Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1783/2024 08.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi – X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X2 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.1-ci maddəsi ilə MN ******* nömrəli, 23 may 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, 16 və 23 aprel 2024-cü il tarixində alüminium profillər istehsalı ilə məşğul olan Şəxs MMC-nin fəaliyyəti zamanı atmosferə atılan zərərli maddələrin qarşısının alınması məqsədilə qaz-toz təmizləyici qurğunun olmaması və ya təmin edilməməsi aşkarlanmışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 məhkəmə iclasında protokolda göstərilənlərə uyğun izahat verərək inzibati xəta törətmiş şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Şəxs MMC tərəfindən monitorinqin keçirilməsinə şərait yaradılmamışdır. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, bəzi hallarda inspektorlar şübhəli olan hallarda reyestrdən çıxarış almadan gedirlər, baxış keçirmək üçün Şəxs MMC-yə əməkdaşlar yoxlama məqsədilə getməyiblər. Baxış keçirilən zaman polis əməkdaşı da olub ki, imza çəkib. Əməkdaşlar tərəfindən müşahidə aparılmış, sonra ölçmə aparılması məqsədi ilə monitorinq əməkdaşları dəvət olunmuşdur. Bundan başqa digər zəruri sənədlər tərəflərindən iş materiallarına əlavə edilmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, monitorinq vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X5 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, onların şirkəti alüminium profillərin istehsalı ilə məşğul olmurlar. Onların istehsal sahəsi başqadır. Ümumiyyətlə Ekologiya Nazirliyi tərəfindən monitorinqin keçirilməsi ilə bağlı Ədliyyə Nazirliyindən çıxarış alınmamışdır. Çıxarış alınmadan monitorinqin aparılması qanunsuzdur. Sonda hüquqi şəxsin barəsində iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 16 aprel 2024-cü il tarixli, 149 nömrəli monitorinq aktından görünür ki, “Ətraf mühitin mühafizəsi haqqında” Atmosfer havasının mühafizəsi haqqında” “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanunlarının tələbləri pozulmuşdur. Belə ki, ölkə ərazisində ətraf mühitlə bağlı keçirilməsi nəzərdə tutulmuş “COP29” tədbiri ilə əlaqədar müəssisələrdəki ekoloji tələblərə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə Nərimanov rayonu, Böyükşor şossesi, məhəllə 2062 ünvanında alüminium profillər istehsalı fəaliyyəti ilə məşğul olan Şəxs MMC-nin ərazisində MMC-nin dorektoru X2 iştirakı ilə araşdırma aparılmışdır. Əraziyə keçirilən baxış zamanı müəssisənin ərazisində istehsal prosesi zamanı formalaşan tullantıların emalı yerində yığılma yerində və alüminium profilləri istehsalı yerində atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması məqsədi ilə qaz-toz tutucu qurğunun quraşdırılmadığı məlum olmuş, həmçinin vizual baxış zamanı istehsal prosesi zamanı tozlanmanın olduğu müşahidə edilmişdir. Baxış zamanı ərazidə çəkilən fotoşəkillər, əldə olunan sənədlər monitorinq aktına əlavə edilmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam və obyektiv nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 237.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 16 aprel 2024-cü il tarixli, 149/xx.xx.2024 nömrəli monitorinq aktının surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor şosesi, məhəllə 2062 ünvanında fəaliyyət göstərən Şəxs MMC-də monitorinq aparılmış və müəssisənin ərazisində istehsal prosesi zamanı formalaşan tullantıların emalı yerində yığılma yerində və alüminium profilləri istehsalı yerində atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması məqsədilə qaz-toz tutucu qurğunun quraşdırılmadığı məlum olmuşdur. Lakin, aktın özündə nəzərdə tutulmasına baxmayaraq, akt tərtib olunarkən müəssisənin (obyektin) nümayəndəsinin iştirakı təmin olunmamış və onlar tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 237.1-ci maddəsinə əsasən yol verilə bilən son hədlərin normativləri səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdirilməsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqla təmin edilməyən, yaxud təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadan müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsinə görə- vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə ilk öncə qeyd edir ki, inzibati xəta haqqında material araşdırılarkən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor şosesi, məhəllə 2062 ünvanında fəaliyyət göstərən Şəxs MMC-də monitorinq, müayinə və baxış keçirəcəkləri barədə məlumatın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrində qeydiyyata alınmasını təsdiq edən hər hansı bir sənəd aşkar edilməmiş, həmçinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi də məhkəmə iclasında izahat verərkən monitorinqin vahid məlumat reyestrində qeydə alınmadan aparılmasını təsdiq etmişdir. Halbuki, «Sahibkarliq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər» haqqında Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il tarixli Fərmanına əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestri) reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. “Sahibkarliq sahəsində aparılan yoxlamalarin tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi” haqqında Azərbaycan Respublikası 02 iyul 2013-cü il tarixli, 714- İVQ nömrəli Qanununun 2-ci maddəsinin 2.1-ci bəndinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3-cü maddəsinin 3.2-ci bəndinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinin 1-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları bu Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirirlər. Məhkəmə iclasında müəyyən edildi ki, 16 və 23 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri kobud şəkildə pozularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vahid məlumat reyestrinin çıxarışı olmadan, hüquqi nəticəsi olmayan monitorinq həyata keçirilmiş və nəticədə müvafiq akt tərtib etmişlər. Nəticədə həmin sözü gedən aktın əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 23 may 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli əsassız protokol tərtib edilmişdir. Bununla da, həmin protokol və akt qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməklə tərtib edildiyindən Şəxs MMC-nin təqsirliliyinin sübuta yetirilməsində ümumiyyətlə istifadə edilə bilməzlər. Eyni zamanda, məhkəməyə daxil olmuş inzibati materiala 16 aprel 2024-cü il tarixli, 149/xx.xx.2024 nömrəli akt və 23 may 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol istisna olmaqla Şəxs əməlində inzibati xəta tərkibinin olmasını təsdiq edən heç bir mötəbər sübut əlavə edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati icraat zamanı səlahiyyətli şəxs tərəfindən iş üzrə ətraflı araşdırılma aparılmamış, inzibati xəta haqqında protokol tərtib olunarkən MMC-nin nümayəndəsinə məlumat verilməmiş, öz izahatını vermək və qeydlərini aparmaq şəraiti yaradılmamış, yalnız səthi aparılmış araşdırmalar nəticəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə tərtib edilmiş inzibati xəta haqqında protokolun surəti təqdim edilməmiş, hüquqi şəxsin nümayəndəsinin izahat verməkdən imtina etməsi göstərilsə də, bu halı təsdiq edəcək müvafiq akt və ya digər sənəd inzibati xəta haqqında materiala əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir; protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar inzibati xəta haqqında protokolda göstərilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Hazırki iş üzrə isə səlahiyyətli şəxs tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs MMC-nin təqsirliliyinin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyindən həmin MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş inzibatı məsuliyyətdən azad edilməli və onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq. QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş inzibatı məsuliyyətdən azad edilsin və onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-1783/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1783/2024
08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver