Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1728/2021 09.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, X1 barəsində Bakı şəhəri X6 İdarəsinin əməkdaşı X2 tərəfindən qəbul edilmiş 05.04.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv olunması barədə qərar qəbul edilməsinə dair şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri X6 İdarəsinin əməkdaşı X2 tərəfindən qəbul edilmiş 05.04.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 03.04.2021-ci il tarixdə, saat təxminən 15:30 radələrində istifadəsində olan “BMW” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsib bəy Yusifbəyli küçəsində “Kuba” markalı mopedlə toqquşmuşdur. Belə ki, o, hər iki tərəfə 2 zolaq olan Nəsib bəy Yusifbəyli küçəsi ilə Səməd Vurğun küçəsi istiqamətində sağ zolaqla hərəkət edən zaman 1.3 üfüqi nişanlanma xəttinin bitdiyi yerdən geriyə dönmək üçün dönmə siqnalından istifadə edərək sol zolaqla hərəkət edən nəqliyyat vasitələrinə yol vermiş, sonda sol zolaqla hərəkət edən “Ford” markalı yük maşını dayanaraq ona dönmək üçün yol vermişdir. Daha sonra o, onun qarşısından geriyə manevr etmək üçün əks istiqamətdən (yəni Səməd Vurğun küçəsi istiqamətindən) heç bir nəqliyyat vasitəsinin gəlmədiyini müəyyən edərək hərəkət etmək istəyərkən ona yol verən “Ford” markalı yük maşını və onun arxasında dayanmış digər minik maşınının solundan 1.3 üfüqi nişanlanma xəttinin olduğu yerdən əks istiqamət zolağına çıxaraq ötmə edən “Kuba” markalı moped onunla toqquşmuşdur. Hadisə yerinə yaxın olan və həmin ərazidə xidmət aparan yol patrul əməkdaşları dərhal onlara yaxınlaşmış, hadisəni qeydə almış və yol nəqliyyat hadisəsinin araşdırılması üçün inspektor dəvət etmişdir, ilkin söhbət zamanı heç bir tərəfdə xəsarət olmadığı müəyyən edilmişdir. Daha sonra inspektor gəlmiş, hadisə barəsində ilkin təəssürat yaranması üçün hər iki tərəflə söhbət aparmış və elə hadisə yerində yalnız onun izahatını almışdır. İzahatında da geriyə dönmək üçün manevr edən zaman əks istiqamət zolağına çıxmış mopedin onu vurduğunu bildirmişdir. İnspektor sənədlərini götürərək növbəti gün üçün idarəyə yaxınlaşmağını tələb etmişdir. Növbəti gün yol nəqliyyat hadisəsini araşdıran inspektor hadisə zamanı onun qayda pozduğunu və günahkar olduğunu şifahi şəkildə bildirmişdir. O, buna etirazını bildirməklə həmin ərazidə olan kamera görüntülərinə baxılmasını tələb etmişdir. İnspektor hadisənin görüntülərinə baxmadığını və qarşı tərəfin izahatını almadığını bildirmiş, yalnız onun izahatı ilə kifayətlənməklə onun günahkar olduğunu müəyyən etdiyini bildirmişdir. Buna cavab olaraq qarşı tərəfin də hadisə zamanı əks istiqamətə çıxdığını etiraf etməsini və bunu siğorta şirkətinin əməkdaşının görüntülü müsahibəsində də qeyd etdiyini bildirərək, onun da izahatının alınmasını tələb etmişdir. Lakin, nəticədə yol nəqliyyat hadisəsinin düzgün olmayan sxemi tərtib edilmiş, əleyhinə qərar qəbul edilmişdir. Daha sonra hadisənin olduğu ərazidə yerləşən ictimai iaşə obyektinə məxsus kamera vasitəsilə hadisənin görüntülərini əldə etmişdir. Həmin görüntülərdən yuxarıda qeyd etdiyi faktlar aşkar şəkildə görünür. Əlavə olaraq qeyd etmək istəyir ki, həmin ərazidə hər iki istiqamətdə 2 təhlükəsiz şəhər kameraları mövcuddur. Vətəndaşın inzibati məsuliyyətə cəlb edilməsi üçün kifayət qədər sübut olmalı, əməl tam sübuta yetdikdən sonra vətəndaş inzibati məsuliyyətə cəlb edilməli və ona cəza tətbiq edilməlidir. Odur ki, barəsində qəbul edilmiş TP seriyalı ******* nömrəli, 05.04.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, həmin yol nəqliyyat hadisəsində günahkar olan şəxsin düzgün müəyyən edilməsini və avtomobilimə dəymiş ziyanın ödənilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş şəxs məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, qərarı barəsində şikayət verilən səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə qərarı barəsində şikayət verilən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və işdə olan materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. Belə ki, Bakı şəhəri X6 İdarəsinin əməkdaşı X2 tərəfindən qəbul edilmiş 05.04.2021ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X3 03.04.2021-ci il tarixdə, saat 15:30-da Nərimanov rayonu ərazisində “BMW 520” minik markalı **-OM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyinə görə barəsində 40 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Belə ki, iş üçün əhəmiyyət kəsb edən halların inzibati xəta haqqında qərarda göstərilməməsi, inzibati xəta haqqında qərar qəbul etmiş şəxsin məhkəmə iclasına dəvət olunmasına baxmayaraq gəlməməsi, inzibati xəta haqqında qərarda işin baxılma yeri, hər hansı texniki vasitədən istifadə edilib-edilməməsi barədə qeyd aparılmaması belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, X1 iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə görə, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, iş üçün əhəmiyyət kəsb edən halların inzibati xəta haqqında qərarda göstərilməməsi, inzibati xəta haqqında qərar qəbul etmiş şəxsin məhkəmə iclasına dəvət olunmasına baxmayaraq gəlməməsi, inzibati xəta haqqında qərarda işin baxılma yeri, hər-hansı texniki vasitədən istifadə edilib-edilməməsi barədə qeyd aparılmaması belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Odur ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə yenidən əsaslı qərar qəbul edilməlidir. Məhkəmə hesab edir ki, X1 idarə etdiyi avtomobil ilə onun tərəfindən İXM-nin 327.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair qəbul edilmiş 05.04.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta əsaslanmadan qəbul edilmişdir. Belə ki, İXM-in: 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 124.4.-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən 05.04.2021-ci il tarixli, TP seriyalı ******* saylı qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində 05.04.2021-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. X3 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə qəbul edilsə də, işə baxılarkən müəyyən edilmiş hallar əsaslandırılmamışdır. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta əsaslanmadan qəbul edilmişdir. İşin araşdırmasından məhkəmə belə nəticəyə gəlir ki, şikayətçi X1 şikayət ərizəsi qismən təmin edilməli, Bakı şəhəri X6 İdarəsinin əməkdaşı X2 tərəfindən qəbul edilmiş 05.04.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və işə yenidən baxılması Bakı şəhər DYPİ-nə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Bakı şəhəri X6 İdarəsinin əməkdaşı X2 tərəfindən qəbul edilmiş 05.04.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhəri X6 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1728/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1728/2021
09.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver