Məhkəmə qərarları › İş №3(005)-1744/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1744/2021

16.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1744/2021 16.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Zeynalova Günel Bəxtiyar qızının katibliyi, Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə tərtib olunan MN ******* nömrəli, 05 avqust 2021-ci il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN ******* nömrəli, 05 avqust 2021-ci il tarixli protokola görə Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən obyektdə 05 avqust 2021-ci il tarixdə Rusiya Federasiyasından idxal edilmiş şveller, künclük, isti və soyuq yayılmış dəmir listlərin uyğunluq sertifikatının olmadığı aşkar edilmişdir. Məhkəmə iclasında barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 izahatında göstərmişdir ki, səlahiyyətli orqan tərəfindən Şəxs MMC barəsində tərtib olunmuş inzibati protokol tam əsassızıdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə məsuliyyət müəyyən edilmişdir. Lakin səlahiyyətli orqanın tərtib etdiyi inzibati xəta haqqında protokoldan görünür ki, həmin protokol ünvan 1 ünvanında yerləşən obyektdə 05 avqust 2021-ci il tarixdə Rusiya Federasiyasından idxal edilmiş şveller, künclük, isti və soyuq yayılmış dəmir listlərin uyğunluq sertifikatının olmadığına görə tərtib edilmişdir. Göründüyü kimi, qanunvericilik yalnız məcburi srtifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə məsuliyyət müəyyən etmişdir. İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində uyğunluq sertifikatının olmamasına görə məsuliyyət müəyyən edilməmişdir. Ümumiyyətlə məcburi sertifikatlaşdırılmalı malların siyahısına dair hər hansı normativ sənəd yoxdur. Hansı malların məcburi sertifikatlaşdırılmalı olması, yaxud hansı malların məcburi sertikatlaşdırılmalı olmasını müəyyən etmək olmur. Çünki bununla bağlı hər hansı normativ sənəd yoxdur. Qeyd olunanları nəzərə alaraq Şəxs MMC barəsində tərtib olunmuş inzibati protokol üzrə icraata xitam verilməsini xahiş etdi. Səlahiyyəti orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişsir. Buna görə də məhkəmə səlahiyyəti orqanın nümayəndəsinin iştirak olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: MN ******* nömrəli, 05 avqust 2021-ci il tarixli inzibati xəta haqqında protokola görə Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən obyektdə 05 avqust 2021-ci il tarixdə Rusiya Federasiyasından idxal edilmiş şveller, künclük, isti və soyuq yayılmış dəmir listlərin uyğunluq sertifikatının olmadığı aşkar edilmişdir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən tərtib edilmiş 000049 nömrəli, 05 avqust 2021-ci il tarixli yoxlama aktından görünür ki, Xidmətin 000047 saylı, 30 iyul 2021-ci il tarixli plandankənar yoxlamanın aparılmasına dair qərarına və Ədliyyə Nazirliyinin yoxlamaların vahid məlumat reyestrindən yoxlama kodu KY211593582 olan çıxarışa əsasən ünvan 1də yerləşən Şəxs MMC-yə məxsus olan obyektdə keçirilən yoxlama zamanı Rusiya Federasiyasından idxal edilmiş şveller, künclük, isti və soyuq yayılmış dəmir listlərin uyğunluq sertifikatının olmadığı və bununla da “İstehlakçılarının hüquqlarının müdafiəsi haqqında” Qanununun 10.5-ci maddəsinin tələblərinin pozulması aşkar edilmişdir; Məhkəmə iş materiallarını araşdırıb, məhkəmə iclasında iştirak edən nümayəndənin izahatını dinləyib hesab edir ki, əməldə inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə məsuliyyət nəzərdə tutur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa görə: İstehlakçıların həyatının, sağlamlığının və əmlakının, habelə ətraf mühitin təhlükəsizliyinə dair mala (işə, xidmətə) aid tələblər normativ sənədlərlə müəyyən edilir. Ayrı-ayrı mal qrupları (işlər, xidmətlər) üçün yuxarıda göstərilən tələblər Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilir (5-ci maddənin 2-ci bəndi); Qanunvericilik aktları ilə və ya digər normativ sənədlərdə vətəndaşların həyatı, sağlamlığı və əmlakı, ətraf mühitin mühafizəsi üçün təhlükəsizlik tələblərinin müəyyən edildiyi mallar (işlər, xidmətlər) qüvvədə olan qanunvericiliyə əsasən məcburi sertifikasiyadan keçirilməlidir. Göstərilən tələblərə uyğunluğunu təsdiq edən sertifikat olmadıqda belə malları (o cümlədən xarici malları) Azərbaycan Respublikasında satmaq və istifadə etmək qadağandır. Belə malların Azərbaycan Respublikasının ərazisinə idxal edilməsinə razılıq üçün gömrük orqanlarına təqdim edilən, müvafiq səlahiyyətli orqan tərəfindən verilmiş və ya da tanınmış uyğunluq sertifikatı əsas verir (10-cu maddənin 5-ci bəndi); İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündə aşağıdakı tələbləri ehtiva edir: məcburi sertifikatlaşdırılmalı olan malların (xidmətlərin, işlərin) müəyyənləşdirilməsi və onlara uyğunluq sertifikatının və (və ya) uyğunluq nişanlarının verilməsini və s. (18.0.3-cü maddə). “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Uyğunluq sertifikatı – malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentin tələblərinə uyğunluğunu təsdiq edən müəyyən formalı sənəddir (1.1.8ci maddə); Sertifikatlaşdırma – uyğunluğu qiymətləndirən qurum tərəfindən malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının müvafiq texniki reqlamentlə müəyyən olunmuş tələblərə uyğunluğunun kağız üzərində yazılı və ya elektron formada təsdiqidir (1.1.12-ci maddə); Yalnız yüksək riskli mallar məcburi sertifikatlaşdırılır. Yüksək riskli malların sertifikatlaşdırılması təsərrüfat subyektinin sərbəst seçdiyi akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən quruma müraciəti əsasında həyata keçirilir və sertifikatlaşdırmanın müsbət nəticələri əsasında uyğunluq sertifikatı verilir (13.3-cü maddə). Yuxarıda sadalanan qanunvericilik aktlarından aydın olur ki, vətəndaşların həyatı, sağlamlığı və əmlakı, ətraf mühitin mühafizəsi üçün təhlükəsizlik tələblərinin müəyyən edildiyi mallar (işlər, xidmətlər) qüvvədə olan qanunvericiliyə əsasən məcburi sertifikasiyadan keçirilməlidir. Lakin hal-hazırda şveller, künclük, isti və soyuq yayılmış dəmir listlərin yüksək riskli malların, həmçinin məcburi sertifikatlaşdırmalı məhsulların dairəsinə aid olması ilə bağlı hər hansı normativ hüquqi akta rast gəlinmir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasında məhsulun (proseslərin, xidmətlərin) məcburi və könüllü sertifikatlaşdırılmasının əsaslarını, bu sahədə dövlət idarəetmə orqanlarının, xüsusi səlahiyyət verilmiş orqanların, müxtəlif mülkiyyət formalı müəssisələrin, sahibkarların və sertifikatlaşdırma işləri üzrə digər iştirakçıların hüquq, vəzifə və məsuliyyətlərini müəyyənləşdirən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1 iyul tarixli, 343 nömrəli qərarı ilə təsdiq olunmuş Milli sertifikatlaşdırma sistemi haqqında Əsasnamə Azərbaycan Respublikası Baş Nazirinin 08 may 2021-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Göründüyü kimi, hazırda bu sahəni tənzimləyən normativ akt mövcud deyildir. Bununla yanaşı məhkəmə qeyd edir ki, səlahiyyətli orqan tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, həmin protokol ünvan 1 ünvanında yerləşən obyektdə 05 avqust 2021-ci il tarixdə Rusiya Federasiyasından idxal edilmiş şveller, künclük, isti və soyuq yayılmış dəmir listlərin uyğunluq sertifikatının olmadığına görə tərtib edilmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi “qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə” görə inzibati məsuliyyət tədbirinin tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi, qanunverici uyğunluq sertifikatının olmamasını deyil, məhz məcburi sertifikatlaşdırılmanın həyata keçirilməməsini inzibati xəta kimi tanıyaraq ona görə inzibati tənbeh tədbirinin tətbiq edilməsini nəzərdə tutmuş və nəzərə alınsa ki, məcburi sertikatlaşdırılmama özündə uyğunluq sertifikatının olmamasını ehtiva etmir və həmin anlayışlar eyni olmamaqla ayrı-ayrı mallara münasibətdə tam fərqli qaydaları nəzərdə tutur, belə olan halda MMC-nin əməlində AR İXM-nin 447.0.4-cü maddəsinin tərkibinin olmasından söhbət gedə bilməz. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4cü maddəsi üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar