Məhkəmə qərarları › İş №3(005)-1758/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1758/2023

13.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1758/2023 13.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin vəkili Vəkil iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş xx.xx.2023-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC 21000.00 ABŞ dolları məbləğində vəsaiti 20 may 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 21000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 21 may 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin vəkili Vəkil izahatında bildirmişdir ki, Çin Xaiq Respublikasından dəmir məmulatı almaq ücün onların şirkəti CXR-nın "Hebei xiewei metal Material Sales co. İtd" şirkəti və "XİNGTAİ LİOU METAL MATERİAL SALES CO.LTD"şirkəti müqavilə imzalamışdır. Müqavilənin şərtinə görə onlar tərəfindən 79250 ABŞ dolları "Hebei xiewei metal Material Sales co. İtd" şirkətinə pul ödənilmişdir. "Hebei xiewei metal Material Sales co. İtd"şirkəti bu 5 ay keçməsinə baxmayaraq günə kimi nəzərdə tutulmuş malı şirkətə göndərmədiyinə görə ümumi məbləğdən 7625 dollar pulu şirkətə geri qaytarmışdır. Yerdə qalan 71625 dollar pulu isə bu günə kimi geri qaytarmaqdan hər vasitə ilə bəhanə gətirərək imtina edir. Məsələ ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi vasitəsilə Çin səfirliyinə müraciət edilmişdir. Hazırda aradırma davam etdirilir. Buna dair sənədləri məhkəməyə təqdim edir. Odur ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan "xxxx" ASC-nin 25 may 2023-cü il tarixli, 6-2/2-468/2023 nömrəli Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış məktubundan görünür ki, ödəniş aparıldığı gündən 2 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi (və ya qismən təqdim edən) sənədləri və ya idxal olunan xidmətlərin göstərlməsini təsdiq edən sənədləri banka təqdim etməyən (və ya qismən təqdim edən) müştərilərin ödəniş əməliyyatlarının siyahısında Şəxs MMC göstərilmişdir. İş materiallarında olan 21 yanvar 2021-ci il tarixli köçürmə ərizəsindən görünür ki, Şəxs MMC 21000.00 ABŞ dolları məbləğində pulun ölkə xaricinə köçürülməsi üçün "xxxx" QSC-yə müraciət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi xx.xx.2021-ci il tarixli, 7/15-552/15/21 nömrəli məktubundan görünür ki, ərizənizdə qaldırılan məsələyə aidiyyəti üzrə baxılması və müvafiq köməklik göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyinə müvafiq sorğu göndərilmişdir. Səfirlikdən əldə edilmiş məlumatlar aşağıdakılardır: Məsələ ilə bağlı səfirlik tərəfindən şirkətin Çindəki nümayəndəsi ilə əlaqə saxlanılmış və Azərbaycan və Çin şirkətləri arasında yaranmış mübahisəli məsələlərin həlli ilə bağlı fikir mübadiiəsi aparılmışdır. Məsələnin hüquqi müstəvidə həll olunması üçün səfirlik tərəfindən Çin Beynəlxalq Ticarətin .Təşviqi Şurasının (China Council for the Promotion of İnternational Trade (CCPİT)) Kommersiya Hüquqi Xidmət Mərkəzinə (Commercial Legal Service Centre) rəsmi şəkildə müraciət olunması təklif edilmişdir. Sözügedən Mərkəzin nümayəndəsi ilə aparılmış danışıqlar nəticəsində müəyyən olunmuşdur ki, Azərbaycan və Çin şirkətləri arasında yaranmış mübahisəli məsələlər yalnız hüquq çərçivəsində həll oluna bilər. Qeyd edilmişdir ki, Azərbaycan şirkəti adından hüquqi prosedurlarının həyata keçirilməsi üçün bu şirkət tərəfindən CCPİT-nin Kommersiya Hüquqi Xidmət Mərkəzi ilə müqavilə bağlanmalıdır. CCPİT-nin Kommersiya Hüquqi Xidmət Mərkəzi müqavilə bağladıqdan sonra Mərkəz ödənişsiz şəkildə (dövlət qurumu olduğu üçün) fəaliyyətə başlayacaqdır. Bundan əlavə, şikayətçi şirkət öz adından məktubla Çin şirkətinə rəsmi müraciət edəcək və Azərbaycan və Çin şirkətləri arasında imzalanmış müqavilədə əks olunmuş şərtlərə əməl edilməsinə çağıracaqdır. Çin şirkəti tərəfindən heç bir cavabın olmadığı təqdirdə, məsələ ilə bağlı məhkəməyə müraciət üçün Hüquq Mərkəzi tərəfindən müvafiq məktubun hazırlanması nəzərdə tutulur. Şikayətçi şirkətin məsələsi həll olunduğu təqdirdə, geri qaytarılacaq maliyyə vəsaitinin 15%-i Azərbaycan şirkətindən Kommersiya Hüquqi Xidmət Mərkəzi tərəfindən tutulacaqdır. Bununla əlaqədar, “LEON-A MMC” şirkətinin Çindəki nümayəndəsi bildirmişdir ki, şirkət CCPİT-nin Kommersiya Hüquqi Xidmət Mərkəzi tərəfindən işlərin davam etdirilməsinə dair ilkin razılıq vermiş və hazırda hüquqi prosedurların həyata keçirilməsinə başlamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.11-ci maddəsinə əsasən gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 45/1 nömrəli 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydarının 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 270 (iki yüz yetmiş) gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda (xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən) bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edir. 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X1 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndində nəzərdə tutulmuş “270 (iki yüz yetmiş)” sözləri “02 (iki) il” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.4-cü bəndinə görə Azərbaycan Respublikasına idxal olunan mallar və xidmətlər müdafiə və milli təhlükəsizlik ehtiyacları üçün nəzərdə tutulduqda və bu Qaydaların 4.3.1-ci yarımbəndində göstərilən köçürmələrin (avans ödənişləri daxil olmaqla) icrası üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi tapşırığı (qərarı, sərəncamı, müraciəti, dərkənarı) olduqda köçürmə əməliyyatları idxal müqaviləsi, gömrük bəyannaməsi və hər hansı digər sənəd tələb olunmadan icra edilir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə, Şəxs MMC ilə XİNGTAİ LİOU METAL MATERİAL SALE CO.,LTD” şirkəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən XİNGTAİ LİOU METAL MATERİAL SALE CO.,LTD” şirkəti tərəfindən öhdəliklərinə riayət edilməməsini, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xx.xx.2021-ci il tarixli məktubunu nəzərə alaraq Şəxs MMC-nin təqsirliliyi sübuta yetirilmədiyindən, barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 125,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhər Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar