Məhkəmə qərarları › İş №3(005)-1737/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1737/2023

13.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1737/2023 13.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı Toğrul Məmmədovun 15 may 2023-cü il tarixli qərarından və 15 may 2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023cü il tarixə Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi ilə F.X.Xoyski küçələrinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X1 dərəcəli bədən xəsarəti almışdır. Bununla da, Şəxs tərəfindən İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Araşdırma zamanı izahatı alınmış Şəxs xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar onu bildirmişdir ki, qeyd olunan tarixdə saat təxminən 07:31 radələrində etibarnamə əsasında idarə etdiyi “Toyota Prius-minik” markalı ** DR *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi ilə Təbriz küçəsi istiqamətindən üzü Ak.H.Əliyev küçəsi istiqamətində 2 zolaqdan ibarət avtomobil yolunda sağdan 2-ci zolaqla saat da 40 km sürətlə düzünə hərəkət edirmiş. Həmin vaxt avtomobil yolunda avtomobillərin çox olması səbəbindən sıxlıq yaranmış və tıxac var imiş. Həmin vaxt YPX əməkdaşı tıxac yaranmasın deyə qoşa xətti tapdalayaraq F.X.Xoyski küçəsi istiqamətində dönməyə işarə etmişdir. O, da bundan sonra idarə etdiyi avtomobilin sükanını sola doğru döndərərək hərəkətinə davam etmişdir. Bu zaman qarşısında avtomobil olması səbəbindən yolu keçən piyada qadını görməmiş və nəticə də idarə etdiyi avtomobilin ön sol hissəsi ilə yolu keçməyə çalışan piyada qadını vurmuşdur. Hadisədən sonra isə onu dərhal avtomobilinə əyləşdirərək xəstəxanaya aparmışdır. Xanım orada müayinə olunduqdan sonra evə buraxılmışdır. O, da onu yaşadığı ünvana apararaq mobil nömrəsini verib, nəyəsə ehtiyacı olsa əlaqə saxlamasını istəmişdir. Bundan sonra Nərimanov RPİ-nin əməkdaşı onunla əlaqə saxlayaraq aparılan araşdırmada iştirak etməsini xahiş etmişdir. O, da aparılan araşdırmada iştirak etmişdir. Aparılan təhqiqat araşdırması zamanı X2 xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar onu bildirmişdir ki, qeyd olunan tarixdə saat təxminən 07:31 radələrində piyada şəkildə Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəs ilə hərəkət edirmiş. O piyada şəkildə hərəkət edib, K.Rəhimov küçəsi ilə F.X.Xoyski küçələrinin kəsişməsində avtomobil yolunu keçən zaman K.Rəhimov küçəsindən qoşa xətti tapdalayaraq F.X.Xoyski küçəsi istiqamətində dönən “Toyota Prius-minik” markalı ** DR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarə etdiyi avtomobilin ön sol hissəsi ilə onu vurmuşdur. Hadisədən sonra isə sürücü onu avtomobilinə əyləşdirərə xəstəxanaya aparmışdır. Bundan sonra isə o müayinə olunmuş və Nərimanov RPİ-də aparılan araşdırmada iştirak etmişdir. Nərimanov RPİ-nin Növbətçi Hissəsinin məsul növbətçisi Zaur Axundov tərəfindən tərtib edilmiş HK-1N-454 nömrəli, xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 08:06-da, Bakı şəhər DYPİ-nin növbətçi-hissəsi məlumat verərək bildirmişdir ki, Nərimanov rayonu, K.Rəhimov küçəsi və F.X.Xoyski küçəsinin kəsişməsində baş vermiş YNH-si zamanı, avtomaşın piyadanı vurmuşdur. 2/12993 nömrəli, 01 may 2023-cü il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinə aktı”ndan görünür ki, Şəxs həmin gün ayıq olmuşdur; Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş AE 020501 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs B,C kateqoriyalı sürücüdür; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X5 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 11 may 2023-cü il tarixli, 511 saylı ekspert rəyindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X1 dərəcəli bədən xəsarəti almışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 15 may 2023-cü il tarixli qərardan görünür ki, əməllərində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin və toplanmış materialın sürücü Şəxs barəsində İXM-in 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-yə göndərilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi özünün etirafedici izahatı, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar