Məhkəmə qərarları › İş №3(005)-1749/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1749/2021

09.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1749/2021 09.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X13 oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndələri X4, X5 və X2 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4 və 538.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4 və 538.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair MN seriyalı ******* nömrəli, 03 avqust 2021-ci il tarixli protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 03 avqust 2021-ci il tarixli protokolda göstərilmişdir ki, Şəxsnə məxsus ünvan 1 ünvanda yerləşən obyektdə 03.08.2021-ci il tarixdə qurğu və avadanlıqların sertifikatının olmadığı, metal tullantılarının sertifikatının olmadığı, radiasiya müayinəsi məqsədilə ölçmə vasitəsinin şəhadətnaməsinin olmadığı, digər ölçmə vasitələrinin (tərəzilərinin) tipinin təsdiq edilməsi haqqında sertifikatın olmadığı, xammal və satılan metal məmulatlarının sertifikatının olmadığı aşkar edilmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4 və 538.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X6 məhkəmə iclasında tərtib edilmiş inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək hüquqi şəxsin barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X9 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, hüquqi şəxsin barəsində tərtib edilmiş protokola tamamilə etiraz edirlər. Belə ki, İXM-nin 447.0.4-cü maddəsinə əsasən məsuliyyət istehlakçıların hüquqlarının pozulmasına, yəni qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə nəzərdə tutulmuşdur. AR İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Şəxs MMC-də aparılan yoxlamanın nəticəsində tərtib olunan 03.08.2021-ci il tarixli, ******* nömrəli protokol digər zəruri sənədlərlə birlikdə 04.08.2021-ci il tarixində Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol aparılan yoxlama zamanı “aşkar edilən” qanun pozuntularına əsasən tərtib olunmuşdur. Protokolda ünvan 2 ünvanındakı müəssisədə 10 ədəd qurğunun, 3 ədəd avadanlığın, metal tullantıların, idxal olunan xammalın, külçələrin uyğunluq sertifikatların, habelə 3 ədəd tərəzinin tipinin təsdiq edən sertifikatın və ölçmə vasitəsinin tipini təsdiq edən sertifikatını və şəhadətnaməsinin olmadığı müəyyən edilmişdir. 03.08.2021-ci il tarixli MN №0004261 nömrəli inzibati xəta haqqında protokolla razı deyillər. Hesab edirlər ki, orada qeyd olunan pozuntular qanunsuz, əsassızdır və məhkəmə tərəfindən təmin edilməməlidir. AR İqtisadiyyat Nazirliyi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən təsdiq edilmiş yoxlama suallarının siyahısı tərtib edilmiş, siyahıda 989,990,992,993, 994 və 995-ci suallar üzrə tələbin yerinə yetirilmədiyi qeyd olunmuşdur. 03.08.2021-ci il tarixli, 000045 saylı Yoxlama aktında 989-cu sualla bağlı 10 ədəd qurğunun (5 ədəd kran, 5 ədəd elektron qaydada idarə olunan kran) və 3 ədəd avadanlığın (2 ədəd boru istehsal edən avadanlıq və 1 ədəd qumlama avadanlığı) uyğunluq sertifikatının olmadığı aşkar edilmişdir. Müəssisədə yoxlama zamanı aşkar olunan 5 ədəd kran 1) 20 nömrəli, buraxılış ili 1986, Rusiya SSRİ-də istehsal olunan KE-308A markalı qülləli kranı 2) 600 nömrəli, buraxılış ili 1982, Rusiya SSRİ-də istehsal olunan Kİ~l-300 markalı qülləli portal kranı, 3) 1273 nömrəli, buraxılış ili 1987, Ukrayna SSRİ-də istehsal olunan MKr-255P markalı qülləli oxlu (tırtıllı) kran, 4) 00002925 nömrəli, buraxılış ili 1987, Ukrayna SSRİ-də istehsal olunan KE-308A markalı qülləli kran, 5) 189 nömrəli, buraxılış ili 1982, Ukrayna SSRİ-də istehsal olunan MKC-10/20 markalı qülləli kranlardır ki, X15 və Sənaye Nəzarətinin qaldırıcı kranların qurulma və təhlükəsiz istismarı qaydalarında, o cümlədən X3 Müddətinin müəyyən olunmasına dair təlimat və İstismar Müddəti bitmiş Yükqaldırıcı Qurğuların müayinəsinə dair metodiki göstərişdə yuxarıda qeyd olunan kranların istismar müddətləri 10 və 16 il olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2002-ci il 8 iyul tarixli, 102 nömrəli qərarı ilə “Təhlükə potensiallı obyektlərdə istehsal və istifadə olunan texniki qurğulara və avadanlıqlara sertifikatın verilmə qaydaları” təsdiqlənmişdir ki, 1.7-ci bənddə bu qaydaların obyektdə istehsal və istifadə olunan, amma istismar müddəti qurtarmış texniki qurğulara və avadanlıqlara şamil edilmədiyi qeyd olunmuşdur. Eləcə də, “Təhlükə potensiallı obyektlərdə istifadə olunan texniki qurğulara və avadanlıqlara təhlükəsizlik sertifikatının verilməsi və sertifikatlaşdırma sistemi strukturunun tərkib hissələrinin funksiyalarını müəyyənləşdirən vahid metodikada 1.5-ci bənddə bu metodikanın istismar müddəti qurtarmış texniki qurğulara və avadanlığa şamil edilmədiyi və belə texniki qurğular və avadanlıqlar texniki təhlükəsizlik baxımından sertifikatlaşdırılmadığı qeyd edilir. Məlum olduğu kimi bəhs olunan kranların istismar müddəti keçmiş, istifadəsi hər il müəssisədə aparılan defektoskopiya işləri haqqında hesabatlarla təsdiqlənməkdədir. Bu cür qurğuların uyğunluq sertifikatı ilə sertifikatlaşdırılması aparılmamaqdadır. Bundan başqa, müəssisədə yoxlama zamanı aşkar olunan digər 5 ədəd kran 1) 00002976 inventar nömrəli, Şəxs MMC tərəfindən 2019-cu ildə istehsal olunan, 1-A-5-18-6- J4 ГОСТ 22045-89 indeksli, 5 t. yükqaldırmama qabiliyyətli 2) 00002393 inventar nömrəli, "xxxx" MMC tərəfindən 2019-cu ildə istehsal olunan, HA-1-5-18-6-Y4 ГОСТ 25711-83 indeksli, 5 t. yükqaldırmama qabiliyyətli, 3) 00003236 inventar nömrəli, Şəxs MMC tərəfindən 2019-cu ildə istehsal olunan, HA-1-5- 18-6-Y4 ГОСТ 25711-83 indeksli, 5 t. yükqaldırmama qabiliyyətli, 4) 00002027 inventar nömrəli, Şəxs MMC tərəfindən 2019-cu ildə istehsal olunan, HA-1-5-18- 6-Y4 ГОСТ 25711-83 indeksli, 5 t. yükqaldırmama qabiliyyətli, 5) 00002857 inventar nömrəli, Şəxs MMC tərəfindən 2019-cu ildə istehsal olunan, HA-1-5-18-6-Y4 ГОСТ 25711-83 indeksli, 5 t. yükqaldırmama qabiliyyətli körpülü elektrik kranlardır ki, Azərbaycan Respublikasında tanınan və qəbul edilən X15 və Sənaye Nəzarətinin qaldırıcı kranların qurulma və təhlükəsiz istismarı qaydalarına əsasən yük qaldırma qabiliyyəti 10 tona, habelə krandan asılmış düymə cihazı vasitəsilə yerdən və yaxud stasionar pultnan idarə olunan tipinə aid olduğu üçün dövlət texniki nəzarətində qeydiyyata alınmaması qeyd edilmişdir. Belə ki, həmin kranlar dövlət texniki nəzarətində qeydiyyatdan keçmədikləri üçün onlara uyğunluq sertifikatı verilmir. Eyni zamanda bildirirlər ki, Şəxs MMC həmin kranların quraşdırılması və təmirini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilən 22.04.2019-cu il tarixli, EL- 276/2019 saylı Lisenziyaya əsasən həyata keçirir. Əlavə olaraq, müəssisədə aşkar olunan 3 ədəd avadanlığın (2 ədəd boru istehsal edən avdanlıq (FMC 400 (127 mm) və FMC 160 (51 mm) ГОСТ 15150-69 УХЛ 4 iqlim şəraitinə hazırlanmışdır) və 1 ədəd qumlama avadanlığın (Türkiyə istehsalı olan, Model SAT-1000 LT) uyğunluq sertifikatı olmadığı bəyan edilmişdir. Belə ki, “Təhlükə potensiallı obyektlərin siyahısının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 10.05.2021-ci il tarixli, 94 nömrəli qərarında təhlükə potensiallı istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər göstərilmişdir. Müəssisələri təhlükəli potensiallı obyekt kimi qeydiyyatdan keçməsinə baxmayaraq, qeyd edilən avadanlıqlar sözügedən qərarda göstərilən həmin təhlükəli sahələrdə istifadə edilmir və bu da onların texniki pasportlarında əks olunmuşdur. Həmçinin “Texniki təhlükəsizlik haqqında" Qanuna müvafiq olaraq, təhlükə potensiallı obyektlərin (istifadə edilən texniki avadanlıqlar nəzərdə tutulur) dövlət reyestrində qeydiyyata alınması X10 Görülməsinə Nəzarət və X12 Agentliyi tərəfindən həyata keçirilir. Belə ki, həmin qurum tərəfindən verilən 09.02.2021-ci il tarixli, A-12125 nömrəli çıxarışda da göründüyü kimi sözügedən avadanlıqlar qeydiyyata alınmamışdır, yəni onlar təhlükə potensiallı avadanlıq kimi qiymətləndirilməmişdir. Bu səbəbdən onlara sertifikatın alınması həmin orqan tərəfindən tələb edilməmişdir. Halbuki həmin siyahıda olan hər bir avadanlıq üçün tərəflərindən uyğunluq sertifikatı alınıb, (müvafiq sənədlər əlavə olunur) Göstərilən sualla bağlı yoxlama zamanı metal tullantıların uyğunluq sertifikatın olmadığı aşkar olunmuşdur. Şəxs MMC ölkə üzrə metal məmulatlarının istehsalı bazarı üzrə özünə məxsus yer tutan müəssisə olaraq qanunvericilik qaydalarına riayət edərək fəaliyyət göstərir. İllərdir ki, əlvan metal, tərkibində qiymətli metallar və daşlara olan sənaye və istehsalat tullantılarının tədarükünü, emalını və satışı həyata keçirilməsi üçün lisenziyaya sahib olub. Hal-hazırda bu sahə üzrə lisenziyanın verilməsi dayandırıldığına görə lisenziyanın müddətinin uzadılmasına ehtiyac qalmır. Həmçinin müəssisədə metal tullantıların radiasiya müayinəsi məqsədi ilə ölçmələri aparan akkreditasiya attestatı ilə fəaliyyət göstərən laboratoriya mövcuddur. Bundan əlavə, metal tullantıların qəbulun təşkili, şərtləri müvafiq qaydada, təyin edilmiş xüsusi biliklərə sahib olan məsul əməkdaş vasitəsilə həyata keçirilir. Təzəlikcə qəbul edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 17 fevral tarixli 39 nömrəli Qərarına əsasən təsdiq edilmiş “əlvan və qara metal tullantılarının qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilməsi qaydalarına” görə, metal tullantılarının qəbulu məntəqəsində metal tullantılarının radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinə edilməsinə dair məsul şəxsin uyğunluq sertifikatı ilə təmin edilməsi məqsədilə Şəxs MMC tərəfindən xüsusi lisenziya verilmiş "xxxx" MMC ilə danışıqlar aparılmış və məsul əməkdaşın radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinə edilməsinə dair təlimdə iştirak edilməsi və müvafiq uyğunluq sertifikatın alınması razılaşdırılmışdır, Eyni zamanda sözügedən qaydaya görə, metal tullantılarının qəbulu zamanı həmin tullantıları təqdim edən şəxsdən tələb olunan sənədlər siyahısında uyğunluq sertifikatın olması nəzərdə tutulmamışdır. Həmçinin qəbul edən sahibkarlıq subyektindən həmin sənədin tələb edilməsi də nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən, mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin digər metal tullantıları qəbul edən sahibkarlıq subyektləri kimi metal tullantıları qəbul edən zaman mövcud qanunvericilikdə metal tullantılarının uyğunluq sertifikatının tələb edilməsi nəzərdə tutulmadığına görə, həmin məhsullar sertifikatsız onlara təqdim edilərək qəbul edilir. Yoxlama zamanı 3 ədəd tərəzilərin tipinin təsdiq edilməsi haqqında sertifikatın, habelə radiasiya müayinəsi məqsədi ilə istifadə olunan ölçmə vasitəsinin (dozimetr) tipinin təsdiq edilməsi haqqında sertifikatın və şəhadətnaməsinin olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikasında istehsal olunan və ya xaricdən idxal olunan tipi məlum olmayan heç bir ölçmə vasitəsi Azərbaycan Respublikasının Ölçmə Vasitələrinin Dövlət Reyestrində qeydiyyata düşmür, həmin mala şəhadətnamə verilmir. Yalnız tipi müəyyən olunmayan ölçmə vasitələri üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014cu il 9 iyun tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavəyə əsasən tipin təsdiqi barədə sertifikat verilir. Belə ki, yoxlama predmeti olan 3 ədəd tərəzi Azərbaycan Respublikasının Ölçmə Vasitələrinin Dövlət Reyestrində müvafiq olaraq 1) X8 3142 sırada 3159-2013 reyestr qeydiyyat nömrəsi, 2) Elektron kran tərəzi 2023 sırada 2103-2009/A reyestr qeydiyyat nömrəsi 3) Avtomobil elektron tərəzi 671 sırada 0479-2004/A reyestr qeydiyyat nömrəsi 4) Radiasiya müayinəsi məqsədi ilə istifadə olunan ölçmə vasitəsinin Dozimetr 3083 sırada 3100-2013 reyestr qeydiyyat nömrəsi altında qeydiyyata düşmüşdür. Həmin reyestrdə bu tərəzilərin tipi XB-202A, Dikomsan FJ-3T, ESİT, MKC-05 TEPPA habelə Ölçmə vasitələrinin yoxlanılması haqqında 0600/3-2020, 0842/3-2020, 0898/3-2021 nömrəli Şəhadətnamələrdə ölçmə vasitəsinin tipi XB-202A, Dikomsan FJ-3T, ESİT, olaraq müəyyənləşmişdir. Göründüyü kimi, araşdırma predmetinin tipi faktiki olaraq müəyyən edilmişdir, şəhadətnamə alınan zaman əlavə olaraq tipi təsdiq edən sertifikat tələb olunmamışdır. Lakin, göstərilənlərə baxmayaraq, 05.08.2021-ci il tarixində 308 saylı məktubla AR İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Metrologiya İnstitutu”-na tərəfimizdən yazılı müraciət edilərək tərəzilərin ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikatın alınması xahiş olunmuşdur. Məktub məsul şəxs N.Şirinov tərəfindən 06.08.2021-ci il tarixində təhvil alınmışdır. Həmçinin, 26.07.2021-ci il tarixində 293 saylı məktubla radiasiya müayinəsi məqsədi ilə istifadə olunan ölçmə vasitəsinin (dozimetr) kalibrasiyadan keçirilməsi üçün müraciət edilmişdir. 27.08.2021-ci il tarixində 001600 nömrəli Kalibrləmə sertifikatı alınmışdır. Qeyd olunan sualla bağlı yoxlama zamanı satış üçün istifadəsi nəzərdə tutulan xaricdən idxal olunan şveller və dəmir üstlərin, metal rulonların, habelə metal tullantılardan əridilmə nəticəsində əldə olunan külçələrə uyğunluq sertifikatlarının olmadığı qeyd olunmuşdur. Xaricdən idxal olunan məmulatların uyğunluq sertifikatları mövcuddur, belə ki, ölkəyə idxal olunan malın mənşə sertifikatı gömrük orqanları tərəfindən yoxlanıldıqdan sonra belə malın istehsalatda istifadə və istismarına icazə verilir, malın mənşə sertifikatı uyğunluq sertifikatı əsasında verilir. Belə aydın olur ki, uyğunluq sertifikatı olmayan malın ümumiyyətlə Azərbaycan Respublikasına daxil olması mümkün deyildir. Yoxlayıcılara sözügedən metal məmulatların Rusiya Federasiyası və Ukrayna tərəfindən verilən uyğunluq sertifikatları təqdim olunmuşdur, lakin yoxlayıcılar sənədlərə baxmadan geri qaytarmış və yalnız “bizdən almalısız” səbəbini gətirmişlər. Əsas olaraq isə Nazirlər Kabinetinin 1 iyul 1993-cü il tarixli, 343 saylı “Məhsulların (işlərin, xidmətlərin) sertifikatlaşdırılmasının mərhələlər üzrə tətbiq edilməsi haqqında” qərarını gətirirlər, ki, bu qərar 8 may 2021-ci il tarixində ləğv olunmuşdur. Digər hüquqi əsas olan “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” AR qanunun 10-cu maddəsinin 5-ci bəndində “Qanunvericilik aktları ilə və ya digər normativ sənədlərdə vətəndaşların həyatı, sağlamlığı və əmlakı, ətraf mühitin mühafizəsi üçün təhlükəsizlik tələblərinin müəyyən edildiyi mallar (işlər, xidmətlər) qüvvədə olan qanunvericiliyə əsasən məcburi sertifikasiyadan keçirilməlidir. Göstərilən tələblərə uyğunluğunu təsdiq edən sertifikat olmadıqda belə malları (o cümlədən xarici malları) Azərbaycan Respublikasında satmaq və istifadə etmək qadağandır. Belə malların Azərbaycan Respublikasının ərazisinə idxal edilməsinə razılıq üçün gömrük orqanlarına təqdim edilən, müvafiq səlahiyyətli orqan tərəfindən verilmiş və ya da tanınmış uyğunluq sertifikatı əsas verir” qeyd olunmuşdur. Maddənin tələbi olaraq xarici uyğunluq sertifikatının ölkədə məcburi tanınması nəzərdə tutulmur. Belə bir əsas olsaydı, həmin malın ölkəyə daxil olmasına gömrük orqanları tərəfindən icazə verilməzdi. Buna baxmayaraq, akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən müvafiq quruma müraciət edərək 11.08.2021-ci il tarixində xaricdən idxal olunan şveller və dəmir üstlərin, habelə metal rulonlar üçün uyğunluq sertifikatları alınmışdır, (müvafiq uyğunluq sertifikatlar əlavə olunur) Bununla yanaşı, yoxlama zamanı aşkar olunan külçələrin də uyğunluq sertifikatın olmadığı bildirilmişdir. Müəssisə tərəfindən xaricdən metal külçələr alınmır. Onlar texnoloji prosesin bir hissəsi olaraq metal tullantılarının əridilməsi nəticəsindən əldə olunan bir metal parçasıdır. Belə ki, yalnız latun, sink və mis metal tullantılarından əridilmə nəticəsində qəliblərə tökülərək əldə olunan külçələr sonradan qızdırılır və onlardan qaz üçün kürəvi latun kranlar istehsal olunur. Sonda istehsal olunan məhsul yəni latun kranlar üçün müvafiq uyğunluq sertifikatı alınır, (müvafiq sertifikat əlavə olunur) Müəssisə tərəfindən külçələr isə müstəqil bir məhsul kimi satışa buraxılmır. AR İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən tərtib olunan 03.08.2021-ci il tarixli MN №0004261 nömrəli İnzibati xəta haqqında protokolu qanunsuz hesab edib, inzibati xəta tərkibi olmadığına görə başlanmış icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi X7 eyni məzmunlu izahat verərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi X11 eyni məzmunlu izahat verərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən tərtib edilmiş 000045 nömrəli, 03 avqust 2021-ci il tarixli yoxlama aktından görünür ki, Xidmətin 000045 saylı, 30 iyul 2021-ci il tarixli plandankənar yoxlamanın aparılmasına dair qərarına və Ədliyyə Nazirliyinin yoxlamaların vahid məlumat reyestrindən yoxlama kodu KY ********* olan çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən Şəxs MMC-yə məxsus olan obyektdə keçirilən yoxlama zamanı qurğu və avadanlıqların sertifikatının olmadığı, metal tullantılarının sertifikatının olmadığı, radiasiya müayinəsi məqsədilə ölçmə vasitəsinin şəhadətnaməsinin olmadığı, digər ölçmə vasitələrinin (tərəzilərinin) tipinin təsdiq edilməsi haqqında sertifikatın olmadığı, xammal və satılan metal məmulatlarının sertifikatının olmadığı aşkar edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, həmin Məcəllənin 538.1-ci maddəsi ilə təqsirli bilinməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinə əsasən qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görəfiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 538.1-ci maddəsinə əsasən ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş və (və ya) yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılmasına və (və ya) ölçmələrin attestasiya edilməmiş ölçmə metodikaları (metodları) ilə yerinə yetirilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsi istehlakçıların hüquqlarının pozulması, yəni qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalı, satılması əməli qanun pozuntusu kimi nəzərdə tutulur. “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Uyğunluq sertifikatı – malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentin tələblərinə uyğunluğunu təsdiq edən müəyyən formalı sənəddir (1.1.8ci maddə); Sertifikatlaşdırma – uyğunluğu qiymətləndirən qurum tərəfindən malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının müvafiq texniki reqlamentlə müəyyən olunmuş tələblərə uyğunluğunun kağız üzərində yazılı və ya elektron formada təsdiqidir (1.1.12-ci maddə); Yalnız yüksək riskli mallar məcburi sertifikatlaşdırılır. Yüksək riskli malların sertifikatlaşdırılması təsərrüfat subyektinin sərbəst seçdiyi akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən quruma müraciəti əsasında həyata keçirilir və sertifikatlaşdırmanın müsbət nəticələri əsasında uyğunluq sertifikatı verilir (13.3-cü maddə). Yuxarıda sadalanan qanunvericilik aktlarından aydın olur ki, vətəndaşların həyatı, sağlamlığı və əmlakı, ətraf mühitin mühafizəsi üçün təhlükəsizlik tələblərinin müəyyən edildiyi mallar (işlər, xidmətlər) qüvvədə olan qanunvericiliyə əsasən məcburi sertifikasiyadan keçirilməlidir. İnzibati xətalar məcəlləsinin 447.0.4-cü maddəsi istehlakçıların hüquqlarının pozulması, yəni sertifikatlaşdırılmamış malların istehsalı, satılması, işlərin yerinə yetirilməsi, xidmətlərin göstərilməsi əməli qanun pozuntusu kimi nəzərdə tutulur. Hazırki iş üzrə isə qurğu və avadanlıqların və metal tullantılarının məcburi sertifikatlaşdırmalı məhsulların dairəsinə aid olması ilə bağlı hər hansı normativ hüquqi akta rast gəlinmir. “Əlvan və qara metal tullantılarının qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilməsi Qaydaları”nın və “Əlvan və qara metal tullantılarının əldə edilmə mənbəyinə dair Tələblər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 17 fevral 2021-ci il, 39 №-li Qərarı ilə təsdiq edilmiş Metal tullantılarının radiasiya təhlükəsizliyi baxımından müayinəsinin 6.8-ci bəndinə uyğun olaraq metal tullantılarının yekun radiasiya müayinəsi müvafiq ölçmələrin aparılmasına “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada akkreditasiya edilmiş metal tullantılarını qəbul edən sahibkarlıq subyektinin laboratoriyası və ya belə akkreditasiyası olan digər radiasiya nəzarəti laboratoriyası tərəfindən aparılır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasında məhsulun (proseslərin, xidmətlərin) məcburi və könüllü sertifikatlaşdırılmasının əsaslarını, bu sahədə dövlət idarəetmə orqanlarının, xüsusi səlahiyyət verilmiş orqanların, müxtəlif mülkiyyət formalı müəssisələrin, sahibkarların və sertifikatlaşdırma işləri üzrə digər iştirakçıların hüquq, vəzifə və məsuliyyətlərini müəyyənləşdirən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1 iyul tarixli, 343 nömrəli qərarı ilə təsdiq olunmuş Milli sertifikatlaşdırma sistemi haqqında Əsasnamə Azərbaycan Respublikası Baş Nazirinin 08 may 2021-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Göründüyü kimi, hazırda bu sahəni tənzimləyən normativ akt mövcud deyildir. Bununla yanaşı məhkəmə qeyd edir ki, səlahiyyətli orqan tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, həmin protokol qara metal tullantılarının uyğunluq sertifikatının olmadığına görə tərtib edilmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi “qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə” görə inzibati məsuliyyət tədbirinin tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi, qanunverici uyğunluq sertifikatının olmamasını deyil, məhz məcburi sertifikatlaşdırılmanın həyata keçirilməməsini inzibati xəta kimi tanıyaraq ona görə inzibati tənbeh tədbirinin tətbiq edilməsini nəzərdə tutmuş və nəzərə alınsa ki, məcburi sertikatlaşdırılmama özündə uyğunluq sertifikatının olmamasını ehtiva etmir və həmin anlayışlar eyni olmamaqla ayrı-ayrı mallara münasibətdə tam fərqli qaydaları nəzərdə tutur, belə olan halda MMC-nin əməlində AR İXM-nin 447.0.4-cü maddəsinin tərkibinin olmasından söhbət gedə bilməz. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda sadalanan qanunun tələbi və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Bundan başqa ünvan 1 ünvanda yerləşən obyektdə 03.08.2021-ci il tarixdə metal tullantılarının radiasiya müayinəsi məqsədi ilə istifadə olunan ölçmə vasitələrinin və digər ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamənin olmadığı, həmçinin, metal tullantıların radiasiya müayinəsi məqsədi ilə istifadə olunan ölçmə vasitələrinin və digər ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikat olmadığından Şəxs MMC İXM-nin 538.1-ci maddəsi ilə inzibati xəta törətməsi faktı aşkarlanmışdır. Belə ki, yuxarıda dispozitiv şərtləri göstərilən AR İXM-nin 538.1-ci maddəsinin məzmunundan görünür ki, dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş və (və ya) yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə etməklə aparılması və (və ya) ölçmələrin attestasiya edilməmiş ölçmə metodikaları (metodları) ilə yerinə yetirilməsi inzibati xəta hesab olunmaqla inzibati məsuliyyətə səbəb olur. Məhkəmə iclasında iştirak edən Şəxs nümayəndəsi X9 məhkəmə baxışı zamanı verdiyi izahatında və məhkəməyə yazılı şəkildə təqdim etdiyi etiraz ərizəsində radiasiya müayinəsi məqsədi ilə istifadə olunan ölçmə vasitəsinə 27 avqust 2021-ci il tarixdə, 001600 nömrəli kalibrləmə sertifikatının alınmasına istinad etsə də, həmin hala münasibətdə məhkəmə qeyd edir ki, müvafiq inzibati xətanın törədildiyi və aşkar edildiyi zaman radiasiya müayinəsi məqsədi ilə istifadə olunan ölçmə vasitələrinin qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğunluğunu təsdiq edən zəruri sənədlərin (şəhadətnamənin, sertifikatın) olmaması AR İXM-nin 538.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dəlalət edir və müvafiq inzibati xəta törədildikdən sonra radiasiya müayinəsi məqsədi ilə istifadə olunan ölçmə vasitələrinin və digər ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamənin, o cümlədən, metal tullantıların radiasiya müayinəsi məqsədi ilə istifadə olunan ölçmə vasitələrinin və digər ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikatın alınması geriyə şamil olunaraq inzibati xətanın törədilməsini aradan qaldıran hal kimi qiymətləndirilə bilməz. Belə ki, iş materiallarından görünür ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokol 03 avqust 2021-ci il tarixdə tərtib edilmiş, MMC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş “ölçmə vasitələrinin yoxlanılması haqqında” şəhadətnamə və radioloji müayinə aktı 24 avqust 2021-ci il tarixdə, “standart nümunənin və ya ölçmə vasitəsinin tipinin təsdiqi barədə” sertifikat 01 sentyabr 2021-ci il tarixdə alınmışdır. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə işin digər hallarını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata isə MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4cü maddəsi üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 3000 (üç min) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar