Məhkəmə qərarları › İş №3(005)-1726/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1726/2024

01.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1726/2024 01.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Şikayət vermiş şəxs "xxxx" MMC-nin (bundan sonra - Cəmiyyət) İdarə Heyətinin sədri X1 və onun vəkili Nümayəndə, Qərarı barəsində şikayət verilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətini nümayəndəsi X8 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-17-5/1-15824/2024 saylı “İnzibati xəta haqqında iş üzrə Qərardan verilən şikayətə baxılma haqqında” qərardan X1 və onun vəkili Nümayəndə verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 və onun vəkili Nümayəndə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-17-5/1-15824/2024 saylı “İnzibati xəta haqqında iş üzrə Qərardan verilən şikayətə baxılma haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, bildirmək istəyir ki, X11 Xidmətinin Abşeron Xızı Regional ərazi şöbəsinin rəisi X12 tərəfindən "xxxx" MMC-nin (bundan sonra - Cəmiyyət) İdarə Heyətinin sədri Natəvan İbrahimova istehsalatda baş verən hadisənin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumat verilməməsi ilə bağlı cərimə edilmişdir. Qeyd edilən inzibati tənbeh vermə haqqında qərardan xx.xx.2024-cü il tarixli şikayət məktubunda işçinin izahatına əsasən Cəmiyyətin işçisi X2 02 fevral 2024-cü il tarixində marketdə işləyən zaman soyuqdəymə səbəbindən özünü narahat hiss etməsi, struktur rəhbərinə məlumat vermədən X17 müraciət etməsi qeyd olunmuşdu. Lakin, 28 mart 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan edilmiş şikayət məktubu əsasında xx.xx.2024-cü il tarixinə təyin edilən baxış zamanı sənədlərdə uyğunsuzluq müəyyən olunmuşdur. Belə ki, müvafiq X19 stansiyası tərəfindən X11 Xidmətinə ünvanlanan məktubda xx.xx.2024-cü il tarixində X5 adına çağırış daxil olmadığı bildirilmişdir. Bu uyğunsuzluq səbəbindən iclas növbəti tarixə salınmışdır. Sənədlərdə sözügedən uyğunsuzluqla bağlı Cəmiyyətin işçisi X5 ilə yenidən əlaqə saxlanılmış və o bildirmişdir ki, həmin tarixdə hər hansı X19 maşını çağırılmamış və mağazanın ərazisinə daxil olmamışdır. İzahatında yanlış məlumat qeyd etməsinin səbəbinin mağazada əməyin təhlükəsizliyi ilə əlaqədar məsul şəxsin özünün olması ilə əlaqədar daxili təlimatlara əməl etdiyini nümayiş etdirməsi olduğunu bildirmişdir. Daha əvvəl də qeyd edildiyi kimi, X5 mağaza administartoru və məsul şəxs olmasına baxmayaraq məsələ ilə bağlı struktur rəhbərinə məlumat verməmiş və qeyd edilən halla bağlı işəgötürənə hər hansı xəstəlik vərəqəsi təqdim etməmişdir. İşəgötürənin bu halla bağlı X11 xidmətindən ona daxil olan məlumat əsasında məlumatı olmuşdur. Bu halda işgötürənin müvafiq qanunvericiliklə təsbit olunan hər hansı öhdəliyi mövcud deyildir. Qoşma olaraq əlavə edilmiş Sumqayıt Tibb Mərkzi X22 X19 Xəstəxanası tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X5 xx.xx.2024-cü il tarixdə saat 17:55-də təcili təxirə salınmaz tibbi yardım şöbəsinə müraciət etmişdir. Bu da xx.xx.2024cü il tarixdə həmin şəxsin X6 verdiyi izahatına uyğun deyildir. Həmin şəxs izahatında xx.xx.2024-cü il tarixdə təcili təxirə salınmaz tibbi yardım şöbəsinə müraciəti qeyd edilmişdir. Qeyd edilən iş ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinə xx.xx.2024-cü il tarixdə 28 mart 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayət ilə müraciət edilmişdir. Şikayətə baxıldıqdan sonra xx.xx.2024-cü il tarixdə inzibati tənbeh vermə qərarı qüvvədə saxlanılmışdır. Onlar yuxarıda göstərilənləri əsas götürülməklə hesab edirlər ki, xx.xx.2024-cü il tarixli qərar ləğv edilməli və icraata xitam verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 saylı qərarının 1.6-cı maddəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisə haqqında zərərçəkən, yaxud hadisənin şahidləri dərhal işəgötürənə (müəssisənin vəzifəli şəxslərinə) məlumat verməlidir. İşəgötürən (müəssisənin vəzifəli şəxslərinə) zərərçəkənə ilk tibbi yardım göstərilməsini, onun tibbi sanitar hissəsinə və ya digər müalicə idarəsinə çatdırılmasını təşkil etməyə, hadisə baş vermiş iş yerindəki şəraiti və avadanlıqların vəziyyətini hadisənin baş verdiyi anda olduğu kimi saxlamağa (əgər həmin şərait və vəziyyət ətrafdakı işçilərin həyatı və səhhəti üçün təhlükə törətmirsə, qəzaya səbəb olmursa) borcludur. Qeyd edilənlərin nəzərə alınaraq X7 xx.xx.2024-cü il tarixli 3-17-5/1-15824/2024 saylı qərarın ləğv edilməsi və icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən şikayət vermiş şəxs X1 vəkili Nümayəndə şikayəti müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qərarı barəsində şikayət verilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X14 izahatında göstərdi ki, qarşı tərəf istehsalatda baş vermiş hadisə ilə bağlı onlara məlumat verməmişdir. Həmçinin tərəflərindən qarşı tərəfə sorğu verildikdən sonra baş vermiş bədbəxt hadisə ilə bağlı onlara məlumat verilmişdir. Göründüyü kimi, qarşı tərəf hadisə ilə bağlı onlara hadisə baş verdiyi gün deyil, sorğu verildikdən sonra məlumat vermişdir. Həmçinin hadisənin baş verməsi ilə bağlı X15 daxil olan məktub mövcuddur, həmin məktubda işçinin xəsarət alması qeyd olunmuşdur. Qeyd olunanlara əsasən verilmiş şikayətin əsassız olduğunu və təmin edilməməsini xahiş etmişdir. İnzibati qərardan verilmiş şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, işdə iştirak edən şəxslərin izahatını dinləyib məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli Administratorun sətəm üzrə təlimatının 1.3-cü bəndində göstərilmişdir ki, adminstrator səhhətində kəskin xəstəliyin simptonlarının təzahürü, iş vaxtı baş vermiş hər hansı bir qəza, insanların həyat və sağlamlığına zərər vura biləcək təhlükələr haqqında dərhal üst rəhbərinə və ya əməyin mühafizəsi xidmətinə məlumat verməlidir. “Əməyin mühafizəsi haqqında giriş təlimatı”nın bəndində göstərilmişdir ki, X5 hər hansı qəza və zədələnmə hallarında dərhal rəhbərliyə məlumat verəcəyini imzası ilə təsdiq etmişdir. "xxxx" MMC-nin sədri Vüsal Şərifov tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli 17 saylı Əmrin 4-cü bəndində göstərilmişdir ki, cavabdeh şəxslər fəaliyyət sahələrindəki SƏTƏM ilə bağlı uyğunsuzluq, təhlükəli vəziyyət və baş vermiş iş qəzaları haqqında SƏTƏM strukturuna dərhal məlumat verməlidirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin əməkdaşı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-17-5/1-15824/2024 saylı “İnzibati xəta haqqında iş üzrə Qərardan verilən şikayətə baxılma haqqında” qərara əsasən şikayətin təmin edilməsi, "xxxx" MMC-nin İdarə heyətinin sədri X4 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı qüvvədə saxlanılmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Abşeron Xızı Regional ərazi şöbəsinin rəisi X12 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1000 (bir min) manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. “Sumqayıt Tibb Mərkzi X22 X19 Xəstəxanası”nın xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X5 xx.xx.2024-cü il tarixdə saat 17:55-də xəstəxananın təcili təxirəsalınmaz tibbi yardım şöbəsinə müraciət etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Abşeron Xızı Regional ərazi şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X11 Xidmətinin “İstehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar daxil olan” xx.xx.2024-cü il tarixli Məlumatından görünür ki, X3 döş qəfəsinin əzilməsi diaqnozu qoyulmuşdur. X5 tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, xx.xx.2024-cü il tarixdə səhhətində yaranmış problem ilə əlaqədar olaraq mağaza administartoru və məsul şəxs olmasına baxmayaraq məsələ ilə bağlı struktur rəhbərinə məlumat verməmişdir. Həmçinin qeyd etmişdir ki, heç bir xəsarət almamışdır, sadəcə daxili nasazlıq baş vermişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İş materiallarından müəyyən edilmişdir ki, X11 Xidməti tərəfindən iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən şikayət vermiş şəxsin qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Habelə iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən onun barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması və araşdırma zamanı şəxsin hüquqlarının təmin edilməməsi, eləcə də X1 şikayətində göstərdiyi dəlilər məhkəmədə onun inzibati xətanın subyekti olmasına şübhə yaradır. Məhkəmə iclasında aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, X5 xx.xx.2024-cü il tarixdə saat 17:55-də “Sumqayıt Tibb Mərkzi X22 X19 Xəstəxanası”nın təcili təxirəsalınmaz tibbi yardım şöbəsinə müraciət etmişdir. X11 Xidmətinin Abşeron Xızı Regional ərazi şöbəsi xx.xx.2024-cü il tarixli məktubunda göstərmişdir ki, X11 Xidmətinin “İstehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar daxil olan” xx.xx.2024-cü il tarixli Məlumatında X3 döş qəfəsinin əzilməsi diaqnozu qoyulmuşdur. Bundan əlavə X5 tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli izahatdan da görünür ki, xx.xx.2024-cü il tarixdə səhhətində yaranmış problem ilə əlaqədar olaraq mağaza administartoru və məsul şəxs olmasına baxmayaraq məsələ ilə bağlı struktur rəhbərinə məlumat verməmişdir. Həmçinin qeyd etmişdir ki, heç bir xəsarət almamışdır, sadəcə daxili nasazlıq baş vermişdir. X11 Xidməti tərəfindən qəbul edilmiş “İnzibati xəta haqqında iş üzrə Qərardan verilən şikayətə baxılma haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-5/1-15824/2024 saylı qərarın məzmununda da hadisənin xx.xx.2024-cü il tarixdə baş verməsi öz əksini tapmışdır. Bundan başqa məhkəmə iclasında aparılmış araşdırma nəticəsində o da müəyyən olunmuşdur ki, Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 2.6-cı bəndinə əsasən bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada İZ formalı akt tərtib edilməli və onun 1 nüsxəsi mütləq zərər çəkən işçiyə təqdim olunmalı olduğu halda qanunvericiliyin bu tələblərinə də riayət olunmamışdır. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində qərar qəbul edilmiş şəxsin üzərinə düşmür. Bu yük inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməlidir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X4 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, X11 Xidməti hadisənin xx.xx.2024-cü il tarixdə və ya xx.xx.2024-cü il tarixdə baş verməsi ilə bağlı ziddiyyətli halları, o cümlədən bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada İZ formalı aktın tərtib edilib edilməməsi, tərtib edilmişdirsə İZ formalı aktın 1 nüsxəsinin zərər çəkən işçiyə təqdim olunub olunmaması ilə bağlı halları araşdırmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri vəşəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X4 barəsində xx.xx.2024-cü il tarixli, 3-17-5/1-15824/2024 saylı “İnzibati xəta haqqında iş üzrə Qərardan verilən şikayətə baxılma haqqında” qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də, X4 Azərbaycan Respublikası İXM-in 555.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-17-5/1-15824/2024 saylı qərar ləğv edilməli və iş yenidən baxılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-17-5/1-15824/2024 saylı “İnzibati xəta haqqında iş üzrə Qərardan verilən şikayətə baxılma haqqında” qərar ləğv edilsin. X4 barəsində Azərbaycan Respublikası İXM-in 555.1-ci maddəsi ilə inzibati xəta haqqında iş yenidən baxılması üçün də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar