Məhkəmə qərarları › İş №3(005)-1783/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1783/2025

19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1783/2025 19.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi ilə, X1 Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş EPQ seriyalı ******* nömrəli, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş EPQ seriyalı ******* nömrəli, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X2 28 oktyabr 2021-ci il tarixdə EXP seriyalı ******* nömrəli elektron protokola əsasən qəbul edilmiş EPQ ******* saylı qərara əsasən 200 manat məbləğində cərimə olunmuşdur. Hesab edir ki, həmin qərar aşağıdakılara görə qanunsuz və əsassızdır. Belə ki, Nərimanov rayonu ərazisində ictimai nəqliyyat vasitəsində olan zaman 1 nəfər polis əməkdaşı mənə yaxınlaşaraq maskadan istifadə etdiyi halda düzgün istifadə etmədiyini bildirmişdir. (Guya maska taxan zaman maska burun nahiyyəsini tam əhatə etməyib). Ona bildirmişdir ki, hal-hazırda maskadan istifadə edir və ondan düzgün istifadə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinentinin 29 may 2020-ci il tarixli 189 nömrəli “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə" qərarı və 19 noyabr 2021-ci il tarixli 451 nömrəli “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında” qərarda qeyd olunan normalara hansı qaydada da riayət etmədiyini ona sübut etməsini istəmişdir. Heç bir sübut göstərmədən barəsində elektron protokol tərtib edilərək cərimə olunmuşdur. Qeyd etdiyi halların davamı olaraq bildirir ki, polis əməkdaşı inzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş protokolun tərtib edilmə prosedurunu (yerini, vaxtını, şəraitini və gedişatını və s.) qanunazidd olaraq həyata keçirmişdir. Ona hüquqları izah edilməmiş, barəsində icraat aparılakən o, dəvət olunmamış, etirazı, vəsatəti, hər hansı sübutları olub-olmaması araşdırılmadan qərar qəbul edilmişdir. Polis əməkdaşı inzibati xəta haqqında protokolun bir nüsxəsini barəsində protokol tərtib etmiş şəxs təqdim etməli olduğu təqdirdə təqdim etməmiş, barəsində protokol tərtib edilmiş şəxsi işə baxılıb qərar qəbul edilən zaman dəvət etməli və onun protokolla bağlı araşdırmada iştirakını təmin etməli olduğu halda təmin etməmişdir. Bununla bağlı rəsmi qaydada məktub göndərilməli və ya ən azından telefon vasitəsi ilə məlumat verilməli idi. Hesab edir xx.xx.2021-ci il tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilən xx.xx.2021-ci il tarixli, EPQ ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, şikayət vermiş şəxs və inzibati xəta haqqında qərar qəbul etmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə İXM-in 133.2.4-cü maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş EPQ seriyalı ******* nömrəli, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 İXM-nin 211.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və 200 manat məbləğində cərimə edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli X1 İXM-nin 211.3-cü maddəsi ilə təqsirli bilinərək 200 manat cəcərimə olunmasına dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş EPQ seriyalı ******* nömrəli, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2020-ci il tarixli, 189 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə sosial məsafə gözlənilməli (insanlar arası məsafə 1,5-2 metr), tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) (tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə) istifadə edilməlidir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, inzibati orqan heç bir araşdırma aparmadan barəsində inzibati xəta haqqında protokol tərtib etmiş və xx.xx.2021-ci il tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qəbul edərək onun hüquqlarını pozmuşdur. Belə ki, İXM-in 211.3-cü maddəsinə əsasən bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə - fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. İXM-in 211.3-cü maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir Beləliklə, məhkəmə iclasında xüsusi karantin rejimi çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması, həmçinin əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədi ilə tətbiq edilən tələblərin X2 tərəfindən pozulması halı müəyyən olunmamışdır. Sadalananları nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-nin tələblərini işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozmuş, X1 barəsində hər hansı sübut olmadan İXM-nin 211.3-cü maddəsilə inzibati tənbeh vermə haqqında qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Təqdim olunmuş sənədlər əsasında X1 İXM-in 211.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olmasının, ümumiyyətlə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması ilə bağlı hansı hərəkətə yol verməsinin müəyyən edilməsi mümkün deyil və bu səbəbdən o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in 8-ci maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, eyni zamanda inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan şəxsin təqsirli olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olduğu halda X2 tərəfindən İXM-nin 211.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədib törətməməsini müəyyən etmək mümkün deyil. Qanunvericiliyin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələrin onun xeyrinə həll olunduğunu nəzərə alaraq, məhkəmə X1 təqsirliliyi sübuta yetmədiyindən şikayətin təmin edilməsini, yəni Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş EPQ seriyalı ******* nömrəli, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini qanuni və əsaslı hesab edir. Belə ki, İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 134.1, 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1, 135.1.5-1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsaslardan biri də bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunmasıdır. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş EPQ seriyalı ******* nömrəli, xx.xx.2021-ci il tarixli qərarından verdiyi şikayət təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş EPQ seriyalı ******* nömrəli, xx.xx.2021-ci il tarixli qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar