Məhkəmə qərarları › İş №3(005)-1741/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1741/2023

21.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1741/2023 21.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi Nümayəndə, Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi və vəkili Vəkil, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə MN ******* nömrəli 25 may 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, 25 may 2023-cü il tarixdə saat 11:40-da ünvan 1 ünvanda yerləşən Şəxs MMC (NEWMED)-ə məxsus klinikada plandankənar yoxlama zamanı lisenziyadan kənar iş və fəaliyyət-onkoloji (yoğun bağırsağın törəməsi) aşkar edilmişdir. Bununla da MMC tərəfəndən İXM-in 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümauəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Şəxs onkoloji xidmətlər göstərməsinə dair lisenziyası olmadan həmin xidmətləri göstərmişdir. Ona görə də TURAY ŞİRKƏTİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Vəkil izahat verərək bildirmişdir ki, X2 aparılmış tibbi müayinələr nəticəsində bağırsaq keçməməzliyi diaqnozu qoyulmuşdur. Bu səbəbdən xəstə əməliyyata alınmış və əməliyyat zamanı bağırsaq keçməməzliyinin səbəbinin onkiloji törəmə olduğu müəyyən edilmiş və belə olduğu halda cərrahi müdaxilə edilmək məcburiyyəti yaranmışdır. Göstərilənlərə əsasən inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam və obyektiv nəzərdən keçirib hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İXM-nin 215.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə təqsiri toplanmış material üzrə inzibati işə xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X3 publik hüquqi şəxsin əməkdaşlarının və sahibkarın iştirakları ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli 370 saylı plandan kənar yoxlama aktından görünür ki, xx.xx.2023-cü il tarixdə saat 11:40-da Bakı şəhəri, Nərimanov rayonu, AK.H.Əliyev küç, 29B ünvanında yerləşən Şəxs MMC (NEWMED)-yə məxsus klinikada plandankənar yoxlama aparılmışdır. Yoxlamanın birinci sualı üzrə qeyd edilir ki, tibbi qeydiyyat sənədləri tam deyildir. Cərrahi əməliyyat jurnalı yoxdur. Lisenziyadan kənar iş və fəaliyyət aşkar edilmişdir. AR İqtisadiyyat Nazirliyindən “X3” X6 daxil olmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində olan məlumatdan görünür ki, MMC tərəfindən ixtisas növləri üzrə görülən işlər ümumi cərrahi xidmətlər göstərir. Şəxs MMC (NEWMED) Tibb Mərkəzinin 14 iyun 2023-cü il tarixli, 11 №-li məktubdan görünür ki, xx.xx.2023-cü il tarixində klinikaya daxil olmuş X4 palataya daxil olan andan tez-tez qusmadan, ürəyinin tez-tez vurmasından, halsızlıqdan, qarında ağrıdan şikayət edirdi.Qusuntusu iyli və çox olduğu üçün tez-tez təmizlik işləri aparmaq lazım olurdu. Şəxs MMC (NEWMED) Tibb Mərkəzinin 14 iyun 2023-cü il tarixli, 14 №-li məktubdan görünür ki, xəstə X4 xx.xx.2023-cü il tarixində klinikaya daxil olmuşdur. xx.xx.2023-cü il tarixində saat 9.00da əməliyyata hazırlanıb və təcili olaraq bağırsaq keçməməzliyi diaqnozu ilə əməliyyat masasına alındı. Ümumi narkoz altında xəstənin qarın boşluğu açılmışdır. Bağırsaq keçməməzliyinin səbəbi yoğun bağırsağın qaraciyər əyriliyinin böyük ölçülü törəməsi (bağırsağın onkoloji xəstəliyi) olduğu aşkarlanmışdır. Şəxs MMC (NEWMED) Tibb Mərkəzinin 14 iyun 2023-cü il tarixli, 12 №-li məktubdan görünür ki, X1 04 aprel 2023-cü il tarixində saat 17:30-da daxil olub, 05 aprel 2023-cü il tarixində 09:00-da əməliyyat olunmuş, 06 aprel 2023-cü il tarixində saat 13:00-da bioloji ölüm baş vermişdir. Şəxs MMC (NEWMED) Tibb Mərkəzinin 14 iyun 2023-cü il tarixli, 13 №-li məktubdan görünür ki, xx.xx.2023-cü il tarixində klinikaya daxil olan X4 daxil olarkən vəziyyəti orta ağır dəyərləndirilmişdir. Xəstə qarnında ağrılar, üfunətli qusma, ağızda quruluq, qazın və nəcisin xaric olunmaması, bəlğəmli öskürək kimi şikayətlərlə daxil olmuşdur. Xəstədə laborator və funksional müayinələrə əsasən kəskin bağırsaq keçməməzliyi diaqnozu qoyulmuşdur. Bağırsaq keçməməzliyi zamanı xəstə təcili olaraq xəstəxananın cərrahiyyə şöbəsinə çatdırılmalıdır. Xəstənin həkim seçiminin azad olmasını və xəstənin vəziyyətini öz istəyini (razılığını) nəzərə alaraq xəstə cərrahi əməliyyata alınmışdır. Əməliyyat zamanı keçməməzliyin səbəbi bağırsağın böyük ölçülü onkoloji törəməsi olduğu aşkarlanmışdır. Əməliyyat sırasında şişi çıxartmağa məcbur qalmışlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə-fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. İş materialları araşdırılarkən müəyyən olmuşdur ki, xx.xx.2023-cü il tarixində klinikaya daxil olan X4 daxil olarkən vəziyyəti orta ağır və ona bağırsaq keçməməzliyi diaqnozu qoyulmuşdur. Bu səbəbdən xəstə təcili olaraq xəstəxananın cərrahiyyə şöbəsinə aparılmış və cərrahi əməliyyata alınmışdır. Əməliyyat zamanı keçməməzliyin səbəbi bağırsağın böyük ölçülü onkoloji törəməsi olduğu aşkarlanmışdır. Bu halda əməliyyatı icra edən həkimlər şişi çıxartmağa məcbur qalmışlar. Belə ki, onlar əməliyyat başlanana kimi, yəni xəstənin bədəni açılana qədər bağırsağda onkoloji törəmə olduğunu bilməmiş, əməliyyata onkoloji xidmətlər göstərmək məqsədi ilə başlamamışlar. Əməliyyat başladıqdan sonra ortaya çıxmış hallar nəticəsində bağırsağın onkoloji törəməsini götürmək məcburiyyətində qalmışlar. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Bu səbəbdən Şəxs MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in: 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-43, 48-51, 53, 114, 115,128- 130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə tərtib edilmiş MN ******* nömrəli 25 may 2023-cü il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar