən qəbul edilmiş 24 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət təmin edilməli, qeyd olunan qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 53, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat cərimə edilməsinə dair Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ tərəfindən qəbul edilmiş 24 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar