Məhkəmə qərarları › İş №3(005)-1787/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1787/2021

01.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1787/2021 01.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi Zeynalova Günel Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı Nəqliyyat Agentliyindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Nəqliyyat Agentliyi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair MN seriyalı ******* nömrəli, 11 avqust 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməy göndərmişdir. Səlahiyyətli orqanın tərtib etdiyi MN seriyalı ******* nömrəli, 11 avqust 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Nərimanov rayonu, Mirəli Qaşqay və Möhsün Sənani küçəsi kəsişməsində aparılan tikintinin podratçısı Şəxs qanunsuz olaraq bilavasitə səkiyə və yolun hərəkət hissəsinə tikinti və digər materiallar yığmışdır. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X2 məhkəmə iclasında çıxış edərək tərtib edilmiş protokolun məzmununa uyğun surətdə çıxış edib hüquqi şəxsin barəsində qanunamüvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Buna görə də məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, səkiyə və yolun hərəkət hissəsində tikinti və digər materiallar yığılmışdır. Azərbaycan Respublikasının Tikinti və Şəhərsalma Məcəlləsinin: 85.1-ci maddəsinin əsasən tikinti meydançasının təşkilində məqsəd tikinti işlərinin təhlükəsizlik tələblərinə, eləcə də şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən olunmuş digər tələblərə uyğun aparılmasını təmin etməkdən ibarətdir. 85.3-cü maddəsinə əsasən tikinti zamanı üçüncü şəxslərə ziyan vurulmasının qarşısını almaq məqsədilə tikinti meydançası tikinti işlərinə başlamazdan əvvəl hasara alınmalı (reklam qurğularının tikintisi zamanı istisna olmaqla) və müvafiq xəbərdarlıq nişanları quraşdırılmalıdır. Hasarlar tikinti işlərinin aparılması zamanı tikinti materiallarının və məmulatının tikinti meydançasından kənara düşməsinin qarşısını ala bilməli və işıqlandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 354.0.1-ci maddəsinə əsasən yolun hərəkət hissəsində və ya səkilərdə materialların yığılması və predmetlərin saxlanılmasına (səkilərdə materialların və ya predmetlərin saxlanılması nəticəsində yaranmış məhdudiyyətlərin piyadaların gediş-gəlişi üçün yolun hərəkət hissəsindən istifadə etməsinə səbəb olmadığı hallar istisna olmaqla), yol hərəkətinin təhlükəsizliyinə mane olan şərait yaradılmasına və yolların hərəkət hissəsində, habelə yolların, yol qurğularının tikintisi və təmiri ilə əlaqədar olmayan yüklərin yüklənməsinə və ya boşaldılmasına görə fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC hüquqi şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.1-ci maddəsinin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31,40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 3000 (üç min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar