Məhkəmə qərarları › İş №3(005)-1767/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1767/2021

19.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1767/2021 19.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 barəsində Bakı şəhər X4 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, 29 iyul 2021-ci il tarixli qərarın ləğv olunmasına dair şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2, barəsində Bakı şəhər X4 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, 29 iyul 2021-ci il tarixli qərarın ləğv olunmasına dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhər Baş polis idarəsinin X4 idarəsinin TP ******* nömrəli 29 iyul 2021-ci il tarixli qərarına əsasən o, İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə uyğun olaraq 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. Aşağıdakı əsaslara görə qəbul edilmiş qərarı əsassız və qanunsuz hesab etmişdir: İlk növbədə qeyd etmək lazımdır ki, inzibati xəta üzrə qərar verilməsi üçün Bakı şəhər BPİnin X4 idarəsi tərəfindən tərtib edilmiş 14.01.2021-ci il tarixli İXP3726795 saylı protokol cəza verilməsi üçün Nərimanov rayon məhkəməsinə göndərilmişdir. Lakin Nərimanov rayon məhkəməsinin 26.04.2021-ci il tarixli (iş 3(005)-926/2021) qərardadı ilə həmin protokol və ona əlavə edilmiş sənədlər natamam şəkildə tərtib olunduğundan geri qaytarılmışdır. Lakin protokolu tərtib etmiş orqan qeyd olunan səhvləri aradan qaldırmaq əvəzinə özü qərar verərək onu inzibati məsuliyyətə cəlb etmişdir. Bu cür qərar qəbul edilərkən ona məlumat verilməmiş və bununla da özünümüdafiə imkanları məhdudlaşmışdır. İnzibati xəta kimi dəyərləndirilən hadisəyə gəldikdə isə vurğulamaq istəyir ki, tərəfindən heç bir inzibati pozuntuya yol verilməmişdir. DYPİ-nin əməkdaşı tərəfindən onun sərxoş olaraq nəqliyyat vasitəsini idarə etməyi əsasını guya üfürmə yolu ilə müəyyən etməsi olmuşdur. Halbuki texniki göstəriciləri belə bəlli olmayan həmin cihazın nəticələri ona təqdim edilməmişdir. Bununla bağlı tərəfindən DİN rəhbərliyinə şikayətdə edilmişdir. Protokolda da qeyd olunduğu kimi tərəfindən polis əməkdaşına 13.01.2021-ci il tarixdə günorta saatlarında 44 günlük müharibədən qayıtdığını və 0,2 İ. pivə içdiyini bildirmişdir. Bu məlumatdan şövqlənən polis əməkdaşı onun artıq bir gündən sonra belə sərxoş olduğunu nəyin bahasına olursa olsun sübut etməyə çalışmışdır. Göründüyü kimi, BDYPİ Nərimanov rayon məhkəməsinin qərardadı ilə qanunvericiliyin tələbləri pozulmaqla tərtib edildiyindən geri qaytarılmış protokol əsasında qanunsuz olaraq ona heç bir araşdırma aparmadan cərimə yazılmışdır. Müəyyən olunduğu kimi, İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Odur ki, qeyd olunanlar onun hərəkətlərində İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibini yaratmadığını təsdiq edir. Bildirmək istəmişdir ki, o, mübahisələndirilən qərar barədə məlumatı nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi zamanı əldə etmişdir. Məlumatı əldə etdikdən sonra aidiyyəti üzrə Nərimanov rayon məhkəməsinə üz tutmuşdur. Lakin sonradan qərarın məhkəmə tərəfindən deyil məhz BDYİ tərəfindən çıxarıldığı müəyyən edilmişdir. Mübahisələndirilən qərar ona 10.08.2021-ci il tarixdə rəsmi qaydada təqdim edildiyinə görə tərəfindən şikayət vermə müddəti buraxılmamışdır. Yuxarıda şərh edilən işin hallarını, təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, habelə əsassız inzibati məsuliyyətə cəlb edilməsini və qeyd edilən Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini nəzərə alaraq, Bakı şəhər Baş polis idarəsinin X4 idarəsinin TP ******* nömrəli 29 iyul 2021-ci il tarixli qərarının ləğv edilməsinə və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2 şikayətin məzmununa uyğun çıxış edərək onun təmin edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilmiş Bakı şəhər X4 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan X1 barəsində Bakı şəhər X4 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, 29 iyul 2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X2 14 yanvar 2021-ci il tarixdə saat 11:00-da Keşlə bazarı yaxınlığında “Hyundai İX 35” minik markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobili alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Bununla da, X2 İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)- 926/2021 saylı, 26 aprel 2021-ci il tarixli qərardadından görünür ki, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılması qərara alınmışdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X1 barəsində inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri vəşəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X2 barəsində TP seriyalı ******* saylı, 29 iyul 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də, X2 Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, X1 barəsində Bakı şəhər X4 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, 29 iyul 2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş yenidən baxılması üçün Bakı şəhər X4 İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhər X4 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, 29 iyul 2021ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin. X2 barəsində Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsi ilə inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər X4 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar