Məhkəmə qərarları › İş №3(005)-1786/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1786/2020

18.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1786/2020 18.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Babayev Eldar Hafiz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini Baş X1 İdarəsinin KSPSM və MDQMİ-nin əməliyyat müvəkkili, polis baş leytenantı X2, Müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Beyləqan rayonunun Aşağı Çəmənli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini Baş X1 İdarəsindən daxil olmuş xx xxxxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs oğlu müxtəlif vaxtlarda vətəndaşları işə düzəltmək adı ilə aldadıb pullarını ələ keçirmişdir. Bununla da, Şəxs oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini Baş X1 İdarəsinin KSPSM və MDQMİ-nin əməliyyat müvəkkili, polis baş leytenantı X4 protokola uyğun çıxış edərək bildirmişdir ki, X6 və qeyriləri DİN-in Baş X1 İdarəsinə ərizə ilə müraciət edərək göstərmişlər ki, “Tap.az” saytında aylıq 800 və 900 manat əmək haqqı nəzərdə tutulan işlərə, yeyinti qida məhsullarının qablaşdırılması, paketlənməsi, mühafizə, sürücü, aşbaz və sair vakansiyalara işçi qəbulu elan görüb saytda göstərilən nömrə ilə əlaqə saxlamış, zəngə cavab verən şəxs CV göndərilməsini tələb etməklə, sonradan həmin nömrədən “sizi təbrik edirik, siz seçilmişiniz” adlı sms göndərilmişdir. Daha sonra isə müxtəlif adlarla, əsasən də tibbi müayinədən keçmək adı ilə göndərilən hesaba 35-55 AZN həcmində pulun ödənilməsi tələb olunmuşdur. Pul vəsaiti ödənildikdən sonra isə telefon nömrəsi söndürülmüş və ya zənglərə cavab verilməmişdir ki, ərizəçilər aldadıldıqlarını və vəsaitlərinin ələ keçirildiklərini bilmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçilərinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1 -ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Hazırki material üzrə ərizəçilərə və ya şikayətçilərə vurulmuş maddi ziyanın məbləği yüz manatdan aşağı olan məbləğdədir. Şəxs dələduzluq yolu ilə pul vəsaitlərini ələ keçirdiyi şəxslərin hər biri üzrə vurulmuş maddi ziyan müstəqil hesablanmalı olduğundan, onların hərəkətlərində Məcəllənin 178-ci madddəsinin tərkib əlamətləri müəyyən olunmur. Mövcud qanunvericilk şəxslərə vurulmuş maddi ziyanların hesablanması qaydasında deyil, hər birinə müstəqil qaydada ittihamın verilməsini müəyyən etdiyindən vurulmuş maddi ziyan hər bir ərizəyə münasibətdə müstəqil qaydada hesablanmalıdır. Belə olduğu şəraitdə yenə də qeyd edilməlidir ki, məbləğ yüz manatdan artıq deyildir. Bu səbəblə də vətəndaş Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Daha sonra törədilmiş xırda talama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, sonuncu barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs oğlu məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək bildirmişdir ki, o, tanışı Firdovsi Hüseynov adlı şəxslə və tanış olduğu Aybəniz adlı xanımla kirayədə yaşayır. O, 2020-ci ilin may ayında Səməd adlı bir şəxslə tanış olmuşdur. Səmədin başqa-başqa şəxslərdən işə düzəltmək adı ilə pul aldığını biləndən sonra o da bu yolla başqa-başqa şəxslərdən işə düzəltmək adı ilə qazanc əldə etmək istəmişdir. O, bunun üçün bir neçə nömrələr alaraq həmin nömrələri “Watsap business” sosial şəbəkəsindən qeydiyyatdan keçirib həmin sosial şəbəkədə “AZ .Export” və “tab qida” şirkətləri adından saxta işə düzəltmə elanları hazırlamış və “Tab.az” saytında yerləşdirmişdir. Həmin elanlar əsasında o, ona müraciət edən müxtəlif şəxslərdən 35 manat dəyərində pulu öz adına olmayan kart hesabına köçürülməsini işə düzəltmək adı altında təmin edirmiş. Son olaraq əməlindən səmimi peşmanlıq çəkdiyini qeyd edib barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışı tədqiq olunmuş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İnzibati qaydada tutma haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 18:10-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə cinayət işinin rədd edilməsi haqqında qərarı və inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi nəzərə alınaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməli, həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı andan, yəni xx xxxxxxxx 2020-ci il tarixdən, saat 18:10-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 02 (iki) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən, saat 18:10-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar