Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1780/2023 20.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 447.0.9-cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş MN seriyalı ******* nömrəli, 23 may 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, vətəndaş Gülşən Mehdiyeva xx.xx.2023-cü il tarixdə saat 11:00-da “Pandakids” mağazası tərəfindən təqdim edilmiş satış çekində istehlakçı hüquqlarını məhdudlaşdıran şərtin mövcudluğu aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək "xxxx" MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 447.0.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan “Panda Kids” mağazasının rəhbərliyinə ünvanlanmış “Vətəndaş müraciəti haqqında” xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, vətəndaş Gülşən Mehdiyevanın (***-***-**-**) müraciətlərinə (daxilolma qeydiyyatları: 3-21/3-5- 15594/2023, 11,04.2023-cü il və 3-21-1/1-M-2xx/xx/2023, xx.xx.2023-cü il) İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində aidiyyəti üzrə baxılır. X2 bacısının xx.xx.2023-cü il tarixində “Panda Kids” adlı mağazadan kartla ödəniş edərək 50 manat dəyərində uşaq paltarı aldığını və məhsulu ona hədiyyə etdiyini, lakin geyimin ölçüsü uyğun olmadığı üçün 11,04.2023-cü il tarixində onu dəyişdirmək, bu mümkün olmadıqda isə qaytarmaq 'üçün mağazaya müraciət etsə də, məhsulun endirimlə alındığı əsas gətirilməklə yalnız 1 həftə ərzində dəyişdirilib-qaytarılmasının mümkün olduğu barədə ona məlumat verildiyini bildirərək, istehlakçı hüquqlarının qorunmasına köməklik göstərilməsini xahiş etmişdir. Bununla əlaqədar bildiririk ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, fasonuna, ölçüsünə, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə istehlakçının malın alınma günü sayılmamaq şərti ilə 14 gün ərzində həmin malı uyğun mala dəyişdirmək hüququna malikdir. İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər. Malı dəyişdirmə anında satışda uyğun mal yoxdursa istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək hüququ vardır. Qeyd olunanlarla əlaqədar, istehlakçının şikayətinin əsaslarını nəzərə alaraq “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.9-cu maddəsinin tələblərini rəhbər tutaraq qaldırılan məsələyə zərurət yarandığı təqdirdə vətəndaşın iştirakı ilə baxıb, qanunamüvafıq tədbirlərin görülməsini və nəticəsi barədə məlumatın beş iş günündən gec olmayaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edilməsini xahiş edilir. İş materiallarında olan "xxxx" MMC-nin direktoru X4 tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanlanan məktubun surətindən görünür ki, həqiqətən xx.xx.2023-cü il tarixində adını bilmədiyi şəxs Bakı şəhəri, N.Nərimanov rayonu, Təbriz 98 ünvanında yerləşən “Panda Kids” mağazasından 2 ədəd 50 manat dəyərində endirimli uşaq mallarını kart vasitəsi ilə ödəniş edərək almışdır. xx.xx.2023-cü il tarixində mağazaya gələn Gülşən Mehdiyeva adlı şəxs bildirdi ki, uşaq mallarını bacısı ona hədiyyə almışdır. Alınan uşaq mallarından birini geri qaytarmaq istədiyini bildirmiş, səbəb olaraq da malı bəyənmədiyini demişdir. Baxmayaraq ki, malları alan şəxs Gülşən Mehdiyeva deyil, bacısıdır. Yuxarıda qeyd etdiyi kimi malların dəyəri digər şəxs tərəfindən kart vasitəsi ilə alınmasına baxmayaraq, müştəri Gülşən Mehdiyeva, üzərində ödəniş kartının olmamasına rəğmən, israrla məbləğin ona nağd şəkildə geri qaytarılmasını tələb etmişdir. Hərçənd ki, onlar “Panda Kids” mağazası olaraq məsuliyyəti Gülşən Mehdiyeva qarşısında deyil, alan şəxs qarşısında daşıyırıq. Xəzinədar, məbləğin nağd şəkildə geri qaytarılmasının mümkün olmadığını müştəriyə bildirmiş, qaydalara uyğun olaraq həmin məbləğin yalnız kart vasitəsi ilə geri qaytarılmasının mümkün olduğunu demiş və məhsulun dəyişdirilməsini təklif etmişdir. Bununla razılaşmayan Gülşən Mehdiyeva dava edərək xəzinədarı təhqir etmişdir. Təhqirdən sonra xəzinədar, digər əməkdaşı bu məsələylə bağlı köməklik göstərilməsi üçün məlumat vermişdir. Bundan sonra digər əməkdaşı xoş, gülərüzlə qaydaları müştəri Gülşən Mehdiyevaya bir daha izah etmişdir. Lakin, müştəri söhbəti uzatdığı üçün əməkdaşı ona jest edərək müştəri məmnuniyyəti üçün malları nağd qaytaracağını bildirmişdir. Hərçənd ki, malları alan şəxs bacısıdır, alış-veriş kartı da Gülşən Mehdiyevaya deyil, bacısına məxsusdur. Bu sözdən sonra daha da əsəbləşən Gülşən Mehdiyeva özünü jurnalist kimi təqdim edərək hədə-qorxu gəlməyə-başlamış və ona heç kim jest edə bilməz deyərək onları şikayət edəcəyini bildirmişdir. Sübut olaraq kamera görüntülərini təqdim edə bilərlər. Hadisənin üzərindən 3 həftə keçməsinə baxmayaraq, bugün də malların dəyərini kart vasitəsi ilə alan şəxsə geri qaytarmağa hazırıq. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 623.1-ci maddəsinə əsasən, əgər satıcı tərəfindən daha uzun müddət elan edilməyibsə, alıcı qeyri-ərzaq malının ona verildiyi andan on dörd gün ərzində aldığı malı alış yerində və satıcının elan etdiyi digər yerlərdə başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Bu zaman qiymətdə fərq olduqda satıcı ilə lazımi hesablaşma aparılır. Satıcıda dəyişdirilmək üçün zəruri mal olmadıqda alıcı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi pul məbləğini geri ala bilər. Həmin Məcəllənin 623.2-cü maddəsinə əsasən, alıcının malın dəyişdirilməsi və ya qaytarılması haqqında tələbi bu şərtlə ödənilməlidir ki, mal işlədilmiş olmasın, istehlak xassələri qorunub saxtansvı və həmin satıcıdan alındığına dair sübutlar olsun. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” AR Qanununun 15-ci maddəsinə əsasən “Lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır.” “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 94 nömrəli Qərarı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydalarfmn 5.51-ci bəndinə əsasən, satıcıda dəyişdirilmək üçün uyğun mal olmadıqda, istehlakçı əldə etdiyi malı satıcıya qaytara, mal üçün ödədiyi pulu geri ala və ya analoji mal ticarət obyektinə daxil olan kimi dəyişdirə bilər. Satıcı dəyişdirilməsi tələb olunan qeyri-ərzaq malının satışa daxil olması haqqında istehlakçını məlumatlandırmalıdır. Mal işlədilməmişdirsə, onun istehlak xassələri, əmtəə görünüşü, plombu, yarlığı qorunub saxlanılmışdırsa və həmin satıcıdan alındığına dair sübutlar vardırsa, istehlakçının malın dəyişdirilməsi və ya qaytarılması tələbi ödənilir. Beləliklə, qeyd edilənlərdən aydın olur ki, inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas vətəndaş Gülşən Mehdiyevanın təqdim etdiyi № 282413 nömrəli qəbzdə qeyd olunan “Alınmış mallar qablaşdırılması pozulmadan çeklə birgə 14 gün ərzində yalnız dəyişdirilə bilər” ifadəsi olmuşdur. İnzibati xəta haqqında iş üzrə aparan orqan həmin müddəanı qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərt kimi qiymətləndirmişdir. Qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarından aydın olur ki, malı dəyişdirmə anında satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək, ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir. Yəni, satıcıda dəyişdirilmək üçün uyğun mal olmadıqda, istehlakçı əldə etdiyi malı satıcıya qaytara, mal üçün ödədiyi pulu geri ala və ya analoji mal ticarət obyektinə daxil olan kimi dəyişdirə bilər. Başqa sözlə, istehlakçının əldə etdiyi malı satıcıya qaytarmaq və mal üçün ödədiyi pulu geri almaq hüququ o zaman yaranır ki, satıcıda dəyişdirilmək üçün müvafiq mal olmasın. Belə olan halda, qəbzdə göstərilən “Alınmış mallar qablaşdırılması pozulmadan çeklə birgə 14 gün ərzində yalnız dəyişdirilə bilər” ifadəsi istehlakçının hüquqlarını o zaman məhdudlaşdıra bilər ki, onun həmin malı qaytarmaq və ödədiyi məbləği geri almaq hüququ mövcud olmuş olsun. Bu isə o zaman mümkündür ki, malın alış yerində və satıcının elan etdiyi digər yerlərdə başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mal olmamış olsun. İstehlakçının belə hüququnun mövcudluğunu təsdiq edən, yəni satıcıda müvafiq oxşar malın olmadığını təsdiq edən hər hansı sübut isə hazırki halda məhkəməyə təqdim edilməmişdir. Başqa sözlə desək, qəbzdə göstərilən “Alınmış mallar qablaşdırılması pozulmadan çeklə birgə 14 gün ərzində yalnız dəyişdirilə bilər” ifadəsinin məhdudlaşdırıcı şərt kimi səciyyələndirilə bilməsi üçün iddia edilən subyektiv hüququn faktiki olaraq mövcudluğu ilk növbədə təsdiq edilməlidir ki, hazırda səlahiyyətli orqan tərəfindən qeyd edilən hala dair təsdiqedici hər hansı sübut (akt və s.) təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən qanunvericiliyin tələblərinin pozulması kimi hərəkətlər edilmədiyindən onun İXM-in 447.0.9-cu maddəsi ilə inzibati məsuliyyəti istisna edilir. Bu baxımdan "xxxx" MMC-nin hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Bu səbəbdən "xxxx" MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 23 may 2023-cü il tarixli inzibati xəta haqqında protokola dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1780/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1780/2023
20.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver