Məhkəmə qərarları › İş №3(005)-1780/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1780/2022

03.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1780/2022 03.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci PŞ-nin polis sahə inspektoru Yusifkənan Cavid Mirsaleh oğlunun, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Məmmədov Araz Yəhya oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Paşayev Elnur Əli oğlunun iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Paşayev Elnur Əli oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov RPİnin 18-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına 03 iyun 2022-ci il tarixdə şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci PŞ-nin polis sahə rəisi Yusifkənan Cavid Mirsaleh oğlu tərəfindən Paşayev Elnur Əli oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunmuş MN seriyalı ******* nömrəli, 03 iyun 2022-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında həmin protokolda göstərilir ki, Paşayev Elnur Əli oğlu 02 iyun 2022-ci il tarixdə saat 19:15 radələrində Təbriz küçəsində yerləşən Nərimanov parkında ünvansız söyüşlər söyərək nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Paşayev Elnur Əli oğlu özünü Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 19:15 radələrində Nərimanov parkına gəlmişdir. Orada olanda polislərin tanışı ilə söhbət etdiyini görüb onlara yaxınlaşıb tanışını buraxmalarını xahiş etmişdir. Lakin polislər ona kənarda gözləməyini bildirmişlər. O da əsəbləşib polis ilə mübahisə etmişdir. Ancaq nalayiq ifadələr işlətməmişdir. Polislər onu 18-ci polis şöbəsinə aparmışlar. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Paşayev Elnur Əli oğlunun müdafiəçisi Məmmədov Araz Yəhya oğlu çıxış edərək Paşayev Elnur Əli oğlunun barəsində daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin PPXBnün polis nəfəri polis serjantı Kazımov Sahib Rasim oğlu izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 19:15 radələrində Təbriz küçəsi 102 ünvanında yerləşən Nərimanov parkında xidmətdə olan zaman bir nəfər vətəndaş ilə profilaktik söhbətlər aparırlarmış. Həmin vaxt kənardan bir nəfər şəxs onlara yaxınlaşıb söhbətlərinə müdaxilə etmiş, uca səs ilə danışıb nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar həmin şəxsdən işlərinə müdaxilə etməməyi xahiş etsələr də o, parkda olan vətəndaşların yanında kobud danışaraq dəfələrlə ünvansız söyüşlər söymüşdür. Bu səbəbdən də onu 18-ci polis şöbəsinə dəvət etmişlər. Şöbədə olan zaman həmin şəxsin vətəndaş Paşayev Elnur Əli oğlu olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə müəyyən olundu: Nərimanov RPİ-nin 18-ci PŞ-nin rəisi Bayram Alıyevin adına Nərimanov RPİ-nin PPXB-nün polis nəfərləri Sahib Kazımov və İlkin Əlizadə tərəfindən yazılmış 02 iyun 2022ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 19:15 radələrində Təbriz küçəsi 102 ünvanında yerləşən Nərimanov parkında xidmətdə olan zaman bir nəfər vətəndaş ilə profilaktik söhbətlər aparan zaman kənardan bir nəfər şəxs onlara yaxınlaşıb müdaxilə edərək uca səs ilə danışıb nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar işlərinə müdaxilə etməməyi xahiş edtmişlər. Lakin o, parkda olan vətəndaşların yanında kobud danışaraq dəfələrlə ünvansız söyüşlər söymüşdür. Onlar da onu 18-ci polis şöbəsinə dəvət etmişlər. Şöbədə olan zaman vətəndaş Paşayev Elnur əli oğlu olduğu müəyyən edilmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq tədbir görülməsi üçün göstəriş verilməsini xahiş etmişlər. “İnzibati qaydada tutma haqqında” AZA seriyalı 02 iyun 2022-ci tarixli protokoldan görünür ki, Paşayev Elnur Əli oğlu 02 iyun 2022-ci il tarixdə saat 20:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət vəənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Paşayev Elnur Əli oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Paşayev Elnur Əli oğlunun şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Paşayev Elnur Əli oğluna Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, müdafiəçi Məmmədov Araz Yəhya oğlu 03 iyun 2022-ci il tarixdə keçirilmiş 1 məhkəmə iclasında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Paşayev Elnur Əli oğlunun müdafiəsi üçün 5 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Paşayev Elnur Əli oğluna göstərilmiş hüquqi xidmətə görə “A.İ.M” Vəkil Bürosunun vəkili Məmmədov Araz Yəhya oğluna məhkəmədə iştirak etdiyi 5 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Paşayev Elnur Əli oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 50 (yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Paşayev Elnur Əli oğlu dərhal məhkəmə iclas zalından azad edilsin. “A.İ.M” Vəkil Bürosunun vəkili Məmmədov Araz Yəhya oğlu tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Paşayev Elnur Əli oğlunun hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 30 (otuz) məbləğində vəsait dövlət büdcəsindən tutularaq “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar